Azərbaycan Milli Elmlər Akademiyası Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanası 2022-ci ildə fəsillərin ölkəmizə daxilolma vaxtını açıqlayıb.
Rəsədxanadan bildirilib ki, gələn il yaz fəslinin ölkəmizə qədəm qoyması martın 20-də yerli vaxtla saat 19:33-ə təsadüf edəcək. Bu zaman gecə ilə gündüz bərabərləşir. Günəş ekliptika üzrə hərəkət edərək ekvatoru kəsərək Cənub yarımkürəsindən Şimal yarımkürəsinə keçir və həmin andan Şimal yarımkürəsində yaz fəsli başlayır.
Yay fəsli (Yay günəş duruşu) iyunun 21-i saat 07:32-də ölkəmizə daxil olacaq. Bu zaman Yerin fırlanma oxu Günəş istiqaməti ilə ən kiçik bucaq əmələ gətirir və ya Günəş həmin gün günorta vaxtı üfüqdən maksimum hündürlükdə (73⁰.1) olur. Həmin gün ən uzun gündüz və ən qısa gecə olur. Gündüzün uzunluğu 15 saat 3 dəqiqə 24 saniyə, gecənin uzunluğu isə 8 saat 56 dəqiqə 36 saniyə olacaq.
Payız fəsli sentyabrın 23-ü saat 05:03-də qeydə alınacaq. Bu zaman gecə ilə gündüz bərabərləşir. Günəş ekliptika üzrə hərəkət edərək ekvatoru kəsərək Şimal yarımkürəsindən Cənub yarımkürəsinə keçir və həmin andan Şimal yarımkürəsində payız fəsli başlayır.
Qış fəsli (Qış günəş duruşu) dekabrın 22-si saat 01:48-də Azərbaycana qədəm qoyacaq.. Bu zaman Yerin fırlanma oxu Günəş istiqaməti ilə ən böyük bucaq əmələ gətirir və ya Günəş həmin gün üfüqdən minimum hündürlükdə (26⁰.2) olur. Həmin gün ən qısa gündüz və ən uzun gecə olur. Gündüzün uzunluğu 9 saat 17 dəqiqə 22 saniyə, gecənin uzunluğu isə 14 saat 42 dəqiqə 38 saniyə olacaq.