Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər və innovasiyaların dəstəklənməsi haqqında” 2019-cu il 3 aprel tarixli Sərəncamının icrası istiqamətində görülən tədbirlər çərçivəsində pedaqoji profilli ixtisasları bitirən 52 gənc ümumtəhsil müəssisələrində müxtəlif vəzifələrə təyin olunmuş, onlarla görüş keçirilmişdir.
Tədbiri giriş sözü ilə açan Naxçıvan Muxtar Respublikasının təhsil naziri Rəhman Məmmədov əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan gənclər siyasətinin Naxçıvan Muxtar Respublikasında da uğurla davam etdirilməsindən danışmışdır.
Vurğulanmışdır ki, bu gün muxtar respublikada gənclərə göstərilən yüksək qayğılardan biri də pedaqoji profilli ixtisasları bitirmiş gənclərin işlə təmin olunmasıdır. Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2018-ci il 14 aprel tarixli Qərarı ilə təsdiq olunmuş “Naxçıvan Muxtar Respublikasında müəllimlərin dövlət ümumtəhsil və ilk peşə ixtisas təhsili müəssisələrinə işə qəbulu, bilik və bacarıqlarının qiymətləndirilməsinin aparılması Qaydaları”na uyğun olaraq pedaqoji profilli ixtisasları bitirmiş gənclərin işə qəbulu üzrə müsabiqələr keçirilir. Bu isə səriştəli, bacarıqlı kadrların məktəblərə gəlməsinə, ehtiyac olan təhsil müəssisələrində yerləşdirilməsinə gətirib çıxarır.
Bildirilmişdir ki, dövlət ümumtəhsil müəssisələrinə vakant vəzifələrə işə qəbul üçün 14 avqust 2021-ci il tarixdə elan edilmiş müsabiqənin 22-30 noyabr 2021-ci il tarixlərdə keçirilmiş test imtahanlarının nəticəsinə uyğun olaraq 16-sı psixoloq, 6-sı uşaq birliyi təşkilatının rəhbəri, 9-u laborant, 19-u kitabxana müdiri və 2-si kitabxanaçı olmaqla, ümumilikdə, 52 gənc işə qəbul olmuşdur.
Təhsil naziri yeni fəaliyyətə başlayan gənc kadrları təbrik etmiş, onlara yeni vəzifələrində uğurlar arzulamışdır.
Yeni fəaliyyətə başlayacaq gənclərə əmək funksiyaları haqqında məlumat verilmişdir. Gənc kadrlar adından çıxış edən Tünzalə Həsənova həyata keçirilən təhsil siyasəti və gənclərə göstərilən yüksək qayğıya görə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə minnətdarlığını bildirmişdir.
Gənc kadrlarla görüşdən sonra onlara ümumtəhsil müəssisələrində üzərlərinə düşən vəzifələrlə bağlı seminar keçirildi.
Naxçıvan Muxtar Respublikası
Təhsil Nazirliyinin mətbuat xidməti