21 Dekabr 2024, Şənbə

Sağlam gəncliyin formalaşmasında və inkişafında muxtar respublikamızın məktəbdənkənar təhsil müəssisələrində yaradılan, müasir dövrün tələblərinə cavab verən innovativ dərnəklərin rolu böyükdür. Xüsusilə də sağlamlıq imkanları məhdud uşaq və gənclərin istedad və bacarıqlarını ictimaiyyətə tanıtmaq, onların yaradıcılıq imkanlarına, fəaliyyətlərinin stimullaşdırılmasına, cəmiyyətə inteqrasiyasına dəstək göstərmək işində bu dərnəklərin rolu əvəzedilməzdir. Muxtar respublikamızda innovativ dərnəklər bir çox məktəbdənkənar təhsil müəssisələrində fəaliyyət göstərir. Həmin müəssisələrdən biri də Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzidir. Dekabrın 4-də həmin mərkəzdə 3 dekabr – Beynəlxalq Əlillər Günü ilə bağlı sağlamlıq imkanları məhdud uşaqların əl işlərindən ibarət sərgi keçirildi, innovativ dərnəklərə ekskursiyalar edildi, sağlamlıq imkanları məhdud uşaqlar üçün 10 günlük bijuteriya kursu təşkil olundu. Biz də həmin gün sərgi ilə tanış olduq.

 

Mərkəzin direktoru Ceyran Alməmmədova ilə söhbətimiz zamanı bildirdi ki, təhsilə göstərilən dövlət qayğısının nəticəsidir ki, təhsilin bütün pillələri, eləcə də məktəbdənkənar təhsil üzrə yaradılan müasir tədris şəraiti uşaq və gənclərin maraqlarına uyğun müxtəlif kurslarda, dərnəklərdə və fərdi məşğələlərdə iştirakına geniş imkanlar açır. Bu mənada, mərkəzdə yaradılan innovativ dərnəklər uşaq və gənclərin maraq və bacarıqlarının, intellektual səviyyələrinin və yaradıcılıq qabiliyyətlərinin inkişafı, asudə vaxtlarının səmərəli təşkilində böyük əhəmiyyət daşıyır. Həmin innovativ dərnəklər Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin qayğısı ilə 2019-cu ilin oktyabrın 26-da fəaliyyətə başlamışdır. Mərkəzdə robotexnika, memarlıq-dizayn, mental aritmetik, xalçaçılıq, metal üzərində bədii döymə, ağac üzərində oyma, ebru sənəti, qum sənəti, dulusçuluq, dram, gimnastika, sürətli oxu və digər dərnəklər olmaqla, ümumilikdə, 14 adda innovativ dərnək vardır. Həmin dərnəklərə sağlamlıq imkanları məhdud uşaq və gənclər cəlb edilib. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin Sərəncamı ilə təsdiq olunan “2021-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında sağlamlıq imkanları məhdud uşaqların təhsili və reabilitasiyası üzrə Dövlət Proqramı”nın icrası istiqamətində Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin təşkilatçılığı ilə mərkəzdə mütəmadi olaraq dərnəklərə üzv olan sağlamlıq imkanları məhdud uşaqların əl işlərindən ibarət sərgilər keçirilir. Bu onların istedad və bacarıqlarının üzə çıxarılması, asudə vaxtlarının səmərəli təşkilində çox mühüm rol oynayır.

Mərkəzdə sağlamlıq imkanları məhdud uşaq və gənclərlə, onların dərnək rəhbərləri ilə həmsöhbət olduq.
Bədii tikmə dərnəyinin rəhbəri Şükufə Məmmədova illərdir, dekorativ-tətbiqi sənətin bir növü olan bədii tikmə sənətini uşaqlara öyrədir. Bu sənətin tarixi haqqında məlumat verən müsahibim deyir ki, orta əsrlər dövründən etibarən Naxçıvanda tikmə sənəti geniş yayılıb, bu sənətlə məşğul olan ustalar rəngarəng ipək və yun saplardan, həndəsi və nəbati naxışlar əsasında düzülmüş piləklərdən istifadə etməklə tikmə sənətinin müxtəlif növlərini yaradıblar. Sevindiricidir ki, cilalana-cilalana dövrümüzə qədər gəlib çatan bədii tikmə sənəti bu gün də muxtar respublikamızda yaşadılır. Bu həm də milli-mənəvi dəyərlərimizi qoruyub saxlamaq baxımından vacib əhəmiyyət kəsb edir. Biz də bu sahədə həvəsi, bacarığı olan uşaqları mərkəzdə dərnəyə üzv qəbul edirik. Onların içərisində bu sənət sahəsinə maraqgöstərən sağlamlıq imkanları məhdud uşaqlarımız da vardır. Naxçıvan şəhər 8 nömrəli tam orta məktəbin şagirdi Leyla Bayramova bir ildir, dərnəyə gəlməyinə baxmayaraq, çox gözəl tikmə nümunələri hazırlayır. Leylaya bu sənətin bütün sirlərini öyrədirəm. Muncuqla, piləklə, mat, ipək saplarla işləyirik. Onun əl işləri muxtar respublikada, mərkəzdə keçirilən sərgilərdə, tədbirlərdə nümayiş olunur və özünə yer alır. Sərgi-satışlardan əldə olunan gəlir isə onların özlərinə verilir. Bu onları həm həvəsləndirir, həm də dərnəyə üzv olmaq istəyənlərin sayını artırır.

Mərkəzdə yaradılan dulusçuluq, metal üzərində bədii döymə, ağac üzərində oyma və xalçaçılıq dərnəkləri gənclərə xalq yaradıcılığı nümunələrini, dekorativ-tətbiqi sənətin sirlərini öyrətmək və bu sənət sahələrini yaşatmaq baxımından mühüm əhəmiyyət daşıyır. Dulusçuluq dərnəyinin rəhbəri Elnur Əliyev artıq üçüncü ildir ki, bu sənətin incəliklərini uşaqlara öyrədir. Müsahibim bildirir ki, uşaqlarla birgə gil və digər keramika materiallarından müxtəlif əşyalar – rəngli, şirli, müasir qablar, dekorativ əşyalar hazırlayırıq. Əl əməyinə əsaslanan, böyük zəhmət tələb edən bu işlə sağlamlıq imkanları məhdud uşaqlar da maraqlanır və onlar gözəl dulusçuluq nümunələri ərsəyə gətirirlər. Onlardan biri olan Tofiq Həsənov 6 yaşından Estetik Tərbiyə Mərkəzində, sonra isə Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzində müxtəlif dərnəklərə yazılıb. Naxçıvan şəhər 15 nömrəli tam orta məktəbi bitirən Tofiq indi həm bədii tikmə, həm aplikasiya, həm də dulusçuluq sahəsində öyrəndiklərini tətbiq edir. Tofiqlə söhbət zamanı dedi ki, hazırda İkinci Qarabağ müharibəsində işğaldan azad edilən torpaqlarımızın motivlərini hazırladığı dulus nümunələri üzərində işləyir. O, möhtəşəm Şuşa qalasının motivini keramika materialları vasitəsilə işləyib. Həmçinin ötən il, eləcə də bu il mərkəzdə keçirilən sərgilərdə iştirak edib və əl işlərinə görə diploma layiq görülüb.
32 ildir ki, aplikasiyanın sirlərini şagirdlərinə öyrədən Püstə Alıyeva qeyd edir ki, aplikasiya dekorativ-tətbiqi sənətin geniş yayılmış növüdür. Aplikasiya latıncadan tətbiq etmək mənasını verir və hər hansı materialdan kəsilmiş hissələrin müəyyən bir səth üzərində yapışdırılması vasitəsilə yaradılmış bədii təsvirdir. Aplikasiya üsullarından istifadə etməklə parça üzərində müxtəlif mövzulu kompozisiyalar yaratmaq, paltarların, divar pannolarının, məişət əşyalarının bəzədilməsində istifadə etmək olar. Dərnək rəhbəri onu da bildirir ki, dörd ildir, xüsusən sağlamlıq imkanları məhdud uşaqlarla məşğul olur. Hazırda mərkəzdə bu sosial kateqoriyaya aid 10 uşaq və gənclə işləyir. “6, 12, 16, 18, 22 yaşlarında dərnək üzvlərim var”, – deyən Püstə xanım onlarla işləməkdən zövq aldığını vurğulayır. Özcan Allahverdiyev də onun şagirdidir. Sonradan yaranan bir xəstəliklə danışma və duyma qabiliyyətini itirən Özcan Naxçıvanda böyüyüb, boya-başa çatıb. Müsahibim deyir ki, onun çox yaxşı düzmə qabiliyyəti var və işlədiyi aplikasiya nümunələri peşəkarlığı ilə seçilir. Buna görə də sərgilərdə çox bəyənilir və yer tutur.
Dekorativ rəsm dərnəyinin rəhbəri Səkinə Qarayeva ilə həmsöhbət oluruq. O, 15 ildir ki, bu sənət sahəsində çalışır və xalq yaradıcılığının inkişafındakı səmərəli fəaliyyətinə görə 2015-ci ildə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin müvafiq Sərəncamına əsasən “Rəşadətli əməyə görə” nişanı ilə təltif edilib. Səkinə xanım vurğuladı ki, muxtar respublikada bütün sahələrdə istedadlı gənclər yetişir. Bu gün rəssamlıq sənətinə maraq göstərən sağlamlıq imkanları məhdud uşaqların gələcəkdə yaxşı sənət adamı kimi formalaşmasında innovativ dərnəklərin böyük rolu vardır. Dekorativ rəsm dərnəyinə də onların maraq göstərməsi məni hədsiz sevindirir.
Səkinə xanımın dərnək üzvlərindən biri Ərkan Əsgərovla həmsöhbət olduq. O dedi: “Babək rayonun Naxışnərgiz kəndindənəm, X sinifdə təhsil alıram. III sinifdə oxuyandan müxtəlif şəkillər çəkirəm. Ötən il valideynim mərkəzə müraciət etdi. Kompozisiya, natürmort, portret və digər janrlarda rəsmlər çəkirəm. Əl işlərim Babək rayonunda, Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyində, mərkəzdə keçirilən sərgilərdə nümayiş olunub. Son vaxtlar torpaqlarımızın işğaldan azad edilməsi uğrunda şəhid olan qəhrəmanlarımızın portretlərini çəkirəm. Vətənpərvərlik mövzusu mənim rəsmlərimdə əsas yer tutur. Şəhidlərimizdən Muxtar Qasımlı, Polad Həşimov, Abbasəli İsmayılov, Mübariz İbrahimov və digərlərinin rəsmlərini çəkmişəm. Dərnək rəhbərimdən öyrəndiklərim yeni məlumatlar mənə çox kömək edir”.
Mərkəzin Estetik tərbiyə, təsviri incəsənət və musiqi şöbəsinin baş metodisti, dekorativ əl işləri dərnəyinin rəhbəri Arzu Mustafayeva qeyd edir ki, dərnəyin 20 üzvü var ki, onlardan ikisi sağlamlıq imkanları məhdud uşaqdır. Muxtar respublikamızda bu sosial kateqoriyaya aid uşaqlara həmişə diqqət və qayğı göstərilir. Bu mənada, bizim mərkəzin də üzərinə böyük vəzifələr düşür. Xüsusi qayğıya ehtiyacı olan uşaqların cəmiyyətə inteqrasiyasına, istedad və bacarıqlarının üzə çıxarılmasına çalışırıq. Onlar mənim dərnəyimdə müxtəlif vasitələrdən istifadə etməklə mücrü, gül, güldan, muncuqlardan ağac və müxtəlif əl işləri hazırlayırlar. Əsma Darçınlı fəal şagirdlərimdən biridir. Naxçıvan Qarnizonu tam orta məktəbində VII sinifdə təhsil alır, mütəmadi olaraq dərnəyə gəlir. Uşaqlıqdan rəsm çəkir, əl işləri hazırlayır. Burada öz bacarıqlarını daha da təkmilləşdirir.
Minurə Mürsəlova ebru dərnəyinin rəhbəridir. O, sənət haqqında ətraflı məlumat verərək qeyd etdi ki, su üzərində rəsm çəkmə sənəti olan ebru incəsənətin maraqlı növlərindəndir. Ebru sənəti tamamilə təbii materiallar əsasında, su üzərində aparılır. Bu sənət növü, xüsusilə də sağlamlıq imkanları məhdud uşaqlarda özgüvəni artırır, diqqət dağınıqlığını aradan qaldırır, beyni dincəldir, pozitiv enerji verir. Bir sözlə, xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün hər cəhətdən faydalıdır. Ona görə bu sənətə həm də art-terapiya deyilir, yəni incəsənətlə bir növ müalicə üsuludur. Hazırda Fəridə Cəfərovaya bu sənətin sirlərini öyrədirəm. Çox gözəl əl qabiliyyəti vardır. Ötən il ebru sənəti üzrə müsabiqədə I yeri, bu il də muxtar respublika üzrə II yeri tutub. Sərgilərdə bir neçə dəfə diplomlar alıb. Çox bacarıqlıdır. Fəridənin gələcəkdə fərdi sərgisini də keçirəcəyik.
Qeyd edək ki, sağlamlıq imkanları məhdud istedadlı şəxslərin ölkə səviyyəli yaradıcılıq tədbirlərində iştirakına da xüsusi önəm verilir və sevindirici haldır ki, son dövrlərdə bu sahədə uğurlu nəticələr əldə olunur. Son olaraq, Bakı şəhərində 3 dekabr - Beynəlxalq Əlilliyi olan Şəxslər günü ilə əlaqədar keçirilən XI Ümumrespublika Yaradıcılıq Sərgi-Müsabiqəsi də bu baxımdan yaddaqalan olub. Məqsədi əlilliyi olan şəxslərin istedad və qabiliyyətlərinin cəmiyyətə təqdim olunması, yaradıcılıq imkanlarının və cəmiyyətə inteqrasiyasının dəstəklənməsi olan tədbirdə Bakı və respublikamızın bölgələri üzrə sağlamlıq imkanları məhdud uşaqlar da daxil olmaqla 217 nəfərin, ümumilikdə, 1346 əl işi nümayiş olunub. Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təşkilatçılığı ilə istedadlı sağlamlıq imkanları məhdud 14 müəllifin 138 əl işi də sözügedən tədbirə təqdim olunub. Naxçıvan təmsilçisi Ramil Əhmədovun, Azərbaycanın Milli Qəhramanı Mübariz İbrahimovu təsvir etdiyi rəsm əsəri müsabiqənin ikinci yerinə layiq görülüb. Təqdim edilən yaradıcılıq nümunələri münsiflər heyəti tərəfindən sağlamlıq imkanları məhdud şəxslərin yaş qrupları da nəzərə alınmaqla 11 nominasiya üzrə qiymətləndirilib. Müvafiq nominasiyalar üzrə yer tutan müəlliflərə diplom və mükafatlar, həmçinin sərgi-müsabiqənin digər iştirakçılarına həvəsləndirici mükafatlar və təşəkkürnamələr təqdim olunub.

Güntac ŞAHMƏMMƏDLİ

 

 

 

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR