Naxçıvan Dövlət Universitetində təhsil alan xarici tələbələrin hazırladığı şeir və mahnılarından ibarət konsert-kompozisiya təşkil edilib.
Tibb üzrə Hazırlıq kursunun dinləyicisi Yunus Əmrə Əzilməzin aparıcı olduğu tədbirdə müxtəlif ixtisaslar üzrə əcnəbi tələbələrin bədii qiraəti, müxtəlif mahnılar səsləndirilib. Əcnəbi tələbələrdən ibarət vokal qrupu Vasif Allahverdiyevin “Azərbaycanım”, Aygün Səmədzadənin “Azərbaycan” mahnılarını xorda ifa ediblər.
Müalicə işi ixtisası üzrə III kursunda təhsil alan nigeriyalı Jozef Okpamen Azərbaycan və türk mahnılarını ustalıqla ifa edib.
Tələbələr Cəfər Cabbarlının “Bayraq”, universitetin müəllimi, şair Xanəli Kərimlinin “Bayrağını uca qaldır, ana Vətən”, “Gözün aydın, Azərbaycan!” şeirlərini qiraət ediblər. Türkiyəli tələbələrin üstünlük təşkil etdiyi konsertdə Azərbaycan və türk mahnılarından ibarət solo və xor ifalarına yer verilib.
Sonda universitetin rektoru, dosent Elbrus İsayev tədbiri yüksək qiymətləndirib. Bildirilib ki, muxtar respublikada təhsil alan əcnəbi tələbələr də yerli tələbələr kimi yüksək dövlət qayğısı ilə əhatə olunub, onlar Naxçıvan Dövlət Universitetində ali təhsil almaqla bərabər, ictimai-mədəni işlərdə də fəallıq nümayiş etdirirlər.
Sonda fəal iştirak edən tələbələr və tədbirdə əməyi keçənlər diplomla təltif olunublar.
Naxçıvan Dövlət Universitetinin Televiziya,
mətbuat və ictimaiyyətlə əlaqələr bölməsi