21 Dekabr 2024, Şənbə

Naxçıvan şəhərindəki İlham Əliyev adına Olimpiya İdman Kompleksində keçirilən ümumtəhsil məktəblərinin futbol idman klubları arasında futzal üzrə muxtar respublika birinciliyinə yekun vurulub.


Naxçıvan Muxtar Respublikası Təhsil, Gənclər və İdman nazirliklərinin birgə təşkil etdiyi birincilikdə şəhər və rayonların 9 komandası olimpiya sistemi üzrə mübarizə aparıb.
Birinciliyin bağlanış mərasimində çıxış edən Naxçıvan Muxtar Respublikası gənclər və idman naziri Ramil Hacı bildirib ki, bu gün muxtar respublikada idmanın inkişafına xüsusi diqqət və qayğı ilə yanaşılır. Məhz bunun nəticəsidir ki, bütün təhsil ocaqlarında uşaq və yeniyetmələrin idmana cəlbi yönündə mühüm işlər görülür, idman klubları yaradılır. Məktəblilərin asudə vaxtlarının səmərəli təşkil olunması, onların idmana cəlbi istiqamətində aparılan işlər həm də şagirdlərin sağlam fərd kimi cəmiyyətə inteqrasiyasıdır. Nazir keçirilən birincilikdə qalib komandaları təbrik edib.
Muxtar respublikanın təhsil müəssisələrində yaradılan idman klubları barədə danışan Naxçıvan Muxtar Respublikası təhsil naziri Rəhman Məmmədov vurğulayıb ki, idmanın müxtəlif növlərinin inkişafına şəraitin yaradılması, uşaq və gənclərin idmana cəlbinin kütləvi xarakter almasının təmin edilməsi, eləcə də istedadlı idmançıların üzə çıxarılması məqsədilə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2020-ci il 14 fevral tarixli Sərəncamı ilə “2020-2025-ci illər üçün Naxçıvan Muxtar Respublikasında idmanın inkişafına dair Dövlət Proqramı” təsdiq olunub. Proqramın icrası məqsədilə Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən təhsil müəssisələrində kadr potensialı və mövcud şərait nəzərə alınmaqla 185 idman klubu yaradılıb. Ali Məclis Sədrinin tapşırığı ilə həmin idman klubları idman avadanlıqları ilə təchiz olunub. Muxtar respublikada idmanın hər zaman diqqət mərkəzində saxlanılan və təşviq edilən bir sahə olduğunu bildirən təhsil naziri idmançıları təbrik edib, göstərilən diqqət və qayğıya görə təhsil işçiləri adından Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədrinə minnətdarlığını bildirib.
Uşaq futbolunun inkişafı, məktəblilərin fiziki hazırlığı və idman vərdişlərinin artırılması, respublika səviyyəli yarışlarda iştirak edə biləcək güclü yığma komandaların formalaşdırılması məqsədilə keçirilən birinciliyin final görüşündə “Naxçıvan” və “Culfa” komandaları üz-üzə gəlib. Görüş birincilərin 6:0 hesablı qələbəsi ilə başa çatıb. “Ordubad” komandası birinciliyi üçüncü pillədə başa vurub.
Sonda qalib komandanın idmançıları diplom, medal və kubokla təltif ediliblər.

Ceyhun MƏMMƏDOV

 

 

 

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR