Dövlət orqanlarının peşəkar kadrlarla komplektləşdirilməsi, dövlət qulluğuna dair qanunvericiliyin tətbiqinə nəzarət, yeni imtahanların keçirilməsi və hamiliklə bağlı tədbirlərin davam etdirilməsi noyabr ayı ərzində də Dövlət İmtahan Mərkəzinin əsas fəaliyyət istiqaməti olub.
2-12 noyabr tarixlərdə dövlət orqanlarında vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün elan olunmuş növbəti müsabiqənin test mərhələsi keçirilib. Müsabiqəyə çıxarılmış 169 vakant vəzifənin tutulması üçün 696 müraciət qeydə alınıb. Test imtahanının nəticələrinə əsasən 606 namizəd imtahanlarda iştirak edib, 267 namizəd isə müvafiq keçid balını toplayaraq müsahibə mərhələsində iştirak etmək hüququ qazanıb.
Noyabrın 12-də ilk dəfə olaraq muxtar respublikada fəaliyyət göstərən dövlət teleradio və mətbuat orqanlarında işə qəbul üçün esse imtahanı keçirilib. İmtahanda iştirakçılara müstəqil mühakimə yürütmək və əsaslandırmaq bacarığını nümayiş etdirməyə imkan verən “Naxçıvan müstəqillik və dövlətçilik tarixində” mövzusu təqdim edilib. Dövlət teleradio və mətbuat orqanlarında vakant vəzifələrin tutulması üçün ilk dəfə keçirilən müsabiqədə iştirak etmək üçün 10, mətbuat və ictimaiyyətlə əlaqələr üzrə vakant vəzifələrin tutulması üçün esse mərhələsində iştirak etmək üçün 4 namizəd sənəd təqdim edib. Onlardan mətbuat orqanları üzrə 9, baş məsləhətçi vəzifələri üzrə isə 4 namizəd imtahanda iştirak edib, müvafiq olaraq namizədlərdən 5-i və 2-si keçid balını toplayaraq müsahibə mərhələsində iştirak etmək hüququ qazanıb. Müsahibə mərhələsinə sənəd qəbulu dekabrın 15-nə qədər davam edəcək.
Noyabrın 15-də Dövlət İmtahan Mərkəzinin təşkilatçılığı ilə “Naxçıvan” Universitetində “Karyera günü” keçirilib. 50-yə yaxın tələbənin iştirakı ilə keçirilən “Karyera günü”ndə slayd vasitəsilə “Naxçıvan Muxtar Respublikasında vətəndaşların dövlət orqanlarına və digər müəssisələrə işə qəbulu qaydaları” haqqında tələbə-gənclərə ətraflı məlumat verilib. Dövlət qulluğuna, dövlət qulluğunun xüsusi növlərinə, eləcə də dövlət müəssisə və təşkilatlarına işə qəbul, imtahan prosesinin təşkili və keçirilməsi qaydaları, imtahanların məzmunu, sual sayları və keçid balları ilə tanışlıq tələbə-gənclərin marağına səbəb olub, onları maraqlandıran suallar cavablandırılıb. Tədbirin sonunda tələbələrə Dövlət İmtahan Mərkəzinin fəaliyyəti, imtahanların keçirilməsi qaydaları və digər məlumatları özündə əks etdirən bukletlər paylanılıb.
22-30 noyabr tarixlərdə muxtar respublikanın dövlət ümumi təhsil müəssisələrində vakant vəzifələrə – psixoloq, laborant, kitabxana müdiri, kitabxanaçı, tərbiyəçi və uşaq birliyi təşkilatının rəhbəri vəzifələrinə işə qəbul üçün elan edilmiş müsabiqənin test imtahanları keçirilib. Müsabiqəyə müraciət etmiş 227 namizəd 89 vakant vəzifənin tutulması üçün biliklərini yoxlayıb.
Noyabr ayı ərzində hamiliklə bağlı tədbirlər də diqqətdə saxlanılıb. İxtisasların müvafiq təşkilatlara hamiliyə verilməsi məzunların gələcək karyera inkişafında xüsusi rol oynayır. Buna uyğun olaraq noyabrın 24-də Dövlət İmtahan Mərkəzinin əməkdaşları Naxçıvan Dövlət Universitetinin mərkəzə yeni hamiliyə verilmiş Dövlət və ictimai münasibətlər ixtisasında təhsil alan tələbələrlə görüşüb. Onlara “Dövlət qulluğu və dövlət qulluqçusu” və “Azərbaycanda dövlət qulluğunun təşəkkülü və əsas tarixi mərhələləri” mövzularında hazırlanmış slaydlar vasitəsilə seminar keçirilib.
Noyabr ayında Dövlət İmtahan Mərkəzi tərəfindən təşkil olunmuş müəllimlərin sertifikasiya imtahanları üçün hazırlıq kurslarında 317, dövlət qulluğu imtahanlarının müsahibə mərhələsi üçün hazırlıq kursunda 54, müəllimlərin sertifikasiyası üçün keçirilən sınaq imtahanlarında isə 639 nəfər iştirak edib.
Naxçıvan Muxtar Respublikası Dövlət
İmtahan Mərkəzinin mətbuat xidməti