Muxtar respublika iqtisadiyyatının dinamik inkişafı, ixrac potensiallı məhsul istehsalının artması və yeni istehsal sahələrinin yaradılması keyfiyyətə nəzarət işinin əhəmiyyətini günü-gündən artırmaqdadır. Naxçıvan Muxtar Respublikası Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən yerli məhsulların daxili və xarici bazarlarda rəqabətədavamlı olması üçün keyfiyyət standartlarına əməl edilməsinə nəzarət işi cari ilin noyabr ayı ərzində də davam etdirilmiş, ümumilikdə, 67, o cümlədən qida məhsullarının 56 halda keyfiyyət göstəriciləri üzrə laboratoriya sınağı aparılmış, nöqsan aşkar edilməmişdir.
Bal və digər arıçılıq məhsulları gəlirliliyinə və faydalılığına görə aqrar sahədə mühüm yer tutur. Naxçıvanda bu sahənin davamlı inkişafı məqsədilə “2017-2022-ci illərdə Naxçıvan Muxtar Respublikasında arıçılığın inkişafı üzrə Dövlət Proqramı”nın icrası istiqamətində Kənd Təsərrüfatı Nazirliyinin, Dövlət Baytarlıq Xidmətinin, Dövlət Sığorta Xidməti publik hüquqi şəxsin və Naxçıvan Muxtar Respublikası Arıçılar İctimai Birliyinin nümayəndələri ilə birlikdə ötən ay Culfa rayonunun Əbrəqunus, Naxçıvan şəhərinin Qaraxanbəyli kəndlərində arıçılıq məhsulları istehsalçıları ilə maarifləndirmə xarakterli görüşlər keçirilmiş, müvafiq standart üzrə bal məhsulunun tərkibində saxarozanın və nəmliyin yolverilən həddinə dair məlumatlar çatdırılmışdır.
Qəbul edilmiş müvafiq Dövlət proqramlarının icrası istiqamətində ötən ay emal olunmuş kənd təsərrüfatı məhsullarının 18, meyvə-tərəvəz məhsullarının isə 11 halda keyfiyyət göstəriciləri üzrə laboratoriya analizləri aparılmış, nəticələrin standartlara uyğunluğu müəyyən olunmuşdur.
Hesabat ayında muxtar respublika üzrə 5 ailə təsərrüfatına istehsal etdiyi məhsulların etiketlərində məhsulun adının və digər məlumatların orfoqrafik qaydalara uyğun yazılmasını, saxlanma şəraitinin və yararlılıq müddətinin qüvvədə olan standartların tələblərinə uyğun göstərilməsini təmin etmək məqsədilə metodik köməklik göstərilmiş, 450 etiket ailə təsərrüfatlarına təqdim olunmuşdur.
Ailə təsərrüfatı məhsullarının keyfiyyətinə nəzarətin aparılması üçün ay ərzində İqtisadiyyat Nazirliyinin əməkdaşları ilə birgə məhsullardan 5 halda nümunələr seçilərək laboratoriyaya təqdim olunmuş, sınaqların nəticələrinin standartlara uyğunluğu müəyyən edilmişdir.
2021-ci ilin 20-21 noyabr tarixlərdə “Ailə təsərrüfatı məhsulları” satış yarmarkası təşkil olunmuş və yarmarkaya 481 ailə təsərrüfatı tərəfindən məhsul çıxarılmışdır. Ümumilikdə, 12 min 575 nəfərin iştirak etdiyi yarmarkada 464 min 680 manat həcmində məhsul satılmışdır. Bununla yanaşı, yarmarkada “Naxçıvan Məhsulları” publik hüquqi şəxs tərəfindən 2580 manat dəyərində ailə təsərrüfatı məhsulu alınmışdır.
2017-ci il 25 iyul tarixli beşinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin altıncı sessiyasında xarici bazarlara çıxış imkanına malik məhsul istehsalına diqqətin artırılması, qarşıdakı dövrdə bu imkanların bir daha araşdırılması, ixracın coğrafiyasının genişləndirilməsi üçün verilmiş tapşırıqların, “Naxçıvan Muxtar Respublikasında ixrac potensialının və ixraca dövlət dəstəyinin artırılması ilə bağlı Tədbirlər Planı”nın icrası istiqamətində muxtar respublikadan kənara məhsulların göndərilməsi və satışı üzrə fəaliyyət çərçivəsində sahibkarlıq subyektlərinin və ailə təsərrüfatlarının iqtisadi aktivliyi ardıcıl qaydada dəstəklənmiş, digər bölgələrimizdə fəaliyyət göstərən “Naxçıvan məhsulları” mağazalar şəbəkəsinə tələbata uyğun olaraq davamlı qaydada məhsulların göndərilməsi təmin edilmişdir.
2021-ci ilin 24 noyabr tarixində muxtar respublikada ixracyönlü məhsul istehsal edən və keyfiyyəti idarəetmə sistemi tətbiq edilməmiş müəssisələrin nümayəndələrinin iştirakı ilə ISO beynəlxalq keyfiyyəti idarəetmə standartları və ixrac qabiliyyətli məhsulların əmtəə nişanlarının mühafizəsi və beynəlxalq sistem vasitəsilə qeydiyyatı istiqamətində maarifləndirici seminar keçirilmiş, ISO 9001 keyfiyyəti idarəetmə sistemlərinin əsas prinsip və tələbləri izah edilmiş, əmtəə nişanlarının məhsul ixrac olunacaq ölkələrdə Ümumdünya Əqli Mülkiyyət Təşkilatı vasitəsilə beynəlxalq mühafizəsinin təmin olunması prosedurları barədə təsərrüfat subyektləri məlumatlandırılmışdır.
Muxtar respublikada istehsal olunan alkoqollu içkilərin keyfiyyətinin diqqətdə saxlanılması üçün 3 müəssisədə istehsal olunan arağın 12, pivənin 1 və məhsul istehsalında istifadə olunan suyun 1 halda laboratoriya analizləri aparılaraq keyfiyyət göstəricilərinin standartlara uyğunluğu müəyyənləşdirilmişdir.
Hesabat ayında Fövqəladə Hallar Nazirliyi və Dövlət Gömrük Komitəsi ilə birgə idxal olunan qaz cihazlarına baxış keçirilmiş və müvafiq təhlükəsizlik sistemi ilə təmin olunmayan cihazların idxalına icazə verilməmişdir.
Muxtar respublikada keyfiyyət infrastrukturunun təkmilləşdirilməsi istiqamətində tədbirlər davam etdirilməkdədir.
Naxçıvan Muxtar Respublikası
Antiinhisar və İstehlak Bazarına
Nəzarət Dövlət Xidməti