Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin təşkilatçılığı ilə muxtar respublika məktəbliləri arasında “Xətt izləyən robot” yarışı keçirilib.
Müsabiqənin keçirilməsində məqsəd şagirdlərin texnologiya sahəsinə marağını və bu sahədəki məlumatlılığını artırmaq, robototexnika üzrə bilik və bacarıqlarının aşkar edilməsi, robotların qurulması, proqramlaşdırılması, idarə edilməsi metodlarını öyrətməkdən ibarət olub.
Tədbirdə iştirak edən Naxçıvan Muxtar Respublikasının təhsil naziri Rəhman Məmmədov ümumtəhsil məktəblərində STEAM təhsilinin tətbiqi ilə bağlı görülən işlər haqqında danışıb.
Vurğulanıb ki, 2019-cu ildə şagirdlərin asudə vaxtlarının səmərəli təşkili məqsədilə tətbiq edilən “İnnovativ dərnəklər” layihəsi məktəblilərin robototexnika sahəsini öyrənməsinə geniş imkanlar açır. Bu gün, ümumilikdə, 45-dən çox yeni innovativ dərnəklər yaradılıb. Belə şəraitdən yararlanan məktəblilər artıq muxtar respublika və ölkə səviyyəli yarışlarda öz ideyaları ilə layihələr hazırlayaraq iştirak edirlər. Dekabrın 9 və 10-da Bakı şəhərində keçirilən “STEAM Azərbaycan festivalı-2021”də ölkə üzrə 3-cü yerin qalibi olublar.
Çıxışdan sonra təhsil naziri məktəbli komandaların “Xətt izləyən robot” yarışması üçün arduino, microbit və lego dəstlərindən hazırladıqları robotlarla tanış olub, şagirdlər robot layihələri haqqında məlumat veriblər. Sonra yarışa start verilib, komandalar müxtəlif yol xətti üzərində robotlarını işə salıblar.
Yarışda şəhər və rayon məktəblərinin VI-XI sinifləri üzrə 29 komanda olmaqla, ümumilikdə, 90 şagird müxtəlif sayda xətt izləyən robotla yarışıb.
Sonda uğur qazanan komandalar medal və hədiyyələrlə mükafatlandırılıblar.
Naxçıvan Muxtar Respublikası
Təhsil Nazirliyinin mətbuat xidməti