29 Yanvar 2023, Bazar

İcmal

Muxtar respublikada uğurla həyata keçirilən quruculuq işləri bütün bölgələrimizi  abadlaşdırıb, kompleks quruculuq işləri bu qədim diyarı, bütövlükdə, əhatə etmişdir. Muxtar respublikanın ayrılmaz həyat ritminə çevrilən bu inkişafın təməlində ulu öndər Heydər Əliyev yoluna, siyasi və nəzəri irsinə sədaqət, qətiyyətli mövqe, düzgün idarəetmə dayanır. Elə ölkəmizi və onun Naxçıvan Muxtar Respublikasını bugünkü tərəqqiyə və inkişafa qovuşduran, nümunəvi siyasi təşkilatlanma və siyasi nüfuzu ilə seçilən, ümummilli mənafelərə xidmət kimi ali bir mərama malik Yeni Azərbaycan Partiyasının yaranmasının 29-cu ildönümünün qeyd olunduğu noyabr ayı da muxtar respublika tarixinə inkişaf, tərəqqi ayı kimi yazılmışdır. 

 

Zəfər və qəhrəmanlıq tariximiz nəsillərə örnək olaraq daim yaşadılacaq

2020-ci il 27 sentyabr-8 noyabr tarixlərdə Azərbaycan işğal altındakı torpaqlarımızı azad etmək məqsədilə Vətən müharibəsinə başlamış və tarixi Qələbə qazanmışdır. Şanlı qələbəmiz ulu öndər Heydər Əliyevin yolunun Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin nəticəsində mümkün olmuşdur. Azərbaycanda lider-xalq-dövlət birliyinin təcəssümu olan Vətən müharibəsində naxçıvanlılar da cəsurluq və igidlikləri ilə qəhrəmanlıq tarixi yazmışlar. Minlərlə insanın Vətən torpaqlarının azadlığı uğrunda canlarını qurban verdikləri Tarixi Qələbədən sonra bu gün Azərbaycanda və onun Naxçıvan Muxtar Respublikasında şəhid adı uca tutulur, şəhid ailələrinə və sağlamlığını itirmiş müharibə iştirakçılarına mənzillər və avtomobillər təqdim edilir. Belə tədbirlərin davamı olaraq noyabrın 5-də – Zəfər Günü ərəfəsində 8 şəhid ailəsinə və 1 qaziyə mənzil, sağlamlıqları məhdudlaşmış 13 şəxsə isə avtomobil təqdim olunmuşdur.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamına əsasən 8 Noyabrın Azərbaycanda Zəfər Günü olduğunu qeyd etmiş, bu əlamətdar günün Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi baxımından əhəmiyyətindən danışmış, şəhidlərin əziz xatirəsinə ehtiramını bildirmişdir. Sonra Ali Məclisin Sədri mənzillərin orderlərini və avtomobillərin açarlarını təqdim etmişdir. Şəhid ailələrinə verilən 2 və 3 otaqlı mənzillər Sədərək rayonunun Heydərabad, Kəngərli rayonunun Qıvraq qəsəbələrində, Şərur, Babək və Naxçıvan şəhərlərindəki yaşayış binalarında yerləşir. Tam təmir olunan mənzillərə mebel dəstləri qoyulmuş, lazımi kommunal şərait yaradılmışdır.
Ölkəmizdə olduğu kimi, muxtar respublikanın digər guşələrində də yaradılan Bayraq meydanları dövlət atributlarımıza olan sevgi və hörmətin göstəricisi, qələbənin simvoludur. Noyabrın 8-də – Zəfər Günündə Kəngərli Rayon Bayraq Meydanı istifadəyə verilmişdir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov çıxış edərək demişdir ki, əgər 1993-cü ildə ümummilli liderimiz Azərbaycanı parçalanmaq və müstəqilliyini itirmək təhlükəsindən xilas edərək Milli Qurtuluşa qovuşdurmuşsa, bu yolu uğurla davam etdirən ölkə Prezidentinin rəhbərliyi ilə 2020-ci ildə torpaqlarımız işğaldan azad olunmuş, ərazi bütövlüyümüz tam təmin edilmişdir.
“Şanlı tariximizə çevrilən Vətən müharibəsi Azərbaycan xalqının mübarizliyini, yenilməzliyini və birliyini bir daha dünyaya nümayiş etdirdi”, – deyən Ali Məclisin Sədri Zəfər bayramı münasibətilə şəhid ailələrini, müharibə iştirakçılarını və veteranları, Naxçıvandakı ordu, birləşmə və hissələrin şəxsi heyətlərini, muxtar respublika əhalisini təbrik etmiş, Bayraq Meydanının qurulmasında əməyi olanlara, iştirakçılara təşəkkürünü bildirmişdir.
“Üçrəngli bayrağımızı şəhidlərimizin əziz xatirəsinə və Zəfər Gününün Şərəfinə qaldırırıq”, – deyən Ali Məclisin Sədri qurğunu işə salmış, üçrəngli dövlət bayrağımız əbədi yüksəkliyə ucalmışdır. Bayraq Meydanı ilə tanışlıq zamanı muxtar respublika rəhbəri burada vətənpərvərliklə bağlı tədbirlərin keçirilməsi, ərazidə yaşıllıqların artırılması və qurulanların qorunması barədə tapşırıqlar vermişdir.
44 günlük Vətən müharibəsi Azərbaycan xalqının mübarizliyini və yenilməzliyini bir daha dünyaya nümayiş etdirdi.Tarixi zəfər qazanıldı, ərazi bütövlüyümüz bərpa olundu. Naxçıvan isə təkcə bu Vətən müharibəsindəki vətənpərvərlik və şücaəti ilə deyil, torpağa sahiblənmək, onu böyük məhəbbətlə qorumaq, abadlaşdırıb gözəlləşdirməklə də nümunə olmuşdur. Təkcə cari ilin payızında muxtar respublikada 142 hektar sahədə yaşıllaşdırma tədbirləri aparılması nəzərdə tutulmuş, noyabrın 6-da muxtar respublikada Zəfər Günü ilə əlaqədar ağacəkmə kampaniyası keçirilmiş, meyvə bağları və yaşıllıqlar salınmışdır. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov ağacəkmədə iştirak etmiş, meyvə tingləri əkmiş, muxtar respublikada ağac əkinlərinin davam etdirilməsi barədə tapşırıqlar vermişdir. Həmin gün muxtar respublikada Zəfər Günü münasibətilə keçirilən ağacəkmədə 20 mindən artıq sakin iştirak etmiş, 7 mindən artıq meyvə və meşə tingləri əkilmişdir.
Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə aparılan və Zəfərlə başa çatan İkinci Qarabağ müharibəsi Azərbaycan xalqının mübarizliyini və yenilməzliyini bir daha dünyaya nümayiş etdirdi. Azərbaycan Ordusu tarixi ədaləti bərpa etdi, işğal altındakı torpaqlarımız azad olundu. Lakin noyabrın 16-da Ermənistan dövlət sərhədində növbəti təxribat törədib. Ordumuz tərəfindən düşmən təxribatının qarşısı qətiyyətlə alınıb. Döyüş əməliyyatları zamanı qəhrəmanlıqla şəhidlik zirvəsinə yüksələn hərbi qulluqçularımızdan biri də Vətən müharibəsində göstərdiyi şücaətə görə Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən “Şuşanın azad olunmasına görə” medalı ilə təltif olunmuş leytenant Niftəliyev Ümüd Oruc oğlu idi. Şəhidin cənazəsi noyabrın 18-də muxtar respublikaya gətirilmiş, Naxçıvan Beynəlxalq Hava Limanında qarşılanma mərasimi olmuşdur. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov, dövlət və hökumət nümayəndələri,Türkiyənin Naxçıvandakı Baş konsulu,Türkiyə Silahlı Qüvvələrinin Azərbaycan Respublikasındakı hərbi attaşe aparatının Naxçıvan Muxtar Respublikasındakı nümayəndəliyinin zabitləri və şəhidin ailə üzvləri tədbirdə iştirak etmişlər.

Güclü iqtisadiyyatın təməlində
qüdrətli siyasət dayanır

Muxtar respublikada hər il geniş quruculuq işləri aparılır, yaşayış məntəqələri müasir görkəmə qovuşur, insanların sosial-məişət şəraiti yaxşılaşdırılır. Həyata keçirilən quruculuq işləri Culfa rayonunu da əhatə etmişdir. Bu gün istər Culfa şəhəri, istərsə də rayonun kəndləri müasir görkəmi ilə seçilir. Son illər tikilən yeni yaşayış və inzibati binalar, çəkilən yollar, istehsal və xidmət sahələrinin yaradılması, iş yerlərinin açılması Naxçıvanın Şərqə açılan qapısı olan Culfada məskunlaşmanı daha da artırmış, insanların rifahı yaxşılaşmışdır.
Noyabrın 11-də Culfa şəhərində yeni inzibati bina istifadəyə verilmiş, Gigiyena və Epidemiologiya Şöbəsi və digər dövlət qurumları üçün hərtərəfli iş şəraiti yaradılmışdır. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov binada yaradılan şəraitlə tanış olmuşdur. Məlumat verilmişdir ki, 2 mərtəbədən ibarət olan binada 6 təşkilat fəaliyyət göstərəcək. Yenidən qurulmuş binada Culfa Rayon Gigiyena və Epidemiologiya Şöbəsi üçün müasir iş şəraiti yaradılmış, 20 otaq ayrılmış, işin keyfiyyətini artırmaq üçün şöbə müasir tibbi ləvazimatlarla təmin edilmişdir. Bildirilmişdir ki, Culfa Rayon Gigiyena və Epidemiologiya Şöbəsinə dezinfeksiya tədbirlərinin daha keyfiyyətlə icra olunmasında vaxt itkisinin qarşısının alınması, avtomaks və dezinfektantların rahat daşınması üçün 8 nəfərlik işçi heyətinin eyni zamanda istifadə edə biləcəyi “Changan” markalı avtomobil verilmişdir.
Ali Məclisin Sədri gigiyena və epidemiologiya tədbirlərinin əhəmiyyətini vurğulamış, əhalinin maarifləndirilməsi, dezinfeksiya işlərinin davam etdirilməsi, Gigiyena və Epidemiologiya şöbələrinin baytarlıq xidməti ilə qarşılıqlı fəaliyyətinin təşkili barədə tapşırıqlar vermişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov Culfa şəhərindəki E.Nağıyev küçəsi və ona bitişik C.Məmmədquluzadə, Ş.İ.Xətai və M.Müşfiq küçələrində görülən əsaslı yenidənqurma işləri ilə də tanış olmuş, həmin gün Culfa şəhərində yenidənqurmadan sonra istifadəyə verilmiş 3 mərtəbəli binada 18 mənzilli yaşayış binasında yaradılan şəraitlə maraqlanmış, yaradılanların qorunması barədə tapşırıq vermişdir. Həmin gün Ali Məclisin Sədri Culfa Rayon İcra Hakimiyyəti binasının yenidən qurulması və Culfa Rayon Tarix-Diyarşünaslıq Muzeyi üçün tikiləcək yeni binanın layihələrinə baxmış, müvafiq tapşırıqlar vermişdir.
Ölkəmizdə ulu öndər Heydər Əliyev siyasi xəttinin uğurla davam etdirilməsi Naxçıvan Muxtar Respublikasını da davamlı inkişaf yoluna çıxarmış, yaşayış məntəqələri müasirliyə qovuşmuşdur. Bütün sahələrdə əldə olunan dinamik inkişaf kəndləri də əhatə etmiş, geniş quruculuq işləri aparılmış, sakinlərin rahat yaşayışına xidmət edən müasir sosial obyektlər inşa olunmuşdur. Görülən tədbirlər nəticəsində Babək rayonunun Göynük kəndi də müasir yaşayış məntəqəsinə çevrilmişdir. Noyabrın 22-də Göynük kənd tam orta məktəbinin yeni binası istifadəyə verilmişdir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov məktəbdə yaradılan şəraitlə tanış olmuşdur.
Məlumat verilmişdir ki, 3 mərtəbədən ibarət olan məktəbdə müasir tədris şəraiti yaradılmışdır. Şagirdlər bu şəraitdən bəhrələnərək hazırladıqları “Hərəkətlə aktivləşdirilmiş LED pilləkən işıqları” və “Yağışdan qorunmaq üçün avtomatik avtobus dayanacağı” layihələrini təqdim etmişlər.
Göynük kənd tam orta məktəbində yaradılan müasir şəraitlə tanışlıqdan sonra məktəbin pedaqoji kollektivi ilə görüş olmuşdur.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov Göynük kənd tam orta məktəbinin kollektivini yeni məktəb binasının istifadəyə verilməsi münasibətilə təbrik etmiş, nailiyyətlərə görə kollektivə təşəkkür etmiş və tədrisdə uğurlar arzulamışdır.
Həmin gün Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov Göynük kəndində xidmət mərkəzinin də açılışını etmişdir. Məlumat verilmişdir ki, xidmət mərkəzində bərbərxana, gözəllik salonu, ət satışı yeri, anbar, ərzaq və təsərrüfat malları mağazaları yerləşir. Burada xidmətin təşkili üçün nümunəvi şərait yaradılmış, 5 nəfər işlə təmin olunmuşdur. Ali Məclisin Sədri ailə təsərrüfatlarında istehsal olunmuş məhsulların satışına üstünlük verilməsi və sakinlərin tələbatının nəzərə alınması barədə tapşırıqlar vermişdir.
Ölkəmizdə olduğu kimi, muxtar respublikamızda da yol təsərrüfatının inkişafına xüsusi diqqət yetirilir. Bu istiqamətdə həyata keçirilən tədbirlər çərçivəsində Göynük kənd avtomobil yolu da yenidən qurulmuş, noyabrın 22-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov yolda yaradılan şəraitlə tanış olmuşdur. Bildirilmişdir ki, ümumi uzunluğu 9,5 kilometr olan Nəcəfəlidizə-Nəhəcir-Göynük kənd avtomobil yolunun yatağı genişləndirilmiş, 2,2 kilometrə asfalt örtük verilmişdir. Hazırda tikinti işləri davam etdirilir. Muxtar respublika rəhbəri Nəhəcir-Göynük kənd avtomobil yolunda işlərin davam etdirilməsi barədə tapşırıq vermişdir.
Noyabrın 22-də Göynük kənd mərkəzi də istifadəyə verilmiş, Ali Məclisin Sədri binada yerləşən təşkilatların fəaliyyəti və yaradılan şəraitlə maraqlanmış, iclas zalında maarifləndirici tədbirlərin və görüşlərin keçirilməsi barədə tapşırıqlar vermişdir. Bildirilmişdir ki, kənddə əsas diqqət yetirilən sahələrdən biri də baytarlıq işinin təşkilidir. Bu gün Babək rayonunda epizootik vəziyyət sabitdir. Bunun səbəbi dərman preparatları və digər tibbi avadanlıqlarla təminat, peyvəndləmə və dezinfeksiya tədbirlərinin vaxtında görülməsidir. Aparılan profilaktik tədbirlərin nəticəsidir ki, rayonda bu sahədə heç bir xəstəlik müşahidə olunmur.
Kənd mərkəzində yerləşən feldşer-mama məntəqəsində müasir tibbi xidmətin təşkili üçün hər cür şərait yaradılmışdır. Ali Məclisin Sədri peyvənd və patronaj işinin təşkili, eləcə də səhiyyə maarifinə üstünlük verilməsi, gigiyenik qaydalara əməl olunması barədə tapşırıqlar vermişdir.
Sonra sakinlərlə görüş olmuş, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov sakinləri təbrik edərək demişdir: “Göynük kəndinin eramızdan əvvəl başlayan qədim tarixi vardır. Kənd tarixi karvan yolu üzərində yerləşmiş, zaman-zaman göynüklülər digər bölgələrə köçərək məskunlaşmışlar. Hazırda Türkiyə ərazisində 3 yerdə, Azərbaycanda isə Şəki rayonunda Göynük adlı yaşayış məntəqəsi vardır. Ehtimal olunur ki, onlar da buradan vaxtilə karvan yolu ilə gedib o yerlərdə məskunlaşan sakinlərdir. Göynük səfalı və geniş imkanlara malik olan kənddir. Bu gün həm bələdiyyə və dövlət, həm də şəxsi mülkiyyətdə olan torpaqlar imkan verir ki, kəndin inkişafı bundan sonra da təmin olunsun. Göynükdə, əsasən, heyvandarlıq və maldarlıq inkişaf edib, məskunlaşma artıb, yeni evlər tikilib. Bu da inkişafın göstəricisidir. Yaradılan şəraitdən sonra məskunlaşma daha da artacaq və ərazidən səmərəli istifadə olunacaq, maldarlıq, heyvandarlıq, arıçılıq, meyvəçilik, bitkiçilik inkişaf etdiriləcəkdir. Bunun üçün isə lazım olan hər bir şərait var. Sakinlərin rayon mərkəzinə, Naxçıvan şəhərinə gediş-gəlişinin rahat olması üçün yol da abadlaşdırılıb. Yolda işlər hələ davam etdiriləcək. Bütün bunlar insanların rahat yaşaması üçündür. Kənd tamamilə qazlaşdırılıb, daimi elektrik enerjisi ilə təmin olunub, rabitə, internet, poçt və tibb xidməti yaradılıb”. Ali Məclisin Sədri görülən işlər münasibətilə sakinləri təbrik etmiş və əminliyini bildirmişdir ki, kənd bundan sonra da abadlaşacaq, məskunlaşma artacaqdır.
Muxtar respublikada kommunal müəssisələrin, bələdiyyələrin, yerli icra orqanlarının maddi-texniki bazasının möhkəmləndirilməsi məqsədilə bələdiyyələr üçün müasir iş şəraiti yaradılır, fəaliyyətlərini günün tələbləri səviyyəsində qurmaları üçün lazımi infrastruktur formalaşdırılır. Qeyd edək ki, hazırda muxtar respublikada 170 bələdiyyə fəaliyyət göstərir. Onlar artıq lazımi nəqliyyat vasitələri ilə təmin olunublar. Bələdiyyələrin fəaliyyətinin səmərəli təşkili üçün müasir tələblərə cavab verən kommunal təyinatlı texnikalar alınır. Noyabrın19-da muxtar respublika bələdiyyələrinə kommunal təyinatlı 16 traktor və qoşqusu, eləcə də 2 “NAZ Lifan-330” markalı avtomobil təqdim olunmuş, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov bu münasibətlə keçirilən tədbirdə iştirak etmişdir.
Ali Məclisin Sədri çıxış edərək bildirmişdir ki, müasir iş şəraiti imkan verir ki, bələdiyyələr əhali ilə rahat işləyə bilsin. Bu texnikalar ərazinin abadlaşdırılması, təmizliyi ilə bərabər, yeni iş yerləri deməkdir. Artıq burada 16 mütəxəssis işə cəlb olunacaq, həmçinin müqavilə yolu ilə onlarla şəxs işə götürüləcəkdir. Bir sözlə, bu gün bələdiyyələrin fəaliyyətinin təmin olunması üçün lazımi işlər görülür. Bələdiyyələr də fəaliyyətlərini qanunauyğun olaraq həyata keçirməlidirlər. Bələdiyyələr, sadəcə, yaradılmış formal təşkilat deyil, onlar seçilmiş təşkilatlardır. Muxtar respublika rəhbəri bələdiyyə sədrlərini yeni texnikaların təqdim olunması münasibətilə təbrik etmiş, işlərində uğurlar arzulamış, eyni zamanda bələdiyyələrə əhali ilə qarşılıqlı əlaqə qurulması, rayon icra hakimiyyətlərinin bələdiyyələrlə işə üstünlük verməsi, işin səmərəliliyinin artırılması ilə bağlı tapşırıqlar vermişdir. Yeni kommunal təyinatlı 16 traktor və qoşqusu ilə yanaşı, Şərur və Ordubad bələdiyyələrinə 2 “NAZ Lifan-330” markalı minik avtomobili də verilmişdir.
Muxtar respublikada daxili bazarın keyfiyyətli yerli məhsullarla təminatı ilə yanaşı, özünüməşğulluğun təmin olunmasına və iqtisadi inkişafa da mühüm töhfə verən ailə təsərrüfatlarının fəaliyyəti diqqət mərkəzində saxlanılır. 2017-ci ildən özünüməşğulluq proqramının icrasına başlanılması ilə 899 ailənin özünüməşğulluğu təmin edilmişdir ki, onların ailə üzvlərinin sayı 4133 nəfərdir. 860 ailə kənd təsərrüfatı, 22 ailə xidmət, 17 ailə isə istehsal sahələri üzrə proqrama cəlb edilmişdir. 283 ailənin təsərrüfatındakı aktivlər nəzarət müddəti bitdiyindən onların mülkiyyətinə keçirilmişdir. Bu günədək iri və xırdabuynuzlu heyvandarlıq təsərrüfatında 1500-dək artım qeydə alınmışdır. 30 ailə nümunəvi təsərrüfat sahibi kimi həvəsləndirici tədbirlərə cəlb edilərək öz seçimləri əsasında əlavə aqreqatlarla təmin olunmuşdur. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2019-cu il 18 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasında ailə təsərrüfatlarının inkişafı ilə bağlı Tədbirlər Planı”nın icrası ailə təsərrüfatlarına geniş fəaliyyət imkanları açılmışdır. Noyabrın 20-də “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində “Ailə təsərrüfatı məhsulları” satış yarmarkası keçirilmiş, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov yarmarkada iştirak etmişdir.
Yarmarkaya muxtar respublikamızın bütün rayonlarından, eləcə də Naxçıvan şəhərindən, ümumilikdə, 453 ailə təsərrüfatı tərəfindən 540 çeşiddə 41 mindən çox qablaşdırılmış məhsul çıxarılmışdır. Naxçıvan qovurması, xaması, qaymağı, pendiri, qatığı, müxtəlif növ mürəbbə və şirniyyatları, alana, sucuq, cəviz, badam, qurut, müxtəlif çeşidli meyvə şirələri, doşabları, sirkələri, şərablar və meyvə araqları, eləcə də turşular, kompotlar, cemlər, meyvə-tərəvəz quruları, milli mətbəximizə aid çörək çeşidləri və digər məhsullar yarmarka iştirakçılarına təqdim edilmişdir.
Ailə təsərrüfatları məhsullarının tara satışı mağazasının stendi yerli istehsal olan çölməklər, şirniyyat qəlibləri, meyvə quruları üçün qablar və digər çeşidlər olmaqla, 34 növdə tara nümayiş etdirilməsi, Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsinə məxsus stend Bioresurslar İnstitutu tərəfindən hazırlanmış müxtəlif çeşiddə meyvə quruları, gülab, çaytikanı yağı, propolis (bərəmum), paketlənmiş zəfəran qurusu, alma sirkəsi və bir sıra digər məhsullar, Biznes Mərkəzinin stendi duzdan və digər məhsullardan hazırlanmış əl işləri, “Naxçıvan Məhsulları” publik hüquqi şəxsin stendi isə 4 müxtəlif çeşiddə hədiyyəliklər, qablaşdırılmış bal, 7 növdə kompot, 2 növdə cem, bitki quruları, turşu, hədiyyəlik çanta və ramka bal nümayişi ilə yarmarkaya gələnlərin diqqətini cəlb etmişdir. Yarmarkada xalq sənətkarlarının, istedadlı qadınların və məhkumların da əl işlərinin sərgi-satışı təşkil olunmuşdur. Ali Məclisin Sədri yarmarkada özünüməşğulluğa cəlb olunmuş ailə təsərrüfatlarının məhsullarına baxmış, məhsul çeşidlərinin artırılması və istehsal sahəsinin qurulması barədə tapşırıqlar vermişdir.

Teatr həyatı öyrədən məktəbdir

Noyabr ayı muxtar respublika həyatında mədəniyyət hadisələri ilə də yadda qalmış, noyabrın 27-də Naxçıvan Dövlət Musiqili Dram Teatrında dünyaşöhrətli rus yazıçısı Nikolay Vasilyeviç Qoqolun “Müfəttiş” əsəri əsasında hazırlanmış eyniadlı tamaşanın nümayişi olmuşdur. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov tamaşaya baxmışdır.
XIX əsr dahi rus realist yazıçılarından olan Nikolay Vasilyeviç Qoqolun “Müfəttiş” əsəri komediyanın klassik nümunəsidir. Çar Rusiyasının kiçik bir əyalət şəhərində imperiyanın iç üzünü açıb gülüş hədəfinə çevirən Qoqol tamahkar, tənbəl və bacarıqsız çar məmurlarını satira hədəfinə tutur.
Tamaşadan sonra Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri səhnə arxasına keçərək yaradıcı heyətlə görüşmüş, uğurlu tamaşa münasibətilə kollektivə təşəkkür edərək bildirmişdir ki, rejissor işi, aktyor seçimi və musiqi tərtibatı səhnə əsərinin uğurla təqdim olunmasına imkan verdi. “Teatr həyatı öyrədən məktəbdir”, – deyən Ali Məclisin Sədri bildirmişdir ki, teatr, tamaşa hər zaman lazımdır. Bütün dünyada yayılmış pandemiya bir sıra çətinliklər yaradıb. Buna baxmayaraq, həyat davam edir. Yeni tamaşalar hazırlanmalı və nümayiş olunmalıdır. Çünki səhnə əsərinə verilən ən böyük qiymət də tamaşaçı alqışıdır. Ali Məclisin Sədri bundan sonra da uğurlu tamaşaların səhnəyə qoyulacağına əminliyini bildirmiş, kollektivi təbrik etmişdir.

Vətənə, millətə, müstəqil Azərbaycan dövlətinə
xidmət etmək məramı

29 il bundan öncə təməli ümummilli lider Heydər Əliyev tərəfindən Naxçıvanda qoyulan, bu gün siyasi nüfuzu və reytinqi ilə, qazandığı siyasi qələbələrlə öz sözünü deyən Yeni Azərbaycan Partiyasının Naxçıvan Muxtar Respublika Təşkilatı da ümummilli liderimizin və ölkə Prezidentinin tövsiyələrini əsas tutaraq böyük inkişaf yolu keçmişdir. Partiyanın Naxçıvan Muxtar Respublika Təşkilatı, eləcə də şəhər və rayon təşkilatları üçün yeni inzibati binalar istifadəyə verilmiş, qəsəbə və kənd mərkəzlərində ərazi ilk partiya təşkilatları ayrıca iş otaqları ilə təmin edilmişdir.
Əgər 1992-ci ildə Naxçıvan Muxtar Respublikasında 1118 Yeni Azərbaycan Partiyası üzvü vardısa, hazırda partiyanın muxtar respublika təşkilatı öz sıralarında 58 minə yaxın üzvü birləşdirmişdir. Partiya üzvlərinin 25 min nəfərdən çoxu qadın, 24 minə yaxını isə gəncdir. Bu gün partiyanın muxtar respublika təşkilatı üzvlərinin 55 faizini ali və orta ixtisas təhsillilər təşkil edir.
Hesabat dövründə ölkəmizdə keçirilən prezident, parlament və bələdiyyə seçkilərində, eləcə də referendumda Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının üzvləri aktiv iştirak edərək partiyanın siyasi nüfuzunu qoruyub saxlamışlar.
Noyabrın 26-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri, Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının Sədri cənab Vasif Talıbovun Sədrliyi ilə təşkilatın VI konfransı keçirilmişdir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri, Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının Sədri cənab Vasif Talıbov konfransda məruzə etmişdir. Məruzədə vurğulanmışdır ki, ötən dövr bir daha göstərdi ki, Yeni Azərbaycan Partiyası Azərbaycan xalqının milli iradəsini əks etdirən dünənin, bu günün və gələcəyin partiyasıdır. Yeni Azərbaycan Partiyasının keçdiyi yol, əldə etdiyi nailiyyətlər Azərbaycanın dövlətçilik salnaməsidir. Partiyanın muxtar respublika təşkilatının 2014-cü ildə keçirilmiş beşinci konfransı ilə onun altıncı konfransı arasında olan müddət ərzində Naxçıvanda əldə olunan nailiyyətlər ulu öndərin Yeni Azərbaycan Partiyasının proqramında müəyyənləşdirdiyi vəzifələrin yerinə yetirilməsi nəticəsində mümkün olmuşdur. Ötən dövrdə Naxçıvan Muxtar Respublikasında inkişaf davamlı xarakter almış, bütün iqtisadi göstəricilər üzrə artım dinamikası qorunub saxlanılmışdır. Bu illər ərzində muxtar respublikada ümumi daxili məhsul istehsalı 22 faiz artaraq 2 milyard 900 milyon manata çatmışdır.
Naxçıvan Muxtar Respublikası əvvəlki illərdə olduğu kimi, geniş quruculuq meydanına çevrilmiş, 105 elm və təhsil ocağı, 188 mədəniyyət və 15 idman obyekti, 81 səhiyyə müəssisəsi,131 inzibati bina, 30 körpü tikilərək və ya əsaslı təmir olunaraq istifadəyə verilmiş, 458 kilometrlik yeni avtomobil yolu çəkilmiş, sahibkarlığın inkişafına diqqət artırılmış, 20 minə yaxın iş yeri açılmışdır. Muxtar respublikada müdafiə, ərzaq və enerji təhlükəsizliyinin təmin olunması sahəsində görülən işlər də ardıcıl şəkildə davam etdirilmiş, 100-dən çox hərbi obyekt, 491 istehsal və xidmət sahəsi, yeni su və günəş elektrik stansiyaları istifadəyə verilmişdir. Əldə olunmuş nailiyyətlər demoqrafik inkişafa da öz təsirini göstərmiş, ötən dövrdə muxtar respublikanın əhalisi artaraq 461 min nəfərdən çox olmuşdur.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri, Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının Sədri cənab Vasif Talıbov məruzəsində bəyan etmişdir ki, Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının fəaliyyətində yeni dövr başlayır. Təşkilat öz işini bundan sonra da ümummilli liderimiz Heydər Əliyev tərəfindən partiyanın proqramında irəli sürülmüş və ölkə PrezidentininYeni Azərbaycan Partiyasının yeddinci qurultayında müəyyənləşdirdiyi vəzifələrin icrası istiqamətində qurmalıdır. Təşkilatpartiya-təşkilat işini daha da gücləndirməli, partiya orqanlarının və yerli təşkilatların fəaliyyəti yeni tələblərə uyğunlaşdırılmalıdır. Təşkilat üzvləri ictimai-siyasi proseslərdə və həyata keçirilən sosial-iqtisadi islahatlarda yaxından iştirak etməlidirlər.
Milli dövlətçilik təfəkkürünə və zəngin elmi-intellektual potensiala malik olan, vətənpərvər və ictimai cəhətdən fəal gənclər yetişdirmək Yeni Azərbaycan Partiyasının Proqramında əsas vəzifə kimi müəyyənləşdirilmişdir. Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının Gənclər Birliyi gənclərlə işi və onların sağlam vətəndaş kimi formalaşmasını, ulu öndərin siyasi xəttinə sədaqət ruhunda tərbiyəsini diqqətdə saxlamalı, bu istiqamətdə sistemli və nəticəli tədbirlər həyata keçirilməlidir.
Yeni Azərbaycan Partiyasının platformasında nəzərdə tutulmuş vəzifələrin icrası nəticəsində mümkün olmuşdur. Ona görə də Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatı yerli təşkilatlarla birlikdə vətəndaşlarla işə üstünlük verməli, həyata keçirilən tədbirlərin mahiyyəti onlara düzgün izah olunmalı, səmərəli təbliğat mexanizmi qurulmalıdır.
Məruzədə vurğulanmışdır ki, partiyamızın Naxçıvanda yaranaraq təşkilatlanması onun muxtar respublika təşkilatının nümunə gücündə olmasını şərtləndirir. Bu amil daim diqqətdə saxlanmalı, partiya işi daha mütərəqqi formada inkişaf etdirilməli, qarşıya qoyulan tapşırıqların icrasına və nizam-intizama nəzarət gücləndirilməlidir.

Bütün bunlar deməyə əsas verir ki, muxtar respublikamız Vətənə, müstəqil Azərbaycan dövlətinə xidmət etmək məramı, ulu öndər ideyalarına sədaqət, iradə hissi ilə sabaha inamla irəliləyir, böyük əzmkarlıqla gələcək nailiyyətlərin təməlini qoyur. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin də dediyi kimi: “Bizim siyasətimiz Heydər Əliyev siyasətidir. Heydər Əliyevin qoyduğu yoldur. Bizim dayağımız Azərbaycan xalqıdır və iqtidarın mənbəyi xalqdır. Biz bütün təşəbbüslərdə Azərbaycan xalqının dəstəyinə arxalanırıq. Bizim ideologiyamız Azərbaycançılıq, dövlətçilik, müstəqillik ideologiyasıdır. Bu da bütün cəmiyyəti birləşdirir və biz bu yolla uğurla addımlayırıq”.

Mehriban SULTAN
Naxçıvan Muxtar Respublikasının Əməkdar jurnalisti

ARXİV

Yanvar 2021
Be Ça Ç Ca C Ş B
28 29 30 31 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31

MÜƏLLİFLƏR

KEÇİDLƏR