Naxçıvan Muxtar Respublikası Televiziya və Radio Şurası noyabr ayında muxtar respublikanın teleradiolarının fəaliyyətini izləmiş, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin Fərman və sərəncamlarından, təsdiq olunmuş Dövlət proqramları və Tədbirlər planlarından irəli gələn vəzifələrin teleradiolarda icrasını diqqətdə saxlamışdır. Noyabr ayında Naxçıvan Televiziyasının öz teleməhsulları efirin 72 faizini təşkil etmişdir. Naxçıvan Muxtar Respublikası Ali Məclis Sədrinin iştirak etdiyi tədbirlərə həsr olunmuş 10 telematerial hazırlanmışdır.
Hesabat ayında verilişlərin növbəti 106 sayı efirə təqdim olunmuşdur. Verilişlər müxtəlif redaksiyalar tərəfindən hazırlanmışdır. Şuranın tədbirlər planına uyğun olaraq Naxçıvan Radiosu ay ərzində 472 saat efirdə olmuşdur. Ümumi efirin 49 faizi radionun öz istehsalı olan verilişlər, 51 faizi isə konsert proqramlarından ibarət olmuşdur.
Zəfər Günü radio efirində təntənəli veriliş və konsert proqramları ilə yadda qalmışdır. Verilişlərdə Vətən müharibəsinin xronologiyasına uyğun olaraq ötən il işğaldan azad edilmiş şəhər və rayonlarımızın işğaldan sonrakı vəziyyəti haqqında ətraflı məlumatlar təqdim edilmişdir.
“Kanal 35” televiziyasında təhsilyönümlü verilişlərlə yanaşı, vətənpərvərlik aşılayan proqramlar da diqqətdə saxlanılmışdır. “Naxçıvanın səsi” radiosu bəhs edilən dövrdə 472 saat efirdə olmuş, efir müddətinin 146 saatını canlı yayım proqramları təşkil etmişdir. Noyabr ayında yeni layihələr də efirə təqdim olunmuşdur. Hesabat dövründə şura tərəfindən noyabr ayı ərzində sosial şəbəkələrdə, ümumilikdə, 579 linkdə 1090 xəbər, foto və videomaterial paylaşılmışdır.
Naxçıvan Muxtar Respublikası
Televiziya və Radio Şurası