30 Dekabr 2024, Bazar ertəsi

Yeni nəşrlər

Bu gün tam əminliklə, böyük iftixarla və qürur hissi ilə deyə bilərik ki, günü-gündən gülüstana çevrilən, qədimlik və müasirliyin çiyin-çiyinə addımladığı diyarımız savadlı qələm sahiblərinə, jurnalistlərə günümüzün reallıqlarını tarixin səhiflərinə həkk etmək, onları gələcək nəsillərə miras qoymaq üçün yazıb-yaratmaq həvəsi verib. Elə bu mövzumuzun da qələmə alınma məqsədi oxucularımızı mətbuatımızın qocaman güzgüsü, yaradıcılıq salnaməsi olan “Şərq qapısı” qəzetinin Humanitar siyasət şöbəsinin müdiri, həmkarımız Ramiyyə Əkbərovanın yüzillik yubileyimizə itihaf etdiyi “Sətirlərə sığmayan Naxçıvan” kitabı ilə tanış etməkdir. Söz adamının sətir-sətir Vətən sevgisinin təsiri ilə qələmə aldığı bir-birindən maraqlı məqalələrin hər birində muxtar respublikamızın gündən-günə çiçəklənməsindən, tərəqqi və inkişafından, güclü ordu quruculuğundan, tarix-mədəniyyət abidələrinə ikinci həyatın verilməsindən, milli dəyərlərin qorunması və təbliğindən, insanların səmərəli məşğulluğundan, yüksək səviyyəli təhsil siyasətindən, şəhid qəhrəmanlarımızın şücaətindən, ədəbi mühitlə yanaşı, digər bütün sahələrin inkişafından dolğun və müfəssəl şəkildə məlumat verilərək oxuculara təqdim olunub. Kitab, ümumilikdə, jurnalistin ölkə və muxtar respublika mətbuatında dərc olunmuş, bir-birindən zəngin fotolarla müşayiət olunan publisist məqalələri, müsahibələri və yaradıcılıq nümunələri toplusudur. Redaktoru “Şərq qapısı” qəzetinin məsul katibi Muxtar Məmmədov olan kitabın ilk səhifəsində ulu öndər Heydər Əliyevin “Mən istəyirəm ki, mənim arzum, istəklərim, müstəqil Azərbaycanın gələcəyi haqqında və Azərbaycanın ayrılmaz hissəsi olan Naxçıvan haqqında planlarım yerinə yetirilsin” dəyərli fikirləri yer alır. Həmçinin kitabın növbəti ikinci və üçüncü səhifələrində də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun diyarımızla bağlı zəngin və hikmətamiz fikirləri ilə tanış oluruq. Kitabı vərəqlədikcə, elə ilk səhifələrdə müəllifin əməkdaşı olduğu yüzyaşlı “Şərq qapısı” qəzetinə həsr etdiyi “Dünənin və bu günün güzgüsü haqqında qeydlərim” adlı məqaləsi “qarşılayır” bizi.

Kitabın ilk fəslində – “Naxçıvan dünən və bu gün” adlı bölmədə muxtar respublikamızın müstəqillik illərindən öncə qarşılaşdığı ağır problemlər və son illərdə əldə etdiyi yüksək nailiyyətlər, inkişaf və tərəqqi dövrü bir-biri ilə qarşılaşdırılır. Buradakı məqalələrin hər biri Naxçıvanın dünən və bu gün müqayisəsinin öhdəsində layiqincə gələn yaradıcılıq nümunələridir. Bu məqalələrdə ötən əsrin 90-cı illərində blokadanın və erməni təcavüzünün nəticəsində muxtar respublikada bir sıra sahələrdə yaranan problemlər və ötən illər ərzində həmin problemlərin həlli istiqamətində həyata keçirilən kompleks tədbirlər müqayisəli şəkildə öz əksini tapıb. Oxucu kitabda təqdim olunan konkret faktlarla tanış olarkən ulu öndərimiz Heydər Əliyevin siyasi xəttinin sədaqətlə davam etdirilməsi nəticəsində Naxçıvanın dünəni ilə bu günü arasında çox böyük fərqin yarandığını, qədim diyarın müasirləşərək inkişaf etdiyini, zirvələr fəth etdiyini bir daha aydın şəkildə görür.
Kitabın ikinci fəslini təhlil edərkən bir hərbçi xanımı kimi müəllifin keçirdiyi hisslər açıqca oxucuya ayan olur. “Əfsanəyə dönən ömürlər” başlıqlı bu fəsildə Birinci Qarabağ müharibəsi şəhidlərindən olan Kərim Kərimov və Sədərək kəndində şəhadətə yüksələn Abbasəli Nəzərəliyev, o cümlədən 44 günlük şanlı Vətən müharibəsində şəhidlik məqamına çatan Naxçıvan igidlərinin mənalı ömür yolu həssaslıqla, böyük vətənpərvərlik hissi ilə qələmə alınıb. Məqalələrin hər birində müəllif rəşadətli ordumuzun şücaəti, Ali Baş Komandanın dəyanəti ilə mənfur düşmən üzərində cəmi 44 gün ərzində əldə etdiyimiz qələbəni, oxucularımıza, elə şəhidlərimizin sətirlərə sığmayan şücaətləri ilə çatdırmağa çalışıb. Vətənin bizim namusumuz, şərəfimiz, azadlığımız, mənliyimiz olduğunu vurğulayıb. İşğal altında olan torpaqlarımızın azad olunması uğrunda şəhadətə çatan Vətən oğullarının döyüş yolu barədə kitabda yer alan hər məqalədə bu yüksək vətənpərvərlik idealları xüsusilə vurğulanıb.
Milli-mənəvi duyğuların, yurda bağlılıq hissinin və vətənpərvərlik məfkurəsinin təsiri ilə yazılmış “Ən ülvi duyğudur Vətən sevgisi” başlıqlı fəsildə müəllif bir-birindən maraqlı yaradıcılıq nümunələrinin dili ilə məmləkətimizin müstəqillik əldə etdikdən sonra ard-arda qazandığı uğurları, inkişaf və tərəqqini, o cümlədən dövlət-xalq-ordu birliyinin dövlətimizin timsalında yaratdığı ən gözəl nəticələri dolğun şəkildə işıqlandıra bilib. Bununla yanaşı, müəllifin qədim dövlətçilik tarixinə malik olan Azərbaycan xalqının hər zaman milli dəyərlərinə sadiqliyindən, milli dəyərlərimizin qorunması və gələcək nəsillərə çatdırılmasından, Azərbaycan xalqının formalaşmasına təsirindən və milli dövlətçiliyimizin möhkəmləndirilməsindəki xüsusi rolundan bəhs etməsi də oxucularda rəğbət yaradır.
Son illər ərzində muxtar respublikamızın hər bir sahəsində olduğu kimi, yaşayış yerlərimizin də müasirliyə qovuşması, şəhərlərimizlə kəndlərimiz arasındakı fərqlərin aradan qaldırılması, kənd adamına göstərilən qayğı kitabın “İnkişaf edən bölgələrimiz”, “Alın təri ilə sulanan torpaq qurumaz” başlıqlı fəsillərində cəmlənib. Bu bölmələrdə müəllif muxtar diyarımızın bütün yaşayış məntəqələrində gedən və öz simasını dəyişərək, sözün əsl mənasında, müasirlik donu geyinən yurd yerlərimiz haqqında məlumat verir.
“İnsan sağlamlığı cəmiyyətin sərvətidir”, “Təhsil millətin gələcəyidir” adlı fəsillərdə həmkarımız, cəmiyyətin ən aktual mövzularından sayılan iki sahəni – təhsil siyasətini və sağlamlıq amilini diqqətə çatdırmaqla dövlətimizin diqqət və qayğısı ilə sözügedən iki sahədə də əldə edilən inkişaf və nailiyyətlərdən qürurla danışır.
“Naxçıvan mətbəxi və yurdumuzun nemətləri” bölməsində milli mətbəximizin təbliğinin, tədqiqinin, unudulmaqda olan milli mətbəx nümunələrinin toplanması işinin bu gün muxtar respublikada uğurla aparıldığı qeyd olunub.
Son olaraq “Müsahibələr və reportajlar, sərbəst” fəslində isə jurnalistika sahəsinin zəngin yaradıcılıq nümunələri ilə bir-birindən maraqlı yazılar qələmə alınıb.
Kitabı oxuyub təhlil edərkən bir daha şahidi olduq ki, sahib olduğun peşəyə duyduğun sonsuz sevgi, zəhmətsevərlik və təşəbbüskarlıq ortalığa uğurlu nəticələr çıxarmağa rövnəq verir. Həmkarımız Ramiyyə Əkbərovanı yeni kitabının nəşri münasibətilə təbrik edir, bundan sonrakı fəaliyyətində də yaradıcılıq uğurları arzulayırıq.

Məcid RƏŞADƏTOĞLU

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR