21 Dekabr 2024, Şənbə

Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin Bəhruz Kəngərli adına Sərgi Salonunda Azərbaycanın görkəmli xalçaçı-rəssamı, professor Kamil Əliyevin 100 illik yubileyinə həsr olunmuş sərgi açılıb.


Tədbirdə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının rəhbəri Ülvi Hüseynli çıxış edərək bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2021-ci il oktyabrın 12-də “Kamil Əliyevin 100 illik yubileyinin qeyd edilməsi haqqında” Sərəncam imzalamışdır. Bu Sərəncam Azərbaycan xalçaçılıq və dekorativ-tətbiqi sənətinin qədim ənənələrinin qorunub saxlanılmasında və inkişaf etdirilməsində mühüm xidmətləri olan Kamil Əliyevin fəaliyyətinə verilən yüksək qiymət kimi böyük dəyərə malikdir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov 2021-ci il oktyabrın 16-da Kamil Əliyevin 100 illik yubileyinin Naxçıvan Muxtar Respublikasında qeyd olunması ilə bağlı Sərəncam imzalamış, “Tədbirlər Planı” təsdiq olunmuşdur. “Tədbirlər Planı”na əsasən AMEA Naxçıvan Bölməsi, Naxçıvan Dövlət Universiteti və Naxçıvan Müəllimlər İnstitutunun birgə təşkilatçılığı ilə “Kamil Əliyev-100” mövzusunda elmi konfrans, Naxçıvan Dövlət Xalça Muzeyində ali təhsil müəssisələrində aid ixtisas üzrə təhsil alan tələbələr üçün açıq dərslər keçilmiş, AMEA Naxçıvan Bölməsinin “Elmi əsərlər” jurnalının bir nömrəsi Kamil Əliyevin həyat və yaradıcılığına həsr olunmuşdur. Həmçinin Naxçıvan Dövlət Universiteti və Naxçıvan Müəllimlər İnstitutunun aid ixtisaslarında Kamil Əliyevin yaradıcılığına həsr olunmuş dərslər tədris edilmişdir. Bu gün Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin Bəhruz Kəngərli adına Sərgi Salonunda Xalq rəssamı Kamil Əliyevin yaradıcılığına həsr olunmuş sərginin açılması və yubileyinin qeyd olunması da bu tədbirlərin davamı kimi mühüm əhəmiyyətə malikdir.

Ülvi Hüseynli bildirmişdir ki, Kamil Əliyevin yaradıcılığında süjetli xalılar və portret-xalçalar aparıcı mövqe tutur. Onun qüdrətli söz dühalarına, görkəmli siyasi xadimlərə həsr olunan və yüksək professionallığı, bədii-estetik mükəmməlliyi ilə seçilən portret-xalçaları yüksək dəyərə malikdir. Dünyanın mötəbər muzey, qalereya və sərgi salonlarında dəfələrlə nümayiş etdirilən bu əsərlər sənətkara böyük nüfuz qazandırmışdır. Onun müəllifi olduğu portret-xalçalarda ulu öndər Heydər Əliyev və Mustafa Kamal Atatürk kimi tarixi şəxsiyyətlərin, Nizami Gəncəvi, Məhəmməd Füzuli və digər görkəmli ədiblərin əks olunması rəssamın tariximizə, mənəvi dəyərlərimizə bağlılığının təzahürüdür.
Tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin sədri, Əməkdar rəssam Ülviyyə Həmzəyeva qeyd edib ki, bugünkü sərginin ekspozisiyasında rəssamın əsərlərini əks etdirən 26 ədəd fotoəks, Hüseyn Cavid ev-muzeyinin ekspozisiyasında sərgilənən “Azərbaycan” xalçası və sənətkara həsr olunmuş kitablar nümayiş olunur. Kamil Əliyev bir müddət Respublika Bədii Fonduna rəhbərlik edib, sonralar Bakı Zərgərlik Fabrikində direktor vəzifəsində çalışıb. Həmin illərdə o yalnız xalı, parça kimi toxuma sahələrində yox, həmçinin qızıl, gümüş və digər materiallarda da mahir bədii tərtibatçı, ornament rəssamı kimi özünün məharətini nümayiş etdirib. 1950-ci illərdən etibarən Kamil Əliyevin yaradıcılığında süjetli xalıların, portret-xalçaların yaradılması böyük yer tutub. Bu illərdə sənətkar bir-birinin ardınca yüksək professionallıqla Azərbaycan klassiklərinin və görkəmli dövlət xadimlərinin portretlərini yaradıb ki, onlardan bir neçəsi sərgidə yer alıb. Sərgidə ulu öndər Heydər Əliyevə müxtəlif dövrlərdə ithaf olunan, həmçinin dahi şairimiz Nizami Gəncəvinin, gürcü şairi Şota Rustavelinin portretləri nümayiş olunur. Ülviyyə Həmzəyeva Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin üzvləri adından görkəmli xalçaçı-rəssam Kamil Əliyev irsinə göstərdiyi böyük diqqət və qayğıya görə Ali Məclisin Sədrinə minnətdarlığını bildirib.
Azərbaycan Milli Xalça Muzeyinin direktoru Şirin Məlikova çıxışında bildirib ki, dahi sənətkar bütün ömrünü xalça sənətinin parlaq ənənələrinin yaşadılmasına və inkişafına həsr edib. Kamil Əliyevin misilsiz nailiyyəti – xalçanın səthində realistik, sanki canlı insan obrazını yaradan ən incə rəng, işıq-kölgə çalarları ilə işləmək bacarığı idi. Yaradıcılıq boyu Kamil Əliyev onlarla xalça – Azərbaycan və digər ölkələrin tanınmış siyasi və incəsənət xadimlərinin portretlər qalereyasını yaradıb. Klassik xalça irsindən bəhrələnən rəssam çoxsaylı ornamental kompozisiyaların da müəllifidir. Sənətkar sarı və qızılı rənglərin çoxsaylı çalarlarını və onların ahəngini əsərlərinin böyük qismində məharətlə istifadə edib. Görkəmli rəssamın yaradıcılığı dövlət tərəfindən daim yüksək dəyərləndirilib. O, bir çox dövlət mükafatları ilə təltif olunub, sağlığında 80 illiyi, vəfatından sonra isə 90 illiyi dövlət səviyyəsində qeyd edilib. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Kamil Əliyevin 100 illik yubileyinin qeyd edilməsi haqqında” 2021-ci il 12 oktyabr tarixli Sərəncamına əsasən Azərbaycan Milli Xalça Muzeyində sənətkarın yaradıcılıq nümunələrindən ibarət sərginin və əsərlərinin tanıdılması, təbliği istiqamətində tədbirlərin təşkil olunduğunu vurğulayan Şirin Məlikova bugünkü sərginin də yüksək səviyyədə keçirildiyini diqqətə çatdırıb.
Kamil Əliyevin ev-muzeyinin direktoru, qızı Nərminə Əliyeva atasının dünyada tanınmasından, ölkəmizdə xatirəsinin əziz tutulmasından qürur hissi duyduğunu vurğulayıb, muxtar respublikada onun yaradıcılığına göstərilən diqqətə görə minnətdarlığını bildirib. Nərminə Əliyeva qeyd edib ki, Kamil Əliyev tanınmış xalçaçı-rəssam olmaqla yanaşı, həm də alicənab, zəhmətkeş insan, ailəcanlı həyat yoldaşı, qayğıkeş ata idi. Belə bir sənətkarın ailəsində dünyaya göz açmaq, onun dəyərli irsini qoruyub yaşatmaq missiyasını üzərinə götürmək, yolunu davam etdirmək olduqca qürurverici haldır, fəxrdir. Kamil Əliyev sənət sahəsində olduğu kimi, həyatda da milli-mənəvi irsə hörməti, ailə dəyərlərinə bağlılığı hər kəsə qarşı həssas münasibəti, diqqətcilliyi, nəvazişkarlığı, cəmiyyət içində adət-ənənələrimizə uyğun mütəvazi davranışı ilə seçilirdi. Nərminə Əliyeva Kamil Əliyev irsinə verilən dəyərə görə minnətdarlıq edib.
Sonra tədbir iştirakçıları Azərbaycanın görkəmli xalçaçı-rəssamı Kamil Əliyevin 100 illik yubileyinə həsr edilmiş, Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin Bəhruz Kəngərli adına Sərgi Salonunda nümayiş olunan sərgiyə baxıblar.

“Şərq qapısı”

 

 

 

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR