Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin və Naxçıvan Muxtar Respublikası Gənclər Fondunun birgə təşkilatçılığı ilə “Zəfərimiz” kampaniyası çərçivəsində gənclərin Vətən müharibəsi iştirakçıları ilə görüşü təşkil edilib. Görüş Naxçıvan şəhərində yerləşən “Görüş yeri” kafesində olub. Əvvəlcə Vətən müharibəsində şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirin əvvəlində Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin baş zabiti Nurlan Məhərrəmov çıxış edərək Vətən müharibəmizdə qazanılan zəfərdən söhbət açıb. Torpaqlarımızın azad olunmasında canından keçən şəhidlərimizin və qazilərimizin xidmətlərinin hər zaman xalqımız üçün əvəzsiz olduğunu vurğulayıb.
Gənclər Fondunun əməkdaşı Sübhan Rəhimli çıxış edərək Vətən müharibəsində yüksək şücaət və qəhrəmanlıq nümayiş etdirən hər bir Azərbaycan övladının Vətən sevgisinin gənc nəsil üçün nümunə olduğunu bildirib.
Vətən muharibəsi iştirakçıları baş leytenant Sahil Hacıbəyli, İlqar Canməmmədov, Nəriman Süleymanlı, baş gizir Amil Məmmədov, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu Sadiq İbrahimli və Cahandar Məhərrəmov torpaqlarımızın azad edilməsində pay sahibi olmağın onlar üçün böyük qürur hissi olduğunu dilə gətiriblər. Vətən müharibəmizdə Füzuli və Cəbrayıl istiqamətində gedən döyüşlərdə iştirak edən baş leytenant Sahil Hacıbəyli bildirib ki, çətin bir yol olmasına baxmayaraq, hər bir döyüşçü bu yolun sonunda ordumuzun zəfər qazanacağına əmin idi. Xalqımızın birliyi və Vətənə olan dərin məhəbbət ordumuzu bu savaşın qalibi etdi.
Sonra çay süfrəsi ətrafında Vətən müharibəsi iştirakçılarından döyüş xatirələri dinlənilib. Könüllülərin Vətən müharibəsi qazilərinin döyüş yoluna marağı olduqca yüksək olub. Qaziləri diqqətlə dinləyən gənclər onlara öz suallarını da ünvanlayıblar.
Sonda torpaqlarımızın azadlığı uğrunda şücaət göstərən qazilərə təşkilatçılar tərəfindən hədiyyələr təqdim olunub.
Naxçıvan Muxtar Respublikası
Səfərbərlik və Hərbi Xidmətə
Çağırış üzrə Dövlət Xidmətinin
mətbuat xidməti