Naxçıvan şəhərindəki “Görüş yeri” kafesində 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni ilin gəlişi münasibətilə bayram şənliyi, həmçinin Naxçıvan Muxtar Respublikasının ictimai həyatında və yaradıcılıq sahəsində fərqlənən yeniyetmə və gənclərin mükafatlandırılması mərasimi keçirilib.
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin və Gənclər Fondunun birgə təşkilatçılığı ilə keçirilən tədbirdə Naxçıvan Muxtar Respublikasının gənclər və idman naziri Ramil Hacı çıxış edərək bu il muxtar respublikamızda idman və gənclərlə iş sahələrində həyata keçirilən tədbirlərdən danışıb, əldə olunan nailiyyətlərdən bəhs edib. Qeyd edilib ki, müasir Azərbaycan dövlətinin banisi ümummilli lider Heydər Əliyevin şəxsi təşəbbüsü ilə qeyd olunan Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü bütün həmvətənlərimizi respublikanın ictimai-siyasi maraqları ilə bir olmağa, həmrəyliyə çağırış bayramıdır və ildən-ilə daha böyük vüsət alır. 44 günlük Vətən müharibəsində bütün dünya gördü və anladı ki, dövlət-xalq-ordu vəhdətindən yaranan “dəmir yumruq” sarsılmazdır, əbədidir. 2021-ci ili qalib vətəndaşlar kimi qarşılamağımız və növbəti ilə tamamilə yeni hədəf və gözləntilərlə daxil olmağımızın təməlində məhz, bu amil dayanır.
“Muxtar Respublika rəhbəri tərəfindən istedadlı gənclərin qiymətləndirilməsi və onlara cəmiyyətin aparıcı sahələrində yüksək etimad göstərilməsi ənənəsi başa vurmaqda olduğumuz ildə də uğurla davam etdirildi. Şübhəsiz ki, bu amil Ali Məclis Sədrinin gəncliyə olan qayğısı, rəğbəti və yüksək gözləntilərini əks etdirir. “2020-2025-ci illər üçün Naxçıvan Muxtar Respublikasında idmanın inkişafına dair Dövlət Proqramı” bu baxımdan mühüm əhəmiyyətə malikdir. Proqramın icrası nəticəsində idman strukturunun yenilənməsi, ixtisaslı kadr ehtiyatının zənginləşdirilməsi, gənclərin bu sahədə yüksəkkeyfiyyətli təhsili, müasir metod və imkanlarla təmin olunması, ümumilikdə, Naxçıvan idmanının parlaq gələcəyi üçün yerli, eləcə də xarici əməkdaşlıq əlaqələrimizi yüksələn xətlə inkişaf etdiririk. Görülən işlərin və əməyin qarşılığında idmançılarımız öz nailiyyətləri ilə etimadı yüksək səviyyədə doğruldurlar”, – deyən gənclər və idman naziri gələcək fəaliyyət planlarından da bəhs edib.
Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Naxçıvan Muxtar Respublikası Gənclər Fondunun icraçı direktoru Cəbi Quliyev çıxışında bildirib ki, Gənclər Fondunun da təşkilatçılığı ilə muxtar respublikamızda ölkə və beynəlxalq səviyyəli tədbirlər keçirilib, həmçinin gənclərimizin belə tədbirlərdə iştirakı təmin edilib, Gənclər və İdman Nazirliyi ilə birgə “Marş irəli” layihəsi reallaşdırılıb. Bu ilin ötən dövrü ərzində təşkil edilən müxtəlif layihələrdə, yaradıcılıq müsabiqələrində və bilik yarışlarında muxtar respublika üzrə minlərlə gənc iştirak edib və mükafatlandırılıb. Son illər gənclərin muxtar respublikanın ictimai-siyasi, iqtisadi-mədəni həyatında fəal iştirakı, sosial problemlərinin həlli və hüquqlarının müdafiəsinin təmin edilməsi, gənclər siyasətinin bütün istiqamətləri üzrə müvafiq Dövlət proqramlarının səmərəli həyata keçirilməsi, gənc istedadlara dövlət qayğısının artırılması, bütövlükdə, dövlət gənclər siyasətinin reallaşdırılması istiqamətində atılan mühüm addımlardır.
Çıxış edənlər Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə tədbir iştirakçılarını təbrik edib, onlara uğurlar arzulayıblar.
Bağdagül Cəfərli gənclər adından yaradılan şəraitə görə muxtar respublika rəhbərinə minnətdarlığını bildirib, gənclərə karyeralarında uğurlar arzulayıb.
Tədbirin gedişində Naxçıvan Muxtar Respublikasının ictimai həyatında və yaradıcılıq sahəsində fərqlənən istedadlı yeniyetmə və gənclər mükafatlandırılıblar.
Sonra bayram tədbiri çay süfrəsi ətrafında musiqi nömrələri ilə davam edib.
Ceyhun MƏMMƏDOV