Naxçıvan Muxtar Respublikasının gənclər və idman naziri Ramil Hacı “Turan” Fitnes Klubunun rəhbəri, bodibildinq üzrə ölkə birinciliyində muxtar respublikanı uğurla təmsil edən Həsənqulu Abdullayevlə görüşüb.
Qazanılan uğuru yüksək qiymətləndirən Ramil Hacı son zamanlar Naxçıvan idmançılarının peşəkar yarışlarda inamla çıxış etməsinin sevindirici olduğunu deyib. Nazir bildirib ki, muxtar respublikada idmana və idmançılara göstərilən dövlət qayğısı, yaradılan əlverişli maddi-texniki baza gənc nəslin bu istiqamətdə uğurlu karyera qurmasına böyük təkan verir. Şəhər və rayonlarımızda fəaliyyət göstərən fitnes zallarına əhali tərəfindən marağın böyük olmasına baxmayaraq, bodibildinq idman növündə də peşəkar idmançıların formalaşmasına ehtiyac var. Ramil Hacı bu növün planlı və strategiyalı şəkildə inkişaf etməsi üçün qazanılan təcrübənin yeni nəslə ötürülməsinin vacibliyini ifadə edib, bu yöndə lazımi dəstəyin göstəriləcəyini diqqətə çatdırıb.
Göstərilən diqqət və dəstəyə görə minnətdarlığını bildirən Həsənqulu Abdullayev yarışa hazırlıq və yarış günü ilə bağlı təəssüratlarını bölüşüb, həmçinin məşqçilik fəaliyyətini davam etdirdiyini və muxtar respublika idmanında bodibildinqin gələcəyi üçün üzərinə düşən öhdəlikləri yerinə yetirməyə hazır olduğunu deyib. Həsənqulu Abdullayev növbəti il keçiriləcək Avropa çempionatının onun üçün xüsusi önəm daşıdığını və Naxçıvana qızıl medal gətirmək üçün maksimum çalışacağını bildirib.
Nazir Ramil Hacı idmançıya karyerasında uğurlar arzulayaraq ona plaket və hədiyyə təqdim edib.
Xatırladaq ki, klassik bodibildinq üzrə boyu 175 santimetrdən yuxarı idmançılar kateqoriyasında ölkə birincisi olan Həsənqulu Abdullayev bu növdə, həmçinin Azərbaycan çempionatının mütləq qalibi adına layiq görülmüşdü. O, Naxçıvan idmanında bodibildinq üzrə ilk ölkə çempionluğu titulunu qazanmaqla yanaşı, yığma komandanın heyətinə cəlb olunaraq qarşıdakı Avropa çepionatında iştirak etmək hüququ qazanıb.
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin
mətbuat xidməti