Naxçıvan Muxtar Respublikasının Gənclər Fondunun dəstəyi, Naxçıvan Dövlət Universitetinin Tələbə-Gənclər Təşkilatının təşkilatçılığı ilə onlayn keçirilən açılış tədbirində universitetin rektoru, dosent Elbrus İsayev çıxış edərək qeyd edib ki, tələbə təşkilatlarının fəaliyyəti nəticəsində tələbələr respublikada keçirilən intellektual oyunlar, müxtəlif istiqamətli müsabiqələr, beynəlxalq əhəmiyyətli yarışlarda muxtar respublikanı layiqincə təmsil edir və nailiyyət əldə edirlər.
Onlayn tədbirdə Naxçıvan Müəllimlər İnstitutunun rektoru, dosent Azad Novruzov, “Naxçıvan” Universitetinin rektoru, dosent Nurlana Əliyeva, Naxçıvan Dövlət Texniki Kollecinin direktoru, aqrar elmlər üzrə fəlsəfə doktoru Asəf Ruşanov, Naxçıvan Tibb Kollecinin direktoru Sona Məmmədova, Naxçıvan Musiqi Kollecinin direktoru, Naxçıvan Muxtar Respublikasının Əməkdar müəllimi Məhəbbət Babayeva çıxış ediblər. Diqqətə çatdırılıb ki, gənclər siyasətinin uğurlu davamı olaraq muxtar respublikada təşkil olunan bu kimi yarışlar gənclərin maariflənməsi, dünyagörüşünün artırılması baxımından böyük önəm kəsb edir.
Naxçıvan Dövlət Universiteti Tələbə-Gənclər Təşkilatının sədri Əziz Qasımov turnir haqqında məlumat verib. Bildirilib ki, ali və orta ixtisas təhsili müəssisələrinin hər birindən 8 komanda turnirin I mərhələsində iştirak edəcək. Yarışlarda hər bir təhsil müəssisəsindən 2 komanda II mərhələyə keçmə haqqı qazanacaq.
Turnirin I mərhələsində öz bilik və bacarıqlarını sınayan komandalar II mərhələyə keçmə haqqı qazanıblar.
Naxçıvan Dövlət Universitetinin
Televiziya, mətbuat və ictimaiyyətlə
əlaqələr bölməsi