Naxçıvan Muxtar Respublikasının Bakıdakı Daimi Nümayəndəliyində 30 dekabr 2021-ci il tarixində 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni – 2022-ci ilin gəlişi ilə əlaqədar tədbir keçirilib. Əvvəlcə tədbir iştirakçıları ümummilli lider Heydər Əliyevin, vətənimizin müstəqilliyi, ərazi bütövlüyümüz uğrunda şəhid olmuş bütün Vətən övladlarının əziz xatirəsini bir dəqiqəlik sükutla yad edərək dahi liderə və bütün şəhidlərimizə öz hörmət və ehtiramlarını bildiriblər.
Tədbirdə çıxış edən Daimi Nümayəndəliyin rəhbəri Bəxtiyar Əsgərov kollektivi hər iki bayram münasibətilə təbrik edərək bildirib ki, Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü – Azərbaycan xalqının birlik, bərabərlik və bütövlük günüdür. Hər bir xalqın milli varlığını şərtləndirən əsas amillərdən biri onun etnik-siyasi mütəşəkkilliyi, milli həmrəyliyidir. Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü bütün Azərbaycan xalqının ideoloji bütövlüyünü, milli birliyini təmin edən əsas amildir. Bu ideya bu gün yeni, müstəqil Azərbaycanımızda dövlət siyasətinin prinsipial istiqamətlərindən biri kimi dünyada yaşayan soydaşlarımızın birliyinin ideoloji-nəzəri əsaslarını təşkil edir. Vurğulanıb ki, dünya azərbaycanlılarının həmrəyliyi milli mənafelərimiz və dövlət maraqlarımız kontekstində tarixi zərurətdən doğan ehtiyacdır. Dünya azərbaycanlılarını vahid milli ideologiya və həmrəylik ideyaları ətrafında birləşdirən, Azərbaycan xalqının müstəqillik arzularını gerçəkləşdirən, onu əbədi və dönməz edən ümummilli liderimiz Heydər Əliyev dünənimiz, bu günümüz və gələcəyimiz üçün böyük siyasi irs qoyub.
Bildirilib ki, Azərbaycanın ərazi bütövlüyünün qorunması, müstəqil dövlətimizə hər hansı təhlükənin, təcavüzün qarşısının alınması, onun demokratik, dünyəvi, hüquqi, milli bir dövlət olaraq inkişaf edib möhkəmləndirilməsi hər bir azərbaycanlının şərəfli vəzifəsi kimi bütün arzularımızın fövqündə dayanır. Azərbaycan dilinin, milli-əxlaqi dəyərlərimizin, millət kimi formalaşdığımız tarixi Vətənimizin şərəfini qorumaq, harada yaşamasından asılı olmayaraq, bütün soydaşlarımızın ən yüksək həyat amalına çevrilməlidir. Çünki müstəqil Azərbaycan dövləti xalqımızın əldə etdiyi ən böyük nailiyyətdir. Dünya azərbaycanlılarının həmrəyliyi, birliyi isə müstəqil Azərbaycanın işıqlı gələcəyinin qarantıdır.
Tədbir digər çıxışlarla davam edib.
* * *
AMEA Naxçıvan Bölməsində 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr olunmuş tədbir keçirilib.
Bölmənin sədri, akademik İsmayıl Hacıyev tədbiri giriş sözü ilə açaraq həmrəyliyimizin əsasını təşkil edən Azərbaycançılıq ideyasının vacibliyindən bəhs edib. Bildirib ki, bu ideya milli birliyimizin əsası olmaqla yanaşı, həm də dünya azərbaycanlılarının bir yumruq altında birləşməsində əvəzsiz rola malikdir. Xalqın birliyinə hesablanmış uzaqgörən addımların artıq öz gözlənilən bəhrəsini verdiyini söyləyən bölmə sədri Vətən müharibəsi zamanı millətin, ordunun bu mənəvi birlikdən güc aldığını vurğulayıb.
Bölmənin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun elmi katibi, tarix üzrə fəlsəfə doktoru Yaşar Rəhimov tədbirdə “Həmrəyliyimiz milli birliyimizdir” mövzusunda məruzə edib. Diqqətə çatdırılıb ki, görkəmli dövlət xadimi Heydər Əliyevin müəyyənləşdirdiyi Azərbaycançılıq idealogiyası bu gün ölkə başçısı cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Prezident cənab İlham Əliyevin respublikamıza rəhbərliyi dövründə ölkəmizdə qazanılan uğurlar xaricdə yaşayan soydaşlarımızın müstəqil dövlətimizə daha da inamını artırıb, onların milli maraqlar ətrafında sıx birləşmələri üçün zəmin yaradıb.
AMEA-nın müxbir üzvü, professor Hacıfəxrəddin Səfərli və filologiya üzrə fəlsəfə doktoru Aytən Cəfərova əlamətdar günlə bağlı çıxış ediblər.
Dünən AMEA Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun icraçı direktoru, filologiya üzrə fəlsəfə doktoru, dosent Elxan Məmmədov muxtar respublikanın ümumtəhsil məktəblərinin şagirdləri üçün mövzu ilə bağlı interaktiv dərs keçib. İnteraktiv dərs muxtar respublikanın 200-ə yaxın ümumtəhsil məktəbinin şagirdləri tərəfindən dinlənilib.
Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzində 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə keçirilən tədbirdə Naxçıvan Muxtar Respublikasının təhsil naziri Rəhman Məmmədov təhsilə göstərilən dövlət qayğısından danışaraq qeyd etmişdir ki, 2020-2021-ci tədris ili ərzində də təhsil müəssisələrinin tikintisi və ya yenidən qurulması davam etdirilmiş, məktəb binaları tikilərək və ya əsaslı şəkildə yenidən qurularaq istifadəyə verilmiş, məktəbdənkənar təhsil müəssisələrində innovativ dərnəklərin fəaliyyəti üçün zəruri şərait yaradılmışdır. Muxtar respublikanın təhsil müəssisələrinin maddi-tədris bazaları gücləndirilmiş, sürətli internetə çıxışı olan müasir kompüterlər və elektron lövhələr quraşdırılmış, laboratoriyalar və fənn kabinələri şagirdlərin istifadəsinə verilmiş, kitabxanalar 3 milyona yaxın dərslik, 600 mindən çox latın qrafikası ilə nəşr olunmuş bədii ədəbiyyatla təmin olunmuşdur.
Vurğulanmışdır ki, 2020-2021-ci tədris ili təhsildə innovasiyaların tətbiqi ilə yadda qalmışdır. Nazir yeni – 2022-ci ildə görüləcək işlərdən və qarşıda duran vəzifələrdən danışmış, iştirakçıları bayram münasibətilə təbrik etmiş, bütün təhsil işçilərinə uğurlar arzulamışdır.
Tədbir dərnək üzvlərinin hazırladıqları konsert proqramı ilə davam etdirilmiş, Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinin dərnək üzvlərinin rəsm və əl işlərindən ibarət sərgiyə baxış keçirilmişdir.
Naxçıvan Dövlət Universitetində keçirilən bayram tədbirində Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Universitetin rektoru, dosent Elbrus İsayev Həmrəylik Gününün yaranma tarixi barədə ətraflı məlumat verərək bildirib ki, ölkə Prezidenti cənab İlham Əliyevin fəaliyyəti nəticəsində bu siyasət uğurla daha da inkişaf etdirilməklə bütün sahələrdə davamlı tərəqqi təmin olunub. Dövlət başçımızın siyasi iradəsi ilə ölkəmizin Böyük Zəfər əldə etməsi isə bu birliyimizi daha da möhkəmləndirib. Rektor Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə kollektivə təbriklərini çatdırıb, qarşıdan gələn 2022-ci ilin həm xalqımız, həm də elm və təhsilimiz üçün uğurlu olacağına əminliyini ifadə edib.
Rejissoru və ssenari müəllifi Gülxarə Əhmədova olan bəddi hissədə Naxçıvan Muxtar Respublikasının Əməkdar artisti Validə Hüseynovanın rəhbərliyi altında universitetin Orkestr alətləri kafedrası nəzdində yeni yaradılmış “Xarıbülbül” vokal qrupunun, “Dəf” nağaraçalanlar, “Nəqşicahan” ansambllarının, Zeliha Hüseynəliyevanın bədii rəhbər olduğu rəqs qrupunun, tələbələrdən ibarət vokal qızlar qrupunun ifaları tədbirə xoş ab-hava bəxş edib.
Naxçıvan Müəllimlər İnstitutunda keçirilən bayram tədbirini giriş sözü ilə rektor Azad Novruzov açıb. Bildirilib ki, bu gün dünyanın harasında yaşamasından asılı olmayaraq, ürəyi Vətəni ilə döyünən hər bir azərbaycanlının bayramıdır. Vurğulanıb ki, ümummilli lider Heydər Əliyevin birbaşa təşəbbüsü və konkret addımları sayəsində dünya azərbaycanlılarının həmrəyliyinin təmini məsələsi öz həllini tapıb. Müasir mərhələdə dahi şəxsiyyətin azərbaycanlıların həmrəyliyinə verdiyi dəyər, bütövlükdə, Azərbaycançılıq ideologiyasının təməlidir. Azərbaycançılıq başqa məsələlərlə yanaşı, həmrəylik konsepsiyasının da əsas ideya mənbəyidir.
Sonra Humanitar və ictimai fənlər kafedrasının müəllimi Aslan İbrahimov Azərbaycançılıq ideologiyasının həmrəylik konsepsiyasının yaradılması və formalaşdırılmasının əsas mənbəyi olması barədə məruzə edib.
Tələbələrin hazırladıqları bədii hissəyə baxdıqdan sonra, İncəsənət kafedrası əməkdaşlarının və Təsviri incəsənət ixtisası tələbələrinin əl işlərindən, rəsm əsərlərindən və kulinariyya nümunələrindən ibarət sərginin təqdimatı olub.
Daxili Qoşunların “Naxçıvan” Əlahiddə Əməliyyat Briqadasında 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni ilin gəlişi münasibətilə briqada kollektivinə bayram sovqatları paylanılıb. Naxçıvan Muxtar Respublikası daxili işlər nazirinin vəzifəsini icra edən Rəşad İsmayılov, Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Veteranlar Şurasının sədri Yusif Həsənov qarşıdan gələn bayramlar münasibətilə kollektivi təbrik edərək bildirib ki, ölkəmizdə əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş ordu quruculuğu siyasəti prioritet istiqamətlərdən biri kimi, bu gün muxtar respublikamızda da uğurla icra edilməkdədir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun diqqət və qayğısı nəticəsində bütün hərbi hissələr müasir texnika və avadanlıqlarla, lazımi qurğularla təchiz edilərək ordumuzun ixtiyarına verilmişdir.
Sonra 11 adda ərzaq məhsulları əsgərlərə təqdim edilib. Əsgərlər göstərilən diqqətə görə kollektiv adından Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə dərin minnətdarlığını bildirib.
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi və “Cahan Holdinq” Kommersiya Şirkətləri İttifaqı tərəfindən 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə Naxçıvan şəhərində yerləşən hərbi hissəyə bayram sovqatı aparılıb. Bununla əlaqədar əsgərlərlə görüş keçirilib. “Cahan Holdinq” Kommersiya Şirkətləri İttifaqının aparat rəhbəri Azər Cəfərov hərbçilərimizə bayram təbriklərini və arzularını ifadə edib.
Gətirilən bayram sovqatı – yerli istehsal olan müxtəlif növ ərzaq məhsulları hərbi hissəyə təhvil verilib.
Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşları Ordubad rayonunda yerləşən sərhəd zastavasında xidmət edən hərbçilərlə görüşüb, onlara bayram sovqatları təqdim ediblər. Nazir Nicat Babayev hərbi qulluqçuları bayramlar münasibətilə təbrik edib. Bildirilib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 2021-2022-ci illərin payız-qış mövsümünə hazırlıq və qarşıda duran vəzifələrlə əlaqədar keçirilmiş müşavirədə verilmiş tapşırığa uyğun olaraq sağlamlıq imkanları məhdud şəxslər tərəfindən 2500 cüt yun corab, 800 ədəd yun jilet və 1000 yun boyunluğun toxunaraq hərbi hissələrə təhvil verilməsi də bu birliyin növbəti bariz nümunəsidir.
Naxçıvan Muxtar Respublikası Mərkəzi Seçki Komissiyasının, Azərbaycan Respublikası Hesablama Palatasının Naxçıvan Muxtar Respublikası üzrə İdarəsinin, “Aqrarkredit” Səhmdar Kredit Təşkilatının Naxçıvan filialı və Kəngərli rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinin birgə iştirakı ilə 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni ilin gəlişi münasibətilə Kəngərli rayon ərazisində yerləşən “N” hərbi hissənin Vətən qarşısındakı müqəddəs xidməti borcunu yerinə yetirən zabit və əsgərləri ilə görüş keçirilmiş, onlara ərzaq məhsulları və gündəlik tələbat malları təqdim edilmişdir.
Naxçıvan Muxtar Respublikası Mərkəzi Seçki Komissiyasının sədri Əjdər Əliyev, Azərbaycan Respublikası Hesablama Palatasının Naxçıvan Muxtar Respublikası üzrə İdarəsinin rəisi Hafiz İsmayılbəyli və “Aqrarkredit” Səhmdar Kredit Təşkilatının Naxçıvan filialının müdiri Elçin Əliyev çıxış edərək hərbi qulluqçuları qarşıdan gələn 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yen il bayramı münasibətilə təbrik etmişlər.
Gətirilən ərzaq məhsulları və gündəlik tələbat malları hərbçilərə təqdim olunmuşdur.
Hərbi hissələrə bayram sovqatları aparılması münasibətilə keçirilən tədbirlərdə hərbçilər göstərilən diqqət və qayğıya görə dövlətimizə minnətdarlıqlarını bildirmişlər.
Xəbərlər şöbəsi