21 Dekabr 2024, Şənbə

2021-ci il “Nizami Gəncəvi ili”dir

Xalqımızın mütəfəkkir, filosof şairi, dünya ədəbiyyatının əlçatmaz, ünyetməz zirvələrindən biri olan Nizami Gəncəvi poeziyasında açılmamış səhifələr çoxdur. Bu səhifələrdə XII əsr Azərbaycan elmində tətbiqi kimyanın cücərtiləri də özünə yer alıb. “Xəmsə”ni dərindən oxuyub düşündükcə bu cücərtilərin təzahür formalarına rast gəlirik. Bu isə böyük şairi kimyadan xəbərdar bir alim kimi tədqiq etməyə imkan verir.

 

Məlumdur ki, kimyanın və ümumiyyətlə, təbiət elmlərinin ən böyük qanunlarından biri olan “Maddə kütləsinin saxlanması” qanunu 1748-ci ildə rus alimi M.V.Lomonosov tərəfindən kəşf edilmişdir. “Təbiətdə baş verən bütün dəyişikliklər nəticəsində bir cisimdən nə qədər maddə ayrılırsa, başqa bir cismə həmin miqdarda maddə birləşir” şəklində ifadə edilir. Dini ideyaların güclü olduğu XII əsrdə Nizami Gəncəvi qətiyyətlə yazırdı:

Torpaqda çürüyən bədənlərimiz
Dağılır, dəyişir, məhv olmur təmiz.
Yerində qalarsa, o dağıntılar,
Bir yerə yığanda yenə canlanar.

Cəsarətlə deyilmiş bu fikir “Maddə kütləsinin saxlanması qanunu”nu tam əks etdirir. Canlı orqanizmlərin çürüməsi kimyəvi proses olduğundan daha şairin bu qənaətini M.V.Lomonosov kəşfindən qiymətli hesab etmək olar.

Bu qanun, həmçinin 1789-cu ildə fransız alimi Antuan Launazye tərəfindən də müəyyənləşdirilmişdir. Elmi əsərlərdə bu qanunun başqa alimlər tərəfindən də təcrübədə təsdiq olunması qeyd edilsə də, qanunun ilk dəfə Nizami Gəncəvi əsərlərində əsaslandırılması haqqında heç bir məlumat yoxdur.
Nizami dövrünün filosofları dünyanın əmələ gəlməsini dörd ünsürün – torpaq, su, hava və odun vəhdətində görürdülər. Dünyanın əmələ gəlməsi haqqındakı fikirlər mütəfəkkir şairin “Sirlər xəzinəsi” və “İsgəndərnamə” əsərlərində əsaslandırılmış şəkildə verilmiş, bu isə o dövrün məşhur yunan filosoflarını arxada qoymuşdur.
Maddələrin daha kiçik hissəciklərdən ibarət olması faktı XIX əsrin sonu və XX əsrdə tam şəkildə öyrənilmişdir. Maddələrin daha kiçik hissəciklərə parçalanması və parçalanmaqla davam etməsi hazırda hamı tərəfindən qəbul olunmuşdur. Lakin bunun səkkiz əsrdən çox müddət əvvəl Nizami Gəncəvi tərəfindən şübhə altına alınması şairin böyük uzaqgörənliyinin nəticəsidir:

O şey ki, bizlərə lap aşikardır,
Orda da gizli bir xəzinə vardır.

XII əsrdə elmə on kimyəvi element məlum idi. Bu elementlərin bir çox birləşmələri insanlar tərəfindən istifadə edilirdi. “Xəmsə”də qızıl, dəmir, qurğuşun, mis, qalay, gümüş, sürmə, kükürd kimi elementlərdən bədii vasitə və bənzətmə kimi istifadə edilmişdir:


Qızılı saymaqda bil ki, səhvin var,
Dünyanın gözünü ağıl parladar.
                     (“Yeddi gözəl”)
Misə qızıl qatmaq nəyə gərəkdir,
Mis yenə özünü göstərəcəkdir.
                (“Xosrov və Şirin”)

“Xəmsə”dəki bir çox bənzətmələrdə civə və onun xassələrindən bədii təsvir vasitəsi kimi istifadə edilmişdir. Civə maye halında olan yeganə metaldır, parlaqdır, su kimi axıcıdır, həm zərərli, həm də dərman kimi təsir edən maddədir. “Daranın sərkərdəsi tərəfindən öldürülməsi” hissəsindən olan bir beytdə oxuyuruq:


Civətək parlayan polad qılıncdan
Civətək qaçardı hər yerdə insan.

“İqbalnamə”də İsgəndərlə Sokratın əhvalatı” adlı parçadan bir beyt:


Sokrat verdi ona gümüştək cavab,

Dedi ki, qulağa tökülməz simab. Sonuncu misrada verilmiş “Simab” – civə deməkdir.

Şair obrazlı təsviri gücləndirmək üçün kükürd və onun xassələrini də poeziyaya gətirir:


Kükürdün tozutək qup-quru çöllər,

Cəhənnəm kimiydi yanırdı ürək.

və ya
Başqaymış torpağın tərkibi yəqin,
İçində kükürd də varmış o yerin.

Nizami Gəncəvi əsərlərinin elmi mahiyyəti, xalqımızın bu gününə, tarixi keçmişinə qara yaxanları yandırıb-yaxan, süngüləyən tutarlı cavabdır. “Xəmsə” göstərir ki, bir çox xalqlar ibtidai icma həyatı sürdüyü vaxt Azərbaycan xalqı filizlərin yerdən çıxarılmasını, metal emalını həyata keçirmişdir. Bütün bunlar isə Azərbaycan xalqının ən böyük, ən qədim bir xalq olduğunu bir daha sübut edir və göstərir ki, xalqımız qədim mədəniyyətə, hərtərəfli inkişaf etmiş elmə, iqtisadiyyata malik yenilməz xalqdır.

Yunis QULİYEV
təqaüdçü müəllim

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR