Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2021-ci il 25 iyun tarixli “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər haqqında” və 2019-cu il 3 aprel tarixli “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər və innovasiyaların dəstəklənməsi haqqında” sərəncamlarının icrası istiqamətində tədbirlər davam etdirilir. Növbəti belə tədbir Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Orta İxtisas Polis Məktəbində olub. Naxçıvan Dövlət Universitetində Hüquqşünaslıq ixtisası üzrə təhsil alan tələbələrlə keçirilən görüşdə nazirliyin Kadrlar şöbəsinin rəisi, polis kapitanı Rahin Əmirov və universitetin Hüquq fənləri kafedrasının müəllimi Tofiq Hüseynov çıxış ediblər.
Bildirilib ki, adıçəkilən sərəncamlar gələcək ixtisaslı kadrların yetişdirilməsində mühüm rol oynayan dövlət sənədləridir. Həmin sərəncamlardan irəli gələn vəzifələrin vaxtlı-vaxtında və keyfiyyətlə yerinə yetirilməsi bu baxımdan böyük əhəmiyyətə malikdir. Ona görə də universitetin Hüquq ixtisası üzrə təhsil alan tələbələri qrafik əsasında muxtar respublikanın müxtəlif hüquq-mühafizə orqanlarında olur, həmin təşkilatlarda həyata keçirilən tədbirləri, görülən işləri yaxından izləyir, onlara gələcək fəaliyyətləri dövrü görəcəkləri işlər barədə ətraflı məlumatlar verilir.
Sonra tələbələr ümumi kriminalistika sinfində nazirliyin İstintaq və təhqiqat şöbəsinin kriminalistik tədqiqatlar bölməsinin rəisi, polis mayoru Mirhəsən Seyidli ekspert-kriminalistin hadisə yerində iştirakının məqsədi, izlərin müasir texniki üsullarla aşkar edilib götürülməsi, foto və videoçəkilişlərin aparılması, eləcə də əl-barmaq izlərinin müxtəlif tozlar vasitəsilə real şəkildə götürülməsi, “PAPİLLON” canlı skaner kompleksi vasitəsilə əl-barmaq əkslərinin çıxarılması, hadisə yerindən götürülmüş izlərin eyniləşdirilməsi, avtoqəzalarda müasir lazer sistemi vasitəsilə məsafələrin daha effektiv ölçülməsi barədə məlumat verib. Söhbət zamanı əyani vəsaitlərdən istifadə olunub.
Tələbələrə həm də nazirliyin İstintaq və təhqiqat şöbəsinin xüsusilə mühüm işlər üzrə baş müstəntiqi, polis kapitanı Zaman Novruzi cinayət hadisələri ilə əlaqədar hadisə yerinə baxışın keçirilməsi, maddi sübutların götürülməsi, saxlanılması və digər istintaq hərəkətləri, eləcə də sənədləşmələr barədə slayd formasında nümunələr təqdim etməklə məlumat verib. Tələbələr Daxili İşlər Nazirliyinin arxivində saxlanılan müxtəlif xarakterli cinayət işlərinin materialları ilə tanış olublar.
Sonda tələbələrin sualları cavablandırılıb.
Xəbərlər şöbəsi