21 Dekabr 2024, Şənbə

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi və Naxçıvan Dövlət Universitetinin birgə təşkilatçılığı ilə dünən Naxçıvan Muxtar Respublika Xəstəxanasında kardiologiyada yeniliklərə həsr olunmuş elmi-praktik konfrans keçirilib.


Naxçıvan Muxtar Respublikasının səhiyyə naziri Niyazi Novruzov konfransı açaraq ümummilli lider Heydər Əliyevin Azərbaycan səhiyyəsinin inkişafındakı misilsiz xidmətlərindən danışıb. Qeyd edib ki, ulu öndərin səhiyyə sisteminin inkişafı istiqamətində müəyyənləşdirdiyi vəzifələr bu gün muxtar respublikamızda da uğurla yerinə yetirilir. Səhiyyə sisteminin yeni dövrün tələblərinə uyğunlaşdırılması, əhalinin sağlamlığının etibarlı təminatına imkan verən müasir tibb infrastrukturunun yaradılması muxtar respublikada dinamik xarakter alan genişmiqyaslı quruculuq işlərinin mühüm tərkib hissəsinə çevrilmişdir. Əhalinin sağlamlığının qorunması istiqamətində həyata keçirilən mühüm islahatlar öz bəhrəsini verməkdədir. Son illərdə muxtar respublikada yüzlərlə səhiyyə obyektinin tikilərək, yaxud yenidən qurularaq istifadəyə verilməsi ölkəmizin iqtisadi potensialının sosial siyasətin icrasına, əhalinin sağlamlığına yönəldiyinin parlaq göstəricisidir.
Bildirilib ki, hazırda ürək-damar xəstəlikləri dünyada ölümün və sağlamlıq imkanları məhdudluğun əsas səbəblərindən biri sayılır və bu xəstəlik üzündən hər il 17 milyondan çox insan dünyasını dəyişir. Odur ki, kardiologiyanın bir elm kimi inkişafı müasir dövrümüzdə mühüm əhəmiyyət kəsb edir. Bu gün artıq Naxçıvanda da mütəmadi olaraq uğurlu açıq ürək əməliyyatları həyata keçirilir. Naxçıvan Diaqnostika Müalicə Mərkəzində və kardioloji mərkəzdə müasir angioqrafiya aparatları ilə aparılan müayinə və müalicələrdə, açıq ürək əməliyyatları, koronarangioqrafiya manipulyasiyası, ürək damarlarına stend qoyulması proseslərində Naxçıvan Dövlət Universitetinin məzunları olan gənc kadrların fəal iştirakı deməyə imkan verir ki, artıq kardiologiya Naxçıvanda da bir elm kimi inkişaf edir. Elmi-praktik konfransın keçirilməsində də məqsəd bu sahədə çalışan kardioloqların elmi biliklərini artırmaq, praktik vərdişlərini daha da yüksəltmək, bu xəstəliklərin diaqnostikası, profilaktikasında müasir yanaşmalara nail olmaq, yüksək texnologiyalar və innovasiyaların tətbiqi ilə bağlı nailiyyətləri təbliğ etmək və təcrübə mübadiləsi aparmaqdan ibarətdir.
Naxçıvan Dövlət Universitetinin rektoru, dosent Elbrus İsayev çıxışında vurğulayıb ki, ulu öndər Heydər Əliyevin misilsiz xidmətləri sayəsində ölkəmizdə bütün sahələrdə olduğu kimi, elm, təhsil və səhiyyə sektorunda da mühüm inkişaf, nailiyyətlər əldə edilib. Səhiyyənin vacib istiqamətlərindən sayılan kardiologiya və ürək-damar cərrahiyyəsi sahələrində də məhz ümummilli liderin diqqət və qayğısı sayəsində uğurlara nail olunub.
Qeyd olunub ki, hazırda keçirilən tədbirlər çərçivəsində kadr təminatının təkmilləşdirilməsi də vacib məsələ kimi daim diqqət mərkəzində saxlanılır. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin təşəbbüsü və ümummilli liderimiz Heydər Əliyevin himayəsi ilə 1999-cu ildə fəaliyyətə başlayan Naxçıvan Dövlət Universitetinin Tibb fakültəsi ilə muxtar respublikada ixtisaslı həkim hazırlığının əsası qoyulmuşdur. 25 tələbə ilə fəaliyyətə başlayan fakültədə hazırda 400-dən artıq tələbə təhsil alır ki, onların arasında xarici ölkə vətəndaşları da vardır. Universitetin Tibb fakültəsinin nəzdində açılan, 2021-2022-ci tədris ili üçün tələbə qəbulu aparılan Hərbi tibb ixtisası muxtar respublikada ali təhsilli tibbi kadr hazırlığı istiqamətində atılan mühüm addımdır. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsi ilə əlaqədar imzaladığı tarixi sərəncamlara uyğun olaraq həyata keçirilən tədbirlər nəticəsində son illər Naxçıvan səhiyyəsində müxtəlif ixtisaslar üzrə yüksəkixtisaslı gənc həkimlərin sayı xeyli artıb. Muxtar respublikanın səhiyyə müəssisələrinin əksəriyyətinə gənc kadrların rəhbərlik etməsi onlara göstərilən inam və etimadın göstəricisidir. Hazırda əsas diqqət kadr hazırlığını müasir tibbi bilik və bacarıqlar səviyyəsində təmin etməkdən ibarətdir.
Naxçıvan Muxtar Respublika Xəstəxanasının baş həkimi Zəbur Bağırov ixtisasların profillərinə uyğun olaraq Naxçıvan Muxtar Respublikasının müvafiq xəstəxanalarından baza xəstəxanası kimi istifadə edildiyini bildirib. Qeyd edib ki, tələbələrin kliniki dərslərinin əksəriyyətinin xəstəxanalarda, bilavasitə xəstələr üzərində keçmələri üçün lazımi şərait yaradılmışdır. Eyni zamanda Respublika Xəstəxanasının kompüter otaqlarında əməliyyatları auditoriyalarda canlı izləmək üçün müvafiq qurğular qurulmuşdur.
Sonra “Naxçıvan Muxtar Respublikası Kardioloji Mərkəzi” publik hüquqi şəxsin baş həkimi Ramin Hacıyev, “Naxçıvan Diaqnostika-Müalicə Mərkəzi” publik hüquqi şəxsin həkim kardioloqu Arif Cavadov, kardioloji mərkəzin həkim kardioloqu, Naxçıvan Dövlət Universitetinin rezidentura təhsil səviyyəsinin Kardiologiya ixtisası üzrə 2021-ci il məzunu Sara Əzizli, kardioloji mərkəzin həkim kardioloqu, Naxçıvan Dövlət Universitetinin Tibb fakültəsinin kardiologiya üzrə həkim rezidenti Tamam Seyidova, kardioloji mərkəzin həkim kardioloqu, Naxçıvan Dövlət Universiteti Tibb fakültəsinin hematologiya üzrə həkim rezidenti Səbunə Səfərova kardiologiya sahəsindəki aktual elmi problemlər və yeniliklərlə bağlı məruzələr ediblər.
Tədbirdə interaktiv diskussiyalar aparılıb, suallar cavablandırılıb.

Naxçıvan Muxtar Respublikası Səhiyyə
Nazirliyinin mətbuat xidməti

 

 

 

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR