21 Dekabr 2024, Şənbə

Dekabrın 7-8-də Britaniya Şurasının Azərbaycan Respublikası üzrə direktoru Fransis Qardener-Trexo Naxçıvan Muxtar Respublikasında səfərdə olub. Səfər çərçivəsində qonaq muxtar respublikanın Təhsil Nazirliyində və ali təhsil ocaqlarında bir sıra rəsmi görüşlər keçirib. Britaniya Şurasının Azərbaycan Respublikası üzrə direktoru, həmçinin “Naxçıvan” Universiteti tərəfindən keçirilən “Beynəlxalq həftə” layihəsi çərçivəsində Böyük Britaniya günlərində iştirak edib, muxtar respublikanın tarixi-mədəni abidələri ilə tanış olub. Fransis Qardener-Trexo muxtar respublikaya səfərinin məqsədi, burada keçirdiyi görüşlərin nəticələri barədə fikirlərini “Şərq qapısı” qəzeti ilə bölüşüb:


– Naxçıvana səfərimin məqsədi burada fəaliyyət göstərən universitetlərdə görüşlər keçirib, təhsil sahəsi üzrə perspektiv imkanları, gələcək layihələri müzakirə etmək idi. İlk görüşümüz Naxçıvan Muxtar Respublikasının təhsil naziri ilə oldu, məktəblərdə ingilis dilinin, bu fənni tədris edən müəllimlərin bilik səviyyəsini müzakirə etdik, reallaşdırılacaq layihələrin icra vəziyyəti barədə fikir mübadiləsi apardıq. Bildiyimiz kimi, British Councilin ölkədəki əsas missiyalarından biri ingilis dilinin inkişafı və təbliğidir. Bu sahədə biz muxtar respublikanın Təhsil Nazirliyi ilə gələcəkdə hansı işlər görə biləcəyimizi də müəyyənləşdirdik. British Council olaraq biz ingilis dili tədrisinin aparılmasında daha çox onlayn vasitələrdən istifadəni təbliğ edirik və bunu müzakirələrimizdə də bildirdik. Çünki bu üsul müəllimlərin, şagirdlərin ingilis dili materiallarına əlçatanlığını daha çox asanlaşdırır. Gələcəkdə bu istiqamətdə birgə iş görməyi planlaşdırırıq. Səfər çərçivəsində, həmçinin Naxçıvan Dövlət və “Naxçıvan” universitetlərində görüşlər keçirdik. Bu görüşlərin əsas məqsədi buradakı universitetlərin ingilis dili sahəsində beynəlxalq, o cümlədən də İngiltərədəki universitetlərlə əlaqələrinin yaradılması sahəsində hansı planların olduğunu müəyyənləşdirmək və Britaniya Şurasının bu işə necə dəstək ola biləcəyi ilə bağlı ümumi fikrə gəlmək idi. “Naxçıvan” Universitetində keçirilən “Beynəlxalq həftə” layihəsi çərçivəsində təşkil edilən Britaniya günündə iştirak etdim, tədbirin bədii hissəsində istedadlı tələbələrin çıxışları, ifa etdikləri şeir və mahnıları, səhnəciyi maraqla izlədim.
“İngiltərənin təhsil sektoru dünyadakı aparıcı ölkələrin sıralamasında ilk yerləri tutur, beynəlxalq universitetlər arasında ilk 20-yə düşən universitetlərimiz vardır. Bu mənada, məqsədimiz odur ki, Naxçıvandakı universitetlərlə İngiltərədəkilər arasında beynəlxalq əlaqə yaradıb, həm tələbə mübadiləsi proqramı və həm də digər istiqamətlər üzrə hər iki tərəfə böyük töhfələr verək”, – deyən Fransis Qardener-Trexo fikirlərinə aydınlıq gətirib: – Tələbə mübadiləsi proqramı haqqında danışdığımız zaman, xüsusilə İELTS imtahanının önəmini vurğulamaq lazımdır. Çünki tələbə xaricdə təhsil almaq üçün İELTS sertifikatını əldə etməlidir. Bildiyimiz kimi, British Council bu sahədə əsas imtahan mərkəzidir və tələbələri çoxlu sayda ödənişsiz materiallarla təmin edir. Həmin materiallar təşkilatın veb-saytında yerləşdirilib. Bu sahədə də universitetlərlə müzakirələr apardıq və düşünürəm ki, görüşlərimiz faydalı oldu. Bundan başqa, British Councilin artıq illərdir, davam edən “Creative Spark” layihəsi vardır ki, bu layihə çərçivəsində universitetlər arasında əlaqələr yaradılır. Deyim ki, İngiltərə universitetlərindən məzun olmuş azərbaycanlı tələbələr də bu layihəyə öz töhfələrini verirlər. Həmin tələbələrin startap layihələrinə fəal qoşulmalarını, innovativ yeniliklərə imza atmağa çalışmalarını görürük. Bütün bu üstün cəhətləri nəzərə alaraq iki ölkənin tələbələri arasında daha sıx əlaqələr formalaşdırmağı qarşıya məqsəd qoymuşuq.
Fransis Qardener-Trexo Naxçıvanda ilk dəfə olduğunu qeyd edərək muxtar respublika ilə bağlı ümumi təəssüratlarını da bölüşdü: – Mən Naxçıvan Muxtar Respublikasına səfəri çoxdandır, səbirsizliklə gözləyirdim və çox şadam ki, gələ bildim. Burada olduğum müddətdə bir sıra tarixi-mədəni yerləri gəzdim, keçirdiyimiz görüşlərdə çox xoş, mehriban münasibətlə qarşılaşdım, müsbət fikirlər eşitdim. Və əmin oldum ki, bərabər işləməyimiz, qarşılıqlı əlaqələrimiz üçün ayrı-ayrı sahələr üzrə gözəl imkanlar mövcuddur. Böyük Britaniya ilə Azərbaycanın Naxçıvan Muxtar Respublikası arasında daha uzunmüddətli və güclü münasibətlərin qurulacağına inanıram.

 Nail ƏSGƏROV

 

 

 

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR