Azərbaycanda və onun Naxçıvan Muxtar Respublikasında şəhid ailələrinə və müharibə iştirakçılarına hərtərəfli qayğı göstərilir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2021-ci il sentyabrın 23-də “Naxçıvan Muxtar Respublikası ərazisində yaşayan Vətən müharibəsi ilə əlaqədar şəhid ailəsi statusu almış, habelə müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması haqqında” Sərəncam imzalamış, 1 milyon manat vəsait ayrılmışdır. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 14 dekabr 2020-ci il tarixli Fərmanına əsasən isə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fondu yaradılmışdır. 2021-ci ildə ölkə Prezidentinin müvafiq Sərəncamı ilə ayrılmış və dəstək fondunun vəsaitləri hesabına muxtar respublikada 23 şəhid ailəsi və qazi mənzillə, 18 Vətən müharibəsi iştirakçısı avtomobillə təmin olunmuş, müvafiq kateqoriyadan olan 23 şəxsin müalicə və müayinəsinə köməklik göstərilmiş, şəhid ailələri və qazilərdən 17-nin kredit borcu ödənilmiş, 25-nin isə mənzilləri təmir olunmuşdur.
Bu tədbirlərin davamı olaraq dekabrın 24-də – Azərbaycan Respublikası Prezidentinin yubileyində Naxçıvan şəhərindəki Heydər Əliyev Muzeyində 3 şəhid ailəsinə və 2 qaziyə mənzillər, 10 Vətən müharibəsi iştirakçısına isə avtomobillər təqdim olunmuşdur.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov tədbirdə çıxış edərək demişdir: “Əziz şəhid ailələri və qazilər! Azərbaycanın müstəqilliyinin ilk illəri ağır sınaqlardan keçmiş, ölkəmiz vətəndaş müharibəsi və işğal təhlükəsi ilə üzləşmişdi. Belə bir dövrdə ümummilli liderimiz Heydər Əliyevin xalqın tələbi ilə yenidən siyasi hakimiyyətə qayıdışı Azərbaycanda ictimai-siyasi sabitliyi və inkişafı təmin etmişdir. Bu gün isə dövlət başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən inkişaf konsepsiyasının bəhrəsi olaraq Azərbaycan dünya dövlətləri sırasında öz layiqli yerini tutmuşdur. Ümummilli liderimiz Heydər Əliyev Azərbaycanı parçalanmaqdan xilas edərək Milli Qurtuluşa, ölkə Prezidenti cənab İlham Əliyev isə ərazi bütövlüyümüzü təmin etməklə tarixi Zəfərə qovuşdurmuşdur”.
Ali Məclisin Sədri əlamətdar gündə qəhrəman şəhidlərimizin əziz xatirəsinə ehtiramını bildirmiş, şəhid ailələrini və qaziləri mənzillər və avtomobillərlə təmin olunmaları, eləcə də bütün şəhid ailələrini, veteranları qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramları münasibətilə təbrik etmişdir.
Sonra Ali Məclisin Sədri mənzillərin orderlərini və avtomobillərin açarlarını təqdim etmişdir.
“Cəsur döyüşçü” və “Ağdamın azad olunmasına görə” medalları ilə təltif olunan qazi İbrahim Nəcəfov şəhid ailələri və qazilər adından dövlətin onlar üçün yaratdığı şəraitə və göstərilən qayğıya görə minnətdarlıq etmişdir.
Şəhid Kənan Rzayevin anası Bahar Əhmədova minnətdarlıq edərək demişdir: “Oğlum Kənan Vətən uğrunda şəhid oldu. Dövlətimiz şəhid ailələrinə və qazilərə xüsusi diqqət və qayğı göstərir, onların problemləri ilə maraqlanır. Mən də bu qayğıdan yararlanaraq dövlət tərəfindən təmənnasız əməliyyat olunmuşam. Şəhidlərimizə rəhmət diləyir, qazilərimizə cansağlığı arzu edirəm”.
Sonda xatirə şəkli çəkdirilmiş, avtomobillərə baxış olmuşdur.
Şəhid ailələrinə və qazilərə verilən mənzillər Culfa, Babək və Naxçıvan şəhərlərindəki yaşayış binalarında yerləşir. Tam təmir olunan mənzillərə mebel dəstləri qoyulmuş, lazımi məişət şəraiti yaradılmışdır.
Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin mətbuat xidməti