Yüzillik mətbuat arxivimizdən bu günə
Mədəni inkişaf cəmiyyətin, eləcə də hər bir fərdin özünüinkişafının əsas məqsədlərindən biridir. Böyük ədib Hüseyn Cavidin sözləri ilə desək, məhz dünyanı xilas edəcək olan mədəniyyətlə ən sonda intibaha qovuşmağı, hər kəsin bir-birini insan olduğuna görə sevib, hörmət etməyi xəyal etmək olar. Bu xəyalların gerçəkləşməsi üçün isə hər bir insanın təhsilli, kamil vətəndaş olması şərti dünya sivilizasiyalarının inkişaf tarixində qalın cizgilərlə aydın yazılıb. Çünki ən böyük mədəniyyət təhsil mədəniyyətidir.
Böyüyən gənc nəsli yüksək təhsilli görmək hər bir kəsin arzusudur. Bu, övladını məktəbə göndərən valideynin istəyi və uşaqlara dərs deyən müəllimin tələbkarlığı ilə bütünləşdikcə ən böyük ülvi arzuya çevrilir, vətənpərvər, cəmiyyətdə hər kəsə faydalı olan kadrların yetişməsinə və öz layiqli yerini tutmasına səbəb olur. Qədim mədəniyyət mərkəzi olan, yetişdirdiyi böyük tarixi şəxsiyyətlər və liderləri ilə xalqımızın tarixinə öz izini qoymuş Naxçıvanda min il əvvəl olduğu kimi, bu gün də təhsil quruculuğu bu ciddiyyətlə qorunub saxlanılmaqda, bütün vacib işlərdən daha öndə gəlməkdədir. Çünki indi hamı görür ki, Vətənin torpaq bütövlüyü qədər ən vacib vəzifəni də bu sahənin ağıllı, savadlı və vətənpərvər kadrları cəmi 44 gündə həll edib, son nidanı qoya bilərlər.
Qədim Naxçıvanın təhsil ənənələri çox keçmişə dayanır. Hələ İslam mədəniyyətinin inkişaf etdiyi erkən orta əsrlərdən bəri bu torpaqda yetişmiş alim və mütəfəkkirlərin düşüncələri, onlardan miras qalmış əsərlər bəşəriyyətin sonrakı inkişaf dövrlərinə işıq tutmuş, qaranlıq yolları aydınlatmışdır. Hətta bu gün təhsil modelləri ilə dünyaya standartlar gətirməyə çalışan Avropanın orta əsrlərdəki zülmət dövründə məhz Şərqdən qidalandığını hər kəs bilir. Yüksək təhsil ənənələri ilə əxlaq, riyaziyyat, tibb, tarix, fəlsəfə, məntiq, astronomiya, pedaqogika, memarlıq və digər mühüm sahələrdə görkəmli əsərlər yaratmış naxçıvanlılar ədəbi düşüncə sahibləri kimi də dünya elm və mədəniyyət tarixinə öz adlarını yazmışlar. Son yüz ildə insanların maariflənməsinə və cəmiyyətin mədəni tərəqqisinə öz töhfəsini vermiş “Şərq qapısı” qəzetinin 1969-cu il 10 iyul tarixli sayındakı XII-XIII əsr mənbələrinə əsasən qələmə alınmış “Qədim mədəniyyət mərkəzi” başlıqlı yazıda da belə müsbət ənənələrinin formalaşıb yayıldığı 700 il əvvəlki qədim Naxçıvanın təhsil mühitindən söz açılır.
Azərbaycan SSR Elmlər Akademiyasının əməkdaşı Əli Hüseynzadənin imzası ilə dərc olunmuş bu məqalədə həmin dövrdə Türkiyə arxivlərinin birində tapılmış, Azərbaycanda uzun müddət hakmiyyətdə qalmış Elxanilər dövlətinin 1263-1284-cü illərdə baş vəziri olmuş Şəmsəddin Məhəmməd Cüveyninin “Naxçıvan mədrəsələrində tədris üsuluna dair” fərmanından söhbət açılır. Məqalədə qədim mədəniyyət mərkəzi olan Naxçıvanda hələ yüzilliklər öncə insanların təhsilə olan marağından bəhs olunmaqla həmin dövrdəki mühit haqqında oxucuda təsəvvür yaradılır.
Həmin fərmana, həmçinin məqalədə adı keçən XII əsrin sonu və XIII əsrin əvvələrində yaranan “Əcaib-üd-dünya” adlı coğrafiya kitabına əsasən ozamankı Naxçıvan şəhərinin quruluşu, insanların sosial həyatı barədə məlumat verən müəllif Möminə xatın türbəsində fəaliyyət göstərən mədrəsə təhsilindən, burada yaradılmış auradan söhbət açır. Qeyd olunur ki, mədrəsədə dərs deyən müəllimlər yaxşı oxuyan şagirdlərinə öz ruhani oğlu kimi yanaşıb gözəl rəftar etməli, dərsləri maraqlı edib keyfiyyətə üstünlük verməli, hər tələbənin fərdi xüsusiyyətini nəzərə alıb ona müvafiq tapşırıqlar verməli, dərs zamanı gərəksiz mübahisələrə yol vermədən hafizənin inkişafı üçün mövzu ətrafında müzakirələr aparmalı, həftədə azı bir dəfə indiki ifadə ilə “seminar” kimi tanınan belə müzakirələr aparmalıdırlar.
Dövrümüzdə təhsil işçiləri, eləcə də tələbə və şagirdlərin gündəmində qiymətləndirmə əsas mövzulardan biridir. Ancaq məqaləni oxuduqda görürük ki, bu gün Avropa təhsil standartlarında imtahanlardan qabaq ayda bir dəfə keçirilən kollokium və summativ qiymətləndirmə kimi aylıq bilik yoxlanışları elə 700 il əvvəl də Naxçıvan mədrəsələrində olub, müəllim və şagirdlər bunlara böyük həyəcanla hazırlaşıblar.
Tarixi sənədlərə istinadən “Şərq qapısı” qəzetində dərc olunmuş bu məqalə həmin dövrlərdə mədrəsələrdə təhsil alanların üzərinə böyük məsuliyyət düşdüyündən bəhs etməklə də diqqəti cəlb edir. Belə ki, o zamanlar mədrəsə tələbələrinə müəllimlərin adını uca tutub, xüsusi ehtiram göstərmələri, tənbəl və səhlənkar olmamaları, dərslərini təkrar edərək dərindən mənimsəmələri də tövsiyə olunur. Bu bölümdə diqqətçəkən daha bir maraqlı məqam isə mədrəsə şagirdlərinin başa düşmədikləri məsələlər barədə müəllimə sual verməkdən çəkinməmələri və yalnız keçilmiş dərsi tam öyrəndikdən sonra növbəti mövzuya keçmələri haqqında fikirlərdir. Bir sözlə, Naxçıvanda əsrlər öncə mövcud olan mükəmməl pedaqoji görüşlərlə tanış olursan!
O dövrlərdən artıq xeyli zaman keçib, insanların həyat standartları və texnologiya tamamən dəyişilib. Ancaq İslam mədəniyyətinin çiçəkləndiyi həmin dövrdəki kimi, indi də özünün iqtisadi-mədəni intibah dövrünü yaşayan qədim Naxçıvan hər sahədə olduğu kimi, təhsildəki nəticələri ilə də öz sözünü deməkdədir. O zamanlar Naxçıvandakı təhsil məkanları Möminə xatın türbəsi kimi şəhərin ən gözəl, ən yaraşıqlı binaları seçildiyi kimi, indi də Naxçıvan məktəbləri özünün müasirliyi və gözqamaşdıran gözəlliyi ilə, sözün əsl mənasında, başqalarına nümunədir. Bu gün Naxçıvandakı təhsil müəssisələrində oxumaqla uğur qazanan minlərlə şagird və tələbə kimi öz həyatının mənasını on minlərlə gəncin irfan qazanmasında görən müəllimlər də dövlətin ali məqsədlərinə xidmət etməklə özlərini xoşbəxt sayırlar.
Bu, qədim mədəniyyət mərkəzi Naxçıvanın minillik təhsil ənənəsidir.
Əli CABBAROV