Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2005-ci il 30 dekabr tarixli Fərmanına əsasən Naxçıvan Muxtar Respublikasının Fövqəladə Hallar Nazirliyi yaradılmışdır.
Ümummilli liderimiz Heydər Əliyevin “Bir hadisənin qarşısını almaq, o hadisə baş verəndən sonra onun nəticələrini aradan götürməkdən daha asandır” müdrik fikri əsas götürülərək Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyi fövqəladə halların qarşısının alınması, istehsal və sosial təyinatlı obyektlərin, yeraltı və yerüstü sərvətlərin yanğınlardan qorunması, eləcə də tikintidə, sənayedə və dağ-mədən işlərində texniki təhlükəsizliyin təmin edilməsi sahələrində qarşıya qoyulmuş vəzifələri yerinə yetirməyə çalışır. Nazirliyin maddi-texniki bazası ötən dövrdə əhəmiyyətli dərəcədə möhkəmləndirilmiş, peşəkar şəxsi heyət formalaşmışdır. Bu gün muxtar respublikada mülki müdafiə, əhalinin və ərazilərin fövqəladə hallardan qorunması, yanğın təhlükəsizliyinin, su hövzələrində və tikintidə insanların təhlükəsizliyinin, eləcə də sənayedə texniki təhlükəsizliyin təmin olunması sahələrində məqsədyönlü tədbirlər həyata keçirilir. Nazirliyin əməkdaşları fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılmasında fədakarlıq nümayiş etdirirlər.
Muxtar respublikada aparılan quruculuq işləri Fövqəladə Hallar Nazirliyini də əhatə etmiş, nazirliyin müvafiq qurumlаrı üçün müasir iş və xidmət şəraiti yaradılmışdır. 2012-ci ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin iştirakı ilə nazirliyin inzibati binasının açılışı olmuşdur. Bundan başqa, 2007-ci ildə Dövlət Yanğın Təhlükəsizliyi İdarəsi və Naxçıvan Şəhər Dövlət Yanğın Təhlükəsizliyi Şöbəsinin inzibati binası və texniki qarajları yenidən qurulmuşdur. 2009-cu ildə Kəngərli, Şahbuz, Ordubad, 2013-cü ildə Şərur və Babək, 2014-cü ildə isə Sədərək rayon şöbələrinin inzibati binaları və texniki qarajları tikilərək istifadəyə verilmişdir. 2020-ci ilin noyabrın 26-da Culfa Rayon Dövlət Yanğın Təhlükəsizliyi Şöbəsinin yeni xidmət kompleksinin istifadəyə verilməsi, yanğınsöndürən və xidməti avtomobillərin, eləcə də yanğınsöndürən və xilasedicilər üçün xüsusi geyim formalarının təqdim olunması bu sahəyə göstərilən diqqət və qayğının bariz nümunəsidir.
Ötən dövrdə Mülki Müdafiə Alayının maddi-tədris bazasının təkmilləşdirilməsi də diqqət mərkəzində saxlanılmış, bu məqsədlə təlim mərkəzi istifadəyə verilmişdir. Həyata keçirilən quruculuq tədbirləri çərçivəsində şəxsi heyətin yaşayış və mənzil şəraitinin yaxşılaşdırılması da diqqətdə saxlanılmış, ölkə Prezidentinin iştirakı ilə Naxçıvan şəhərində zabit-gizir ailələri üçün 48 mənzilli yaşayış binası istifadəyə verilmişdir. Həmçinin bu günə kimi Mülki Müdafiə Alayına, Dövlət Yanğın Təhlükəsizliyi İdarəsi və onun yerli qurumlarına müxtəlif təyinatlı yanğınsöndürmə avtomobilləri və nəqliyyat vasitələri, 2010-cu ildə isə xidmətə helikopter verilmiş, Mülki Müdafiə Alayında və Batabat Dövlət Qoruğu ərazisində uçuş-enmə meydançaları hazırlanmışdır. Bu il, həmçinin Mülki Müdafiə Alayında şəxsi heyətin sosial-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə əsgər yataqxanası və yeməkxanasında, qərargah binasında təmir və yenidənqurma işləri həyata keçirilmiş, səfərbərlik ehtiyatı və əşya anbarı yenilənmişdir.
Nazirliyin Xüsusi Riskli Xilаsеtmə Xidmətinin fəаliyyətinin təmin еdilməsi məqsədilə yüksəkmərtəbəli binalarda xilasetmə işlərinin aparılması üçün alpinist şəhərciyi tikilmiş, xüsusi təyinatlı itlərin təlimlərinin keçirilməsi üçün müasir təlim mərkəzi yaradılmış, itlərin saxlanılması üçün Kinoloji bölmə inşa edilmişdir. Aparılan məqsədyönlü tədbirlərin nəticəsidir ki, Xüsusi Riskli Xilаsеtmə Xidməti bu gün muxtar respublika ərazisində fövqəladə hadisələrə çеvik rеaksiya vеrir, xüsusi riskli axtarış və qəza-xilasеtmə əməliyyatlarını, zərərçəkmişlərə ilkin və təxirəsalınmaz tibbi yardımın göstərilməsini peşəkarlıqla yerinə yetirir.
Ötən dövrdə peşəkarlığın artırılması məqsədilə nazirliyin əməkdaşları Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Akademiyasına, Bakı Yanğın-Texniki Kollecinə, Ukrayna Respublikasının Xarkov şəhərindəki və Belarus Respublikasının Minsk şəhərindəki akademiyalara təhsil almağa göndərilmişlər. Təhsillərini başa vuran əməkdaşlar müvafiq vəzifələrə təyin edilmişlər.
Bu il nazirliyin müvafiq qurumlarının heyətləri təcrübə qazanılması məqsədilə Naxçıvanda keçirilən “Sarsılmaz qardaşlıq-2021” Azərbaycan-Türkiyə birgə əməliyyat-taktiki təliminə cəlb olunmuşlar. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi və Avstriya Respublikası Federal Daxili İşlər Nazirliyinin qarşılıqlı əməkdaşlığı çərçivəsində 11-19 dekabr tarixlərdə Qusar rayonunda dağ alpinizmi və qar uçqunlarında axtarış-xilasetmə üzrə təlimində Naxçıvan Muxtar Respublikasının Fövqəladə Hallar Nazirliyinin müvafiq şəxsi heyəti də iştirak edərək Avstriya Daxili İşlər Nazirliyinin müvafiq sertifikatlarını almışdır.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2016-cı il 17 mart tarixli Sərəncamına əsasən “Naxçıvan Muxtar Respublikasının fövqəladə hallar atlası” hazırlanaraq nəşr olunmuşdur. Həmin atlas fövqəladə hallar orqanları əməkdaşlarının işinə köməklik edən və mühüm elmi əhəmiyyətə malik olan sənəddir.
Bu gün Dövlət Tikintidə Təhlükəsizliyə Nəzarət İdarəsi tərəfindən tikinti materiallarının dövlət standartlarının tələblərinə cavab verməsinin yoxlanılması və həmin sahə üzrə dövlət nəzarətinin həyata keçirilməsi diqqət mərkəzində saxlanılır. Bundan başqa, əhalinin ehtimal olunan radioaktiv, kimyəvi zəhərlənmələrdən mühafizəsinin təşkilində operativliyi təmin etmək məqsədilə müvafiq tədbirlər görülmüş, bu sahədə maddi-texniki baza gücləndirilmişdir. Həmçinin muxtar respublikada taxılın saxlanma şəraiti, yanğın və texniki təhlükəsizlik məsələləri mütəmadi olaraq yoxlanılır.
2021-ci ildə muxtar respublikada virus infeksiyalarına və yoluxucu xəstəliklərə qarşı profilaktik tədbirlər aparılaraq Naxçıvan şəhərində, rayon, qəsəbə və kənd mərkəzlərində, ümumilikdə, 37 milyon kvadratmetrdən artıq sahədə dezinfeksiya işləri aparılmış, 8 milyon kvadratmetrə yaxın ərazi zərərverici həşəratlara qarşı dərmanlanmışdır.
Cari ildə tikintisi başa çatdırılan 44 obyektin istismara hazırlığı yoxlanılmış, 458 sayda tikinti materialları nümunələri laboratoriya şəraitində sınaqdan keçirilmişdir. 2021-ci ildə muxtar respublikada mülki müdafiə işinin təşkili ilə bağlı 6 obyektdə taktiki-xüsusi təlim, 2 obyektdə məşğələ, 5 konfrans keçirilmişdir. 282 ümumtəhsil məktəbində mülki müdаfiə işinin təşkili vəziyyəti yoxlanılmışdır. Həmçinin bu il yanğın təhlükəsizliyinin təmin edilməsi məqsədilə 4156 obyektdə yoxlamalar keçirilmiş, il ərzində 114 potensial təhlükəli obyektdə yanğın texniki müayinələr aparılmış, işçilər maarifləndirilmişdir.
2021-2022-ci illərin payız-qış mövsümünə hazırlıqla bağlı 784 qazanxananın texniki və yanğın təhlükəsizliyi vəziyyəti yoxlanılmış, 356 nəfər qazanxana maşinisti ixtisası üzrə kurslara cəlb olunmuşdur. Dövlət Yanğın Təhlükəsizliyi İdarəsi və onun yerli qurumları Dövlət Sığorta Agentliyinin nümayəndələri ilə birgə 712 obyektin yanğından icbari sığortalanmasını təmin etmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov demişdir: “Fövqəladə Hallar Nazirliyi öz fəaliyyətini fövqəladə hadisələrin qarşısının alınması, bu sahədə dövlət siyasətinin həyata keçirilməsi istiqamətində qurur. Ölkəmizdə, eləcə də muxtar respublikamızda nazirliyin fəaliyyəti tam təmin olunmuş, struktur qurumları üçün müasir iş və xidmət şəraiti yaradılmışdır. İnsanların həyatının, dövlət əmlakının, fərdi təsərrüfatların və sahibkarlıq subyektlərinin baş verə biləcək hadisələrdən qorunması nazirliyin və onun müvafiq qurumlarının qarşısında duran başlıca vəzifələrdir”.
Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin şəxsi heyəti bundan sonra da fəaliyyətini qarşıya qoyulan tələblər əsasında quracaq, əhalinin və ərazilərin təhlükəsizliyi naminə təxirəsalınmaz tədbirləri uğurla yerinə yetirəcəkdir.
Naxçıvan Muxtar Respublikası
Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti