AMEA Naxçıvan Bölməsi və muxtar respublikanın ali təhsil müəssisələrinin birgə təşkilatçılığı ilə “Əbədiyaşar lider” mövzusunda elmi konfrans keçirilib.
Konfransı giriş sözü ilə açan AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev ulu öndər Heydər Əliyevin həyatı və yorulmaz fəaliyyəti haqqında qısa məlumat verib. Bildirib ki, Heydər Əliyev parlaq zəkası, üstün idarəçilik qabiliyyəti, uzaqgörənlik və bir çox mühüm liderlik məziyyətləri ilə dünya siyasət tarixində seçilən dövlət xadimidir. Azərbaycana rəhbərliyinin hər iki dövrü, eləcə də fəaliyyətinin Moskva dövrü uzaqgörən müdrik siyasəti ilə əlamətdardır.
Qeyd edilib ki, dünya azərbaycanlılarının vahid ideologiya ətrafında birləşdirilməsi, Azərbaycan dilinin dövlət dili kimi qəbul olunması, milli-mənəvi dəyərlərin qorunması istiqamətində atılan uzaqgörən addımlar dahi rəhbərin reallaşdırdığı tarixi xidmətlərin bir hissəsidir. Tarixən Azərbaycan xalqına qarşı həyata keçirilmiş soyqırımı və deportasiya siyasətinə ilk hüquqi qiymətin verilməsi də ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır.
Vurğulanıb ki, dahi şəxsiyyətin siyasi kursu onun siyasi davamçısı, ölkə başçısı cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycanın qədəm qoyduğu inkişaf erası, 44 günlük Vətən müharibəsi nəticəsində hərb və siyasət meydanında qazanılan uğurlar həmin amalın müvəffəq davamıdır.
Bölmənin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun baş direktoru, AMEA-nın müxbir üzvü Fəxrəddin Səfərli konfransda “Ümummilli lider Heydər Əliyev müstəqil Azərbaycan dövlətinin qurucusu və banisidir” mövzusunda məruzə edib.
Ulu öndərin fəaliyyətinin bütün dövrləri haqqında ətraflı məlumat verən məruzəçi bildirib ki, daim müstəqil Azərbaycan arzusu ilə yaşayan dahi rəhbər hələ sovet hakimiyyəti dönəmində həyata keçirdiyi işlərlə bu ali məqsədə xidmət etmişdir. O, ötən əsrin 90-cı illərində Azərbaycanda vətəndaş müharibəsinin qarşısını almaqla xalqımızı böyük bir bəladan xilas etdi. Ölkədə ictimаi-siyаsi sаbitliyi bərpа еtdikdən sоnrа müstəqil dövlət quruculuğunа bаşlаdı. Müstəqil Аzərbаycаn dövləti kоnsеpsiyаsını işləyib hаzırlаdı və оnu uğurlа həyаtа kеçirdi. 1994-cü ilin mаyındа аtəşkəs hаqqındа müqаvilənin imzаlаnması sayəsində yaradılan sаbitlik xarici investorların cəlb olunmasına şərait yaratdı. İlk iqtisadi uğurunu qazanan Аzərbаycаn qısа müddətdə Cənubi Qаfqаzdа iqtisаdi cəhətdən ən güclü dövlətə çеvrildi.
Naxçıvan Dövlət Universitetinin rektoru, tarix üzrə fəlsəfə doktoru, dosent Elbrus İsayev “Ulu öndər Heydər Əliyev və Azərbaycan tarixi məsələləri” məruzəsində söyləyib ki, II Qarabağ müharibəsində qazanılan qələbə Azərbaycanın hərbi-siyasi qüdrəti ilə yanaşı, vətənpərvər oğulların döyüş meydanında göstərdikləri şücaətinin bəhrəsidir. Bu isə ulu öndərin hələ sovet dönəmindən həyata keçirdiyi milliləşmə siyasətinin, gələcək müstəqil Azərbaycan naminə məqsədyönlü fəaliyyətinin, Azərbaycan gəncliyinin tariximizə, soykökümüzə bağlılığının müvəffəq nəticəsidir.
Ümummilli lider tərəfindən elmə, elm adamlarına göstərilən diqqət və qayğıdan söz açan alim vurğulayıb ki, dövlətçilik tariximizin dərindən öyrənilməsi, tarixi abidələrin tədqiqi və təbliği dahi şəxsiyyət Heydər Əliyevin elm adamları qarşısında qoyduğu mühüm vəzifələrdəndir. Biz bu gün həmin məqsədyönlü fəaliyyətin uğurlu nəticələrinin canlı şahidiyik.
Naxçıvan Müəllimlər İnstitutunun rektoru, pedaqogika üzrə fəlsəfə doktoru, dosent Azad Novruzov konfransda “Ümummilli lider Heydər Əliyevin təhsil siyasəti”, “Naxçıvan” Universitetinin rektoru, filologiya üzrə fəlsəfə doktoru, dosent Nurlana Əliyeva isə “Ulu öndər Heydər Əliyev və Azərbaycan ədəbiyyatı” mövzusunda məruzə ediblər.
Çıxışlarda ulu öndərin Azərbaycana rəhbərliyinin hər iki dövründə təhsil sahəsində əldə olunan nailiyyətlər, aparılan islahatlarla bağlı, Azərbaycan ədəbiyyatına, zəngin söz xəzinəmizə, ədəbiyyat nümayəndələrinə göstərdiyi diqqət və qayğı, onların yaradıcılığının dünyada təbliği məqsədilə həyata keçirilən işlər haqqında məlumat verilib. Məruzəçilər çıxışlarında dahi şəxsiyyət Heydər Əliyev amallarının bu gün də uğurla davam etdirildiyini diqqətə çatdıraraq yüksələn inkişaf strategiyasının vəd etdiyi gələcək uğurlardan söz açıblar.
AMEA Naxçıvan Bölməsinin
mətbuat xidməti
* * *
Dekabrın 10-da muxtar respublikanın ümumtəhsil məktəbləri ilə Heydər Əliyev Muzeyi arasında “Ürəklərdə yaşayan dahi” mövzusunda interaktiv dərs keçilib.
Ümummilli lider Heydər Əliyev irsinin gənc nəslə öyrədilməsi məqsədilə keçilən interaktiv dərsdə muzeyin direktoru Ramil Orucəliyev bildirib ki, Heydər Əliyev Muzeyi Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 1999-cu il fevralın 18-də imzaladığı Sərəncam əsasında yaradılıb və həmin il may ayının 10-dan fəaliyyətə başlayıb. Ümummilli liderin sağlığında yaradılan muzeydə ulu öndərin həyatının müxtəlif dövrlərinə həsr olunmuş eksponatlar, eləcə də dahi şəxsiyyətin Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri vəzifəsində işlədiyi dövrdə qəbul etdiyi müxtəlif tarixi sənədlər toplanıb.
Vurğulanıb ki, müdrik rəhbər xalqımıza zəngin maddi və mənəvi dəyərlər, siyasi-iqtisadi cəhətdən etibarlı dayaqlar üzərində qurulmuş müstəqil Azərbaycan dövlətini miras qoyub. Ulu öndər Heydər Əliyev xalqımız qarşısında misilsiz xidmətləri ilə bu gün hər birimizin qəlbində yaşayır. Bu böyük insanın həyat yolu hər bir məktəbliyə, hər bir gəncə nümunədir.
Dahi rəhbərin Vətənimizin suverenliyi, ölkəmizin düşdüyü bəlalardan xilası, Azərbaycanın inkişafı naminə mübarizədə əvəzolunmaz xidmətləri Onu hələ sağlığında xalqımızın ümummilli liderinə çevirib. Heyrətamiz idarəçilik istedadına, mətin iradəyə və böyük əzmkarlığa malik ulu öndərimiz Azərbaycana rəhbərliyinin birinci dövründə ölkəmizi tənəzzül burulğanından çıxararaq respublikamızı qısa vaxt ərzində qabaqcıl və nüfuzlu ölkə səviyyəsinə yüksəldə bilib. Müstəqil dövlətçilik yolunda ilk addımları məhz Naxçıvanda atan ümummilli liderin təşəbbüsü ilə üçrəngli bayrağımız ilk dəfə olaraq 1990-cı il noyabrın 17-də Naxçıvan parlamentində qaldırılıb, Naxçıvan Muxtar Respublikasının adından “sovet sosialist” sözləri çıxarılıb, Azərbaycanda ilk milli ordu quruculuğuna Naxçıvan Muxtar Respublikasından başlanılıb.
Qeyd olunub ki, ulu öndərin 1993-cü ilin iyununda siyasi hakimiyyətə yenidən qayıdışından sonra Azərbaycanda əldə edilmiş milli birlik xalqımızın ən qiymətli mənəvi-ideoloji sərvətinə çevrilib. Bugünkü güclü, qüdrətli Azərbaycanı O, öz əlləri ilə qurub-yaradıb, inkişaf etdirib, bütün dünyaya tanıdıb. Ulu öndər ölkəmizin siyasi, sosial-iqtisadi inkişaf konsepsiyalarını işləyib hazırlayıb və reallaşdırılmasını təmin edib. Ona görə də xalqımız ümummilli lideri ilə fəxr edir, qürur duyur, Onun ideyalarını həyata keçirməyə çalışır. “Mənim həyat amalım bütün varlığım qədər sevdiyim Azərbaycan xalqına, dövlətçiliyimizə, ölkəmizin iqtisadi-siyasi, mənəvi inkişafına xidmət olub”, – deyən ulu öndər Heydər Əliyevin dövlətçiliyimizin ən ağır günlərində göstərdiyi qətiyyət bu sözlərdəki gerçəkliyi dəfələrlə təsdiqləyib.
İnteraktiv dərs 200-dən çox ümumtəhsil məktəbində izlənilib.
Naxçıvan Muxtar Respublikası
Təhsil Nazirliyinin mətbuat xidməti