Günlər həftələri, həftələr ayları əvəz edir və bir də görürük ki, artıq bir ili başa vurmuşuq. Köhnə ili necə yola salsan, yeni ili də elə qarşılayarsan, – deyiblər. Yurdumuzun insanları hər bayramda olduğu kimi, Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramını da sevinclə qarşılayır. Artıq iki ildir ki, bu bayramı bütöv Azərbaycan olaraq qeyd edirik.
Naxçıvan şəhərindəki Mərkəzi bazarda təşkil olunan bayram yarmarkasının elə ilk günündə buraya gələnlərin ardı-arası kəsilmirdi. Sakinlər keyfiyyəti ilə seçilən yerli məhsulları buradan münasib qiymətə ala bilirdilər. İstehlakçılara kənd təsərrüfatı məhsulları ilə yanaşı, digər ərzaq malları da təklif olunurdu. Yarmarkanın təşkilində məqsəd şəhər əhalisinin kənd təsərrüfatı və ərzaq məhsullarına tələbatının daha dolğun ödənilməsi, istehlakçıların seçim imkanlarının artırılması, süni qiymət artımının qarşısının alınmasından ibarətdir.
Yarmarkada bir neçə satıcı və alıcı ilə həmsöhbət olduq. Şərur rayonunun Axura kəndindən gəlmiş ailə təsərrüfatçısı Gülsüm Qafarovanın dedikləri:
– Yarmarkaya məhsul gətirənlərə hərtərəfli şərait yaradılıb. Səliqə-sahman da satıcı və alıcıların ürəyincədir. Burada məhsulları bazar qiymətindən 10-15 faiz ucuz təklif edirik. Altı ildən artıqdır ki, ailə təsərrüfatı sahibiyəm. Şərur rayonunun bərəkətli torpaqları var. Bir əkən min götürür. Meyvə quruları istehsalı ilə məşğuluq. Bağımızdan topladığımız meyvələri xüsusi şəkildə qurudur və qablaşdırırıq. Yarmarka başlayan gündən buradayıq, yaradılan şərait çox yaxşıdır. Bütün bunlara görə minnətdarıq. Belə tədbirlər torpaq mülkiyyətçilərinin, ailə təsərrüfatçılarının min bir zəhmətlə yetişdirdikləri məhsulları rahatlıqla satmalarına və ailə gəlirlərini artırmalarına şərait yaratmaqla yanaşı, həm də daxili bazarı yerli məhsullarla təmin edir. Yerli məhsullarımız isə həm dad-tamı, həm keyfiyyəti, həm də qiyməti ilə sakinlərin ürəyincədir.
Sədərək rayon sakini Nazilə Əliyeva Sədərəkdə fəal qadın ailə təsərrüfatçılarından biridir.
O deyir:
– Rayonumuzda kənd təsərrüfatının inkişafı üçün hərtərəfli imkanlar yaradılıb. Kim istəyir, ailə təsərrüfatı yaradır. İşləyən, zəhmət çəkənlər dövlətimizin qayğısından güc alaraq sahibkara çevrilir, öz ailəsi ilə bərabər bir neçə ailənin də çörək pulu qazanmasına kömək edir. Həyətyanı sahəmdə və pay torpağımda əkib-becərdiyim məhsullardan hazırladığım yeməkləri, müxtəlif turşu növlərini, mürəbbə, doşab, meyvə cemlərini yarmarkaya gətirmişəm. Bunlarla yanaşı, qida kimi istifadə olunan yabanı bitkilərin, gündəlik istifadə etdiyimiz göyərtilərin qurudulmuşu da alıcıların diqqətini çəkir.
Babək rayon Aşağı Buzqov kənd sakini Orhan Baxşəliyev də ailə təsərrüfatı sahibidir. O, yarmarkaya müxtəlif meyvələr gətirib. Deyir ki, meyvəçilik və maldarlıqla məşğuldur. Münbit torpağımız və dövlət qayğısı bizi öz elimizə, obamıza daha möhkəm bağlayıb. Əkib-becərib əmək sərf edir, qarşılığını isə ikiqat görürük. İndi istər qadın, istərsə də kişi olsun, zəhmət çəkən bəhrəsini dadır. Dövlətimiz bizim yaxşı dolanışığımız üçün hər cür şərait yaradıb. Məhsulumuzu istədiyimiz kimi satır, ailə büdcəmizə kömək edirik. Bu cür yarmarkaların təşkili hamımızın ürəyincədir.
Naxçıvan şəhər sakini Fatma Əliyeva deyir ki, məzrə, nanə, reyhan, şüyüd, keşniş qurusu alıb. Elə yeməklər var ki, onlara göyərti qurusu əlavə edəndə daha dadlı olur. Bir qismini uzaqda yaşayan qohum-əqrəbama sovqat göndərəcəyəm. Bu cür yarmarkaların önəmindən danışan şəhər sakini onu da bildirir ki, yarmarkaların təşkili uzaqları yaxın edir. Bir meyvə qurusu və ya cəviz mürəbbəsi almaq üçün Ordubada və ya dastana almaq üçün Sədərəyə gedə bilmərik, amma dövlətimizin yaratdığı bu şəraitdən bəhrələnərək nə istəsək ala bilərik. Sədərək rayonunun satış stendindən təndir dastanası, Ordubad rayonundan gətirilən sucuq, alana, cəviz mürəbbəsi, Şərurun bərəkətli torpağında yetişən göycə, şaftalı qurusu aldım.
Alıcılardan Naxçıvan şəhər sakini 70 yaşlı Bəyim nənənin dediklərindən:
– Bu günlərdə biz qadınları düşündürən əsas məsələ qarşıdan gələn yeni ildə süfrəmizi necə bəzəyəcəyimizdir. Əvvəllər bayram yaxınlaşanda bilmirdik ki, neyləyək. 90-cı illərin əvvəlləri yaxşı yadımdadır, nə bir meyvə, nə tərəvəz, nə də ki, ət olurdu bişirib süfrəyə qoymağa. Uşağın da, qonağın da yanında üzüqara olurdu insan. Bu gün isə, min şükür, sağ olsun dövlətimizi, bolluq yaradıb. Ürəyin istəyəni alıb süfrəyə qoya bilirsən.
Satıcı və alıcılarla söhbətdən sonra belə qənaətə gəlirik ki, muxtar respublikamızda bütün sahələrlə yanaşı, kənd təsərrüfatının da inkişafına münbit şərait yaradılır, torpaq mülkiyyətçilərinə, ailə təsərrüfatlarına dəstək göstərilir. Qəbul edilən Dövlət proqramlarından irəli gələn vəzifələr uğurla icra olunur. Bütün bunlar daxili bazarın keyfiyyətli yerli məhsullarla təminatına, eləcə də istehsal olunan məhsulların satışına imkan verir. Mərkəzi bazarda təşkil edilən kənd təsərrüfatı məhsullarının satışı, bayram yarmarkalarında məhsul bolluğu deməyə əsas verir ki, həyata keçirilən tədbirlər öz töhfəsini verəcək.
Qeyd edək ki, dekabrın 25-də başlayan və beş gün davam edəcək yarmarkaya muxtar respublikanın bütün bölgələrindən onlarla ailə təsərrüfatı və istehsal müəssisələri istehsal etdikləri müxtəlif növ məhsullarla alıcıların xidmətində olacaqlar.
Məlumat üçün bildirək ki, bayram yarmarkasının ilk 2 günündə (25-26 dekabr 2021-ci il) 243 ailə təsərrüfatı, 31 sənaye və topdansatış müəssisələri iştirak etmiş, yarmarkaya 288 növdə məhsul çıxarılmışdır.
Ramiyyə ƏKBƏROVA