30 Dekabr 2024, Bazar ertəsi

“Muzey günləri” çərçivəsində Naxçıvan Dövlət Universitetinin kollektivi Naxçıvan Dövlət Rəsm Qalereyası və Miniatür Kitab Muzeyində olub. Ekskursiya zamanı bələdçi Alsu Mikayılova Heydər Əliyev Sarayında muzeytipli müəssisə kimi fəaliyyət göstərən Naxçıvan Dövlət Rəsm Qalereyası haqqında məlumat verərək bildirib ki, bu mədəniyyət ocağı 1982-ci ildə ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə yaradılıb. Qalereyanın fondunda 150-dən çox rəssamın 500-ə yaxın əsəri var, hazırda ekspozisiya zalında 100-ə yaxın rəsm əsəri nümayiş etdirilir. Ekspozisiyanın I guşəsini ulu öndər Heydər Əliyevə həsr olunmuş rəsm əsərləri və büstlər təşkil edir. Digər guşə görkəmli fırça ustaları tərəfindən mənzərə və kompozisiya janrında çəkilən əsərlərə həsr olunub. Qalereyanın növbəti guşəsi yerli və xarici ölkə rəssamlarının festivallarda çəkərək qalereyaya təqdim etdikləri rəsm əsərlərindən ibarətdir. Nəzərə çatdırılıb ki, sonuncu guşədə naxçıvanlı rəssamların müxtəlif janrlarda çəkilmiş dəyərli rəsm əsərləri nümayiş olunur. Ali təhsil ocağının əməkdaşlarının da əsərlərinin nümayiş edildiyi qalereyaya universitetin İncəsənət fakültəsinin dekanı, Naxçıvan Muxtar Respublikasının Əməkdar rəssamı Cavid İsmayılovun müəllifi olduğu “Doğma diyar” əsəri hədiyyə olunub.


Heydər Əliyev Sarayında yerləşən Miniatür Kitab Muzeyində olan qonaqlara məlumat verilib ki, miniatür kitab kolleksiyalarının müəllifi Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi, filoloq, miniatür Zərifə Salahovadır. Onun müəllifi olduğu kolleksiya 2015-ci ildə “Ginnesin Rekordları Kitabı”na düşüb. Vurğulanıb ki, Miniatür Kitab Muzeyi ölkəmizdə III filial kimi fəaliyyət göstərir. 1086 nüsxə miniatür kitabın nümayiş olunduğu muzeydə 31 ölkənin bayrağı, 15 vitrindən ibarət müxtəlif kitablar, foto və diplomları sərgilənir. Burada, həmçinin ölkədə nəşr edilən mini, mikro və nadir, dini miniatür, keçmiş SSRİ-nin müttəfiq respublikalarında və Rusiya Federasiyasında 1991-ci ildə nəşr edilən kitablar, habelə məşhur şəxsiyyətlərin avtoqrafları olan miniatürlər nümayiş etdirilir.
Diqqətə çatdırılıb ki, muzeydə ümummilli lider Heydər Əliyevin fəaliyyətini əks etdirən kitablar, o cümlədən müstəqil Azərbaycanın daxili və xarici siyasətində baş verən mühüm tarixi hadisələr haqqında kitablar yer alır. Muzeydə, həmçinin Azərbaycan ədəbiyyatının klassikləri, elm və incəsənət xadimləri, şair, yazıçı, alimləri və bir çox görkəmli şəxsiyyətlər haqqında kitablar da sərgilənir. Qeyd edilib ki, muzeyin ən kiçikölçülü kitabı 3 dildə çap olunan Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Olimpiada andı” kitabıdır.

Naxçıvan Dövlət Universitetinin
Televiziya, mətbuat və
­ ictimaiyyətlə əlaqələr bölməsi

 

 

 

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR