Muxtar respublikada sahibkarlığın inkişaf etdirilməsinə verilən dəstəyin, sahibkarlar üçün yaradılan şəraitin və şəffaf mühitin təmin edilməsinin nəticəsidir ki, bu sahə sürətlə inkişaf edir. Bunu muxtar respublikada sahibkarlıq subyektləri tərəfindən yaradılan yeni-yeni istehsal və xidmət obyektlərinin istifadəyə verilməsindən aydın şəkildə görmək olar.
Naxçıvanda daha bir xidmət sahəsinin “Cahan” Alış-Veriş Mərkəzinin bazasında fəaliyyətə başlayan “1001 Home” mağazasının açılışı olub.
Açılış mərasimində Naxçıvan Muxtar Respublikasının iqtisadiyyat naziri Tapdıq Əliyev çıxışında bildirib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin diqqət və qayğısı ilə muxtar respublikamızda sahibkarlığın daha da inkişaf etdirilməsi, biznes innovasiyası təşəbbüslərinin fəal şəkildə dəstəklənməsi iqtisadi fəallığın artmasına imkan yaradıb.
1995-ci ildə yaradılan Cahan Holdinq dünya təcrübəsindən istifadə edərək sənaye, tikinti sahələri ilə yanaşı, əhaliyə nümunəvi xidmət etmək imkanlarına malik müasir xidmət və ticarət mərkəzləri yaradır. “Cahan” Alış-Veriş Mərkəzinin bazasında “1001 Home” mağazasının istifadəyə verilməsi də bu istiqamətdə görülən işlərin bariz nümunəsidir.
Nazir ərazisi 3000 kvadratmetrdən 3.900 kvadratmetrə çatdırılan mağazada muxtar respublika əhalisinin tələbatına uyğun olan ən keyfiyyətli və sərfəli qiymətlərlə təklif edilən santexnika, çilçıraq və işıqlandırma, asma tavanlar, divar üzlükləri, elektrik ləvazimatları, istilik sistemləri, müxtəlif qapı və mebel məmulatları, məişət əşyaları bölmələrinin yaradıldığını vurğulayıb.
Mağazanın 2000 kvadratmetri satış bölməsinin, 1900 kvadratmetri anbar və ofis bölmələrinin payına düşür. Burada yerli məhsullarla yanaşı, bir sıra xarici ölkələrin istehsalı olan 10.000 çeşiddən çox məhsulun satışı həyata keçirilir. Burada yerli məhsullarla yanaşı, Almaniya, Hollandiya, Türkiyə, Çin və digər ölkələrin istehsalı olan məhsullar da satılır. “1001 Home” satış mağazasının əsas məqsədi qarşıdakı 5 il ərzində öz əhatə dairəsini genişləndirərək mağazalarının sayını 60-a çatdırmaqdır.
Mağaza alıcıların rahatlığını təmin etmək üçün nağd, post-terminal, elektron ticarət, kredit kartları və daxili kredit üsulları vasitəsilə satış həyata keçirməklə yanaşı, müştərilərə evə çatdırılma və montaj xidmətlərini də təklif edir.
Mağazada yenidənqurma aparıldıqdan sonra 15 yеni iş yеri açılmaqla, ümumilikdə, işçilərin sayı 50-yə çatdırılıb. İşçilər yеmək, servis və хüsusi gеyim fоrmаsı ilə təmin оlunublаr. Mağazada istilik və soyutma, təhlükəsizlik kameraları, yanğından mühafizə sistemləri quraşdırılıb.
İqtisadiyyat naziri Tapdıq Əliyev muxtar respublikanın sosial-iqtisadi tərəqqisinə, sahibkarlıq fəaliyyətinin inkişafına, istеhlаkçılаrın tələbаtının dаhа dоlğun ödənilməsinə, əhаlinin rifаhının yüksəldilməsinə göstərilən diqqət və qayğıya görə Ali Məclisin Sədrinə minnətdarlığını bildirib.
Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Hicran Rüstəmov muxtar respublikada aparılan tikinti-quraşdırma və abadlıq işləri nəticəsində qədim diyarımızın günü-gündən inkişaf etdiyini, tikinti işləri zamanı keyfiyyət amilinin diqqətdə saxlanıldığını vurğulayıb. Belə mağazanın muxtar respublikada açılması əhalinin və şirkətlərin tikinti materiallarına olan tələbatının keyfiyyətli və sərfəli qiymətlərlə əldə edilməsinə şərait yaratdığını diqqətə çatdırıb.
Tədbirdə “Cahan Holdinq” Kommersiya Şirkətlər İttifaqının rəhbəri Vüqar Abbasov Ali Məclisin Sədrinə minnətdarlıq edərək bildirib ki, muxtar respublikada özəl sektorun inkişafı üçün yaradılan şərait, göstərilən diqqət və qayğı biz sahibkarlara böyük stimul verir və yeni istehsal obyektləri, xidmət sahələri açmağa sövq edir. İnanırıq ki, yeni mağazanın məhsulları yerli bazarda özünəməxsus yer tuta biləcək.
Daha sonra mağazaya baxış olub.
Naxçıvan Muxtar Respublikası
İqtisadiyyat Nazirliyinin mətbuat xidməti