Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və Gənclər Fondunun birgə təşkilatçılığı ilə sosial könüllülər və istedadlı sağlamlıq imkanları məhdud şəxslərin görüşü keçirilib.
Tədbirdə çıxış edənlər muxtar respublikada sağlamlıq imkanları məhdud şəxslərin cəmiyyətə inteqrasiyası istiqamətində görülən işlərdən danışıb, bu sahədə birgə tədbirlərin əhəmiyyətindən bəhs ediblər. Sağlamlıq imkanları məhdud gənclərdən Nail Hacıyev bu sosial kateqoriyaya aid olan şəxslərin cəmiyyətdəki rolu və istedadlarının üzə çıxarılmasına göstərilən dövlət qayğısına dair çıxış edib, yaradılan şəraitə görə minnətdarlığını bildirib. Daha sonra görüş iştirakçıları müxtəlif uğur hekayələrindən bəhs edən qısametrajlı videoçarxları izləyib, mövzu ətrafında fikir mübadiləsi aparıblar. Digər tədbir iştirakçıları da fərdi inkişafları və əldə etdikləri uğurlardan danışıb, istedadlarına uyğun yaradıcılıq nümunələri hazırlayaraq nümayiş etdiriblər.
Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidməti