Heydər Əliyev Muzeyində hamiliklə bağlı Naxçıvan Dövlət Universitetinin Muzeyşünaslıq, arxiv işi və abidələrin qorunması ixtisası üzrə təhsil alan tələbələrinə “Ümummilli lider Heydər Əliyev və Naxçıvan” mövzusunda açıq dərs keçilmişdir.
Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilən tədbiri nazirliyin şöbə müdiri Gülbuta Babayeva giriş sözü ilə açmış, Heydər Əliyev Muzeyinin direktoru Ramil Orucəliyev “Ümummilli lider Heydər Əliyev və Naxçıvan” mövzusunda çıxış etmişdir.
Qeyd olunmuşdur ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun 1999-cu il 18 fevral tarixli Sərəncam əsasında yaradılan Heydər Əliyev Muzeyi 10 may 1999-cu ildən fəaliyyət göstərir. Heydər Əliyev Muzeyi Azərbaycanda ümummilli liderimizin sağlığında – 1999-cu ildə yaradılan ilk muzeydir. Muzeyin ilk ziyarətçisi də ulu öndər Heydər Əliyev olmuş, dahi şəxsiyyət muzeyin fəaliyyəti ilə bağlı tapşırıq və tövsiyələrini vermişdir.
Vurğulanmışdır ki, qədim Naxçıvan yüzillərboyu Azərbaycan dövlətçilik ənənələrinin yaşadıldığı dayaq mərkəzi, milli birliyin, həmrəyliyin dəyişməz ünvanı kimi tarixdə öz yerini almışdır. 1990-1993-cü illərdə görkəmli dövlət xadimi Heydər Əliyevin xilaskarlıq missiyasını, müstəqil Azərbaycanın dövlət quruculuğu prosesini məhz Naxçıvandan başlaması da, bu mənada, taleyin hökmü idi.
Ümummilli liderimiz müstəqil Azərbaycan dövlətçiliyinin əbədiliyini təmin etmiş, həm də əsasını qoyduğu dövlətçilik xəttini davam etdirməyə qabil böyük bir idarəçilik məktəbi formalaşdırmışdır. Dahi şəxsiyyət özünün şah əsəri olan müstəqil Azərbaycanın taleyini Heydər Əliyev məktəbinin layiqli davamçısı olan cənab İlham Əliyevə əmanət etmişdir.
Bu gün ölkəmizin və onun Naxçıvan Muxtar Respublikasının inkişafı, tərəqqisi, əldə olunan mövcud sabitlik və yüksək rifah ulu öndər Heydər Əliyev siyasi xəttinin bəhrəsidir. Bu yol xalqımızı dünən və bu gün olduğu kimi, gələcəkdə də daha xoşbəxt günlərə qovuşduracaqdır.
Sonda tələbələr muzeyin ekspozisiyası ilə tanış olmuşlar.
***
Naxçıvan Dövlət Universitetinin Naxçıvan Muxtar Respublikası Prokurorluğunun hamiliyinə verilmiş Hüquqşünaslıq ixtisası üzrə 1-ci kurs tələbələri dekabrın 7-də prokurorluqda olublar. Onlar əvvəlcə prokurorluq orqanlarında müraciətlərin baxılması qaydaları haqqında məlumat alıb, buradakı kitabxana ilə tanış olublar. Həmçinin tələbələrə prokurorluğun kriminalistik avtomaşınının iş prinsipi haqqında məlumat verilib, hadisə yerinin müayinəsi qaydaları əyani vasitələrlə izah olunub. Sonra slaydlar vasitəsilə kriminalistik fotoqrafiya haqqında məlumat verilib, hadisə yerinə baxış zamanı fotoçəkilişin tətbiqi qaydalarından bəhs olunub.
Tələbələrlə görüşdə Naxçıvan Muxtar Respublikasının prokuroru, II dərəcəli dövlət ədliyyə müşaviri Səbuhi Şahverdiyev Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsi haqqında” 2015-ci il 27 iyul və “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər və innovasiyaların dəstəklənməsi haqqında” sərəncamlarından irəli gələn vəzifələrin yerinə yetirilməsinin əhəmiyyətindən danışıb.
Bildirilib ki, sərəncamlarda nəzərdə tutulan vəzifələrin uğurlu icrasını təmin etmək məqsədilə Naxçıvan Muxtar Respublikası Prokurorluğunda görüləcək işlərə dair təsdiq olunan tədbirlər planına əsasən Hüquqşünaslıq ixtisası üzrə təhsil alan tələbələr üçün seminar-məşğələlərin keçirilməsi, onların prokurorluqda istintaq olunan cinayət işləri üzrə ayrı-ayrı istintaq hərəkətlərinin aparılmasında iştirakının və kriminalistik texnikanın mövcud imkanlarından səmərəli istifadəsinin, dövlət ittihamçıları ilə birgə dövlət ittihamının müdafiəsi üzrə məhkəmələrdə iştirakının təmin olunması həyata keçirilir. Prokuror diqqətə çatdırıb ki, ötən dövrdə bu istiqamətdə xeyli iş görülüb və bu tədbirlər hazırda da davam etdirilir.
Naxçıvan Dövlət Universitetinin Hüquq fənləri kafedrasının müdiri, hüquq üzrə fəlsəfə doktoru, dosent Qəhrəman Behbudov Hüquqşünaslıq ixtisası üzrə təhsil alan tələbələrə Naxçıvan Muxtar Respublikası Prokurorluğunda öz ixtisaslarını dərindən öyrənmələri üçün yaradılan şəraitə görə minnətdarlığını bildirib.
Sonra Naxçıvan Muxtar Respublikası Prokurorluğunun əməkdaşları Pərviz Zülfüqarov, Anar Məmmədov və Turqay Həşimlinin çıxışları dinlənilib. Çıxışlarda yeni startap layihələri, cinayət təqibindən kənar icraatlar, prokurorluq orqanlarının cəmiyyətdəki rolundan danışılıb, suallar cavablandırılıb.
Xəbərlər şöbəsi