Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamına və Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov tərəfindən təsdiqlənən “Tədbirlər Planı”na əsasən tanınmış Azərbaycan xalçaçı-rəssamı, professor Kamil Əliyevin 100 illik yubileyinin ölkə səviyyəsində qeyd olunması əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan mədəniyyətimizə və milli dəyərlərimizə yüksək qayğının məntiqi davamıdır. Biz də bu gün Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyində dahi sənətkarın mənalı ömür yoluna, yaradıcılığına həsr olunmuş sənət əsərlərindən ibarət sərgidə iştirak edib qonaqlarla həmsöhbət olduq.
İlk həmsöhbətimiz Azərbaycan Milli Xalça Muzeyinin direktoru Şirin Məlikova oldu: – Azərbaycan torpağı lap qədim zamanlardan öz dahi şəxsiyyətləri, əvəzolunmaz sənətkarları iləseçilib. Bu gün diyarımızın hansı tərəfinə getsək, elə bir ünvan tapa bilmərik ki, oradan yurdumuzun adını daim öz uğurları ilə yaşadan insan tapılmasın. Elə bu məqamda, bu gün 100 illik yubileyinə toplaşdığımız dahi sənətkar, xalçaçı-rəssam Kamil Əliyev də Azərbaycanın yaradıb-yaşadan nasehlərindən olmuşdur. Onun yubileyinin muxtar respublikada da keçiriləcəyi xəbərini eşitdikdə çox şad oldum, sevindim. Çünki sənət dünyası Bəhruz Kəngərli ideyası, Memar Əcəmi bəşəriliyi ilə yoğurulan bu torpağa bir neçə dəfə səyahət etmişdim, bu dəfə isə daha böyük bir məqsəd üçün gəlirdim. Kamil Əliyevin sirli-sehrli dünyasına Naxçıvan diyarından səyahət etmək üçün. Sənətkarın bir ümmanı xatırladan yaradıcılıq yolu haqqında saatlarca danışmaq olar. O, bütün ömrünü xalqımızın mədəniyyəti tarixində müstəsna yer tutan xalçaçılıq sənətinin parlaq ənənələrinin yaşadılmasına və inkişafına sərf edib. Fitri istedada malik rəssam milli naxış elementlərindən uğurla bəhrələnərək rəngarəng dekorativ motivlər yaradıb, Azərbaycan xalçaçılığı və tətbiqi sənətini daim yeni ornamentlərlə zənginləşdirib. Kompozisiya özünəməxsusluğu, rəng ahəngdarlığı və süjet əlvanlığı rəssamın Azərbaycan xalçaçılıq məktəblərinin xüsusiyyətlərini özündə cəmləşdirən çeşnilər əsasında toxunmuş xalçalarının başlıca səciyyəvi cəhətləridir. Onun qüdrətli söz dühalarına, görkəmli siyasi xadimlərə həsr olunan və yüksək professionallığı, bədii-estetik mükəmməlliyi ilə seçilən portret-xalçaları incəsənətimizin qızıl fondunun qiymətli nümunələrindəndir. Kamil Əliyevin əsərləri dünyanın mötəbər muzey, qalereya və sərgi salonlarında dəfələrlə nümayiş etdirilib. Böyük sənətkar xalçaçı kadrların hazırlanması işinə mühüm töhfələr verib. Hazırda da muzeyimizdə sənətkarın yüzə yaxın bir-birindən zəngin yaradıcılıq nümunələri qorunub saxlanılır. O yaradıcılıq nümunələri ki onlara hər baxdıqda bir daha şahidi oluruq ki, sənəti yaşadanları sənət də yaşadır.
Rəssamın qızı Nərminə Əliyeva: – O öz ömrünü xalqının, millətinin sənətini yaşatmağa həsr edən dahi sənətkar olduğu kimi, həm də qayğıkeş bir ailə başçısı, mehriban bir ata idi. Lap kiçik yaşlarımdan, özümü dərk etməyə başladığım ilk andan etibarən atamı əlində fırça, hana qarşısında rəngarəng iplərlə təmasda görmüşəm. O öz sənətinə bütün qəlbi, ruhu ilə bağlı idi. Çünki o da mənim kimi lap kiçik yaşlarından ailə üzvlərini bu sənətin içərisində görmüş və elə həmin yaşlarından bu yaradıcılıq yolunun sirlərini öyrənməyə müvəffəq olmuşdu. Uzun qış gecələrində, isti soba başında əyləşib atamın öz uşaqlığı ilə bağlı xatirələrini dinləməyim, ondan eşitdiyim əhvalatlar bu gün də yadımdadır. Həmişə deyərdi ki, qızım, mən bu sənətin sirlərini nənəm Gülsümdən və anam Xanımdan öyrənmişəm. Onlar da xalçaçılıq sənətini qəlbən sevən və böyük zəhmət bahasına bir-birindən maraqlı, rəngarəng xalçaları toxuyub ərsəyə gətirən qoçaq qadınlar idi. Elə mən də özümü dərk edəndən bəri nənəmin, anamın şirin-şəkər zümzümələrinə qulaq verib onların ilmə-ilmə necə sənət yaratdığına şahid olmuşam.
“Atanızın başqa bir peşədə, fərqli bir sahədə olmasını heç arzu etmisinizmi?” sualımıza isə müsahibimiz belə cavab verir:
– Xeyr, heç vaxt belə düşünməmişəm. Çünki atamın sayəsində mən də bu peşənin ardınca gedib, ona qəlbən bağlanmışam. Sənətkarlığın necə bir dünya olduğuna yaxşı bələdəm. O necə işini sevir, bir sənəti ortaya qoymaq üçün canla-başla çalışırdısa, bu gün mən də onun yolunu uğurla davam etdirmək üçün səy göstərirəm. Atam daxildə kəmhövsələ, səbirsiz olsa da, sənətinə, işinə bunu heç vaxt yansıtmazdı. Bəlkə də, bu onun peşəsinə göstərdiyi dərin ehtiramın nümunəsi idi. Bir məqamı böyük qürurla, fəxrlə diqqətə çatdırmaq istərdim ki, atamın 1958-ci ildə toxuduğu ilk xalça nəinki Azərbaycan, bütün Şərq poeziyasının tanınmış dühası Məhəmməd Füzulinin 400 illik yubileyinə həsr edilib. Mənim üçün bu da olduqca qürurvericidir ki, atamın yaradıcılığında ümummilli liderimiz Heydər Əliyevin obrazı xüsusi yer tutur. O, 1985, 1998 və 2004-cü illərdə görkəmli dövlət xadiminin bir-birindən fərqli portretlərini yaratmış, ulu öndərin dahi siyasi xadim, vətənpərvər və müdrik dövlət başçısı kimi silsilə obrazlarını canlandırmışdır. Bu sənət ilə xalqımızın tarixi yaddaşından gələn rənglərin, naxışların, mifik obrazların vəhdəti, gücü-qüdrəti, kompozisiyanın bədiiliyi, estetik-fəlsəfi qayəsi, monumental ruhu xalçanı və onu ərsəyə gətirən elin sənətkar oğlunu sənət zirvəsinə yüksəltmişdir. Bu gün təkcə mən yox, bütün Azərbaycan atamla fəxr edir. Ömrünü milli mədəniyyətimizin yaşadılmasına həsr edənlər əbədi yaşayır. Atamın timsalında bizim bütün sənət korifeylərimizin yolunu davam etdirmək, xalqımızın zəngin dünyasından, məişətindən xəbər verən sənətkarlıq sahələrini qoruyub saxlamaq hər birimizin borcudur. Son olaraq belə gözəl tədbirlərin təşkil edilməsində, sənət adamlarımızın mənalı və maraqlı ömür yolarının bütün gənclərimizə aşılanmasında böyük xidmətləri olan ölkə başçımız cənab İlham Əliyevə və Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbova öz dərin minnətdarlığımı bildirir, bütün həmkarlarım adından təşəkkür edirəm.
Məcid RƏŞADƏTOĞLU