Tarix dəfələrlə sübut edib ki, xalqın vahid məqsədlər uğrunda birləşməsi üçün zəruri olan milli birlik böyük siyasi dühaların yaratdığı ideologiyalarda reallaşır. XX əsrdə xalqımızla bağlı bu şərəfli missiyanı ümummilli lider Heydər Əliyev həyata keçirmişdir. Ulu öndər Heydər Əliyev həyatının bütün dövrlərində milli ideologiyanın formalaşması və möhkəmlənməsi naminə müstəsna xidmətlər göstərmiş, milli şüurun inkişafına nail olmuş, xalqa məxsus adət-ənənə və dəyərlər sistemini qloballaşmanın sərt təsirlərindən qorumağı bacarmış, azərbaycançılığı milli ideologiyaya çevirməyə nail olmuşdur.
Vətəni və milləti qarşısında misilsiz xidmətləri olan, müstəqilliyimizin müəllifi və müasir dövlətimizin memarı ulu öndər Heydər Əliyevin xalq qarşısındakı ən böyük xidmətlərindən biri də Azərbaycanın gələcək taleyində əvəzsiz rolu, milləti və dövləti qarşısında müstəsna xidmətləri olan cənab İlham Əliyev kimi böyük şəxsiyyət və müdrik bir lider yetişdirməsi olmuşdur. Bu ondan irəli gəlirdi ki, vətənini canından çox sevən uzaqgörən insanı Azərbaycanın təkcə özünün rəhbərlik etdiyi dövr üçün deyil, ondan sonrakı taleyi də düşündürürdü. Hələ 2003-cü ildə dövlət başçısı kimi səlahiyyətlərinin icrasına başlayarkən "Mən hər bir azərbaycanlının Prezidenti olacağam" deyən cənab İlham Əliyev ötən 18 ildə cəmiyyətdə mütləq çoxluğun böyük rəğbət və etimad göstərdiyi liderə çevrilmişdir. Ötən 18 ilin reallıqları zamanın dahisi Heydər Əliyev siyasi kursunun diktə etdiyi sülh, sabitlik və tərəqqi yolunun alternativsizliyini sübuta yetirmiş, inam və etimad üzərində qərarlaşan, gələcəyə hesablanan güclü dövlət konsepsiyası ilbəil uğurla gerçəkləşdirilmişdir.
Xalqımızın ümummilli lideri Heydər Əliyevin müdrik siyasətini dövrün tələblərinə uyğun uğurla davam etdirən dövlət başçısı cənab İlham Əliyevin yüksək erudisiyası, mükəmməl siyasi strategiyası, sarsılmaz qətiyyəti, polad iradəsi, yorulmaz fəaliyyəti və xalqla iqtidar arasında olan sıx birliyin sayəsində planetimizin üzləşdiyi çoxsaylı qlobal çətinliklərə, ümumbəşəri ciddi və mürəkkəb problemlərə, həmçinin müharibədən yeni çıxmış ölkə olmağımıza rəğmən, respublikamızda iqtisadiyyat güclənir, bütün sahələrdə mütəmadi olaraq mütərəqqi islahatlar həyata keçirilir, regionların tarazlı inkişafının davamlılığı təmin olunur, hər bir istiqamət üzrə ardıcıl uğurlar əldə edilir ki, nəticədə dövlətimiz daha da qüdrətlənir və doğma Azərbaycanımız durmadan çiçəklənir. Azərbaycan dövləti, Azərbaycan xalqı İlham Əliyev cənablarının rəhbərliyi altında gələcəyə, yüksəlişə və inkişafa doğru dahi şəxsiyyət Heydər Əliyevin əsasını qoyduğu yolla inamla irəliləyir və hər bir ölkə vətəndaşının fəxr edəcəyi, qürur duyacağı bir məkana çevrilir. Ötən 18 il aşkar şəkildə göstərdi ki, cənab İlham Əliyev öz fəaliyyət dövrünü bu amalın reallaşmasına həsr etmiş, Ulu öndərimizin müstəqillik və azadlıq ideyalarını dönmədən həyata keçirmiş, Azərbaycanı sosial-iqtisadi inkişaf, demokratik hüquqi dövlət quruculuğu və siyasi sabitlik baxımından dünyanın sayılıb-seçilən dövlətlərindən birinə çevirmişdir.
Ötən il xalqımız öz liderinin - müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşərək müasir Azərbaycan tarixinin ən böyük uğurunu-bütün dünyaya öz gücünü, mətinliyini, mübarizliyini nümayiş etdirdi. Azərbaycan xalqı hansı səviyyədə uğurlu sərkərdəyə - Ali Baş Komandana sahib olduğunu aşkar gördü. Prezident İlham Əliyev yalnız hərb meydanında müzəffər sərkərdə kimi deyil, diplomatik cəbhədə də böyük strateq nümunəsi ortaya qoydu, informasiya müharibəsində Azərbaycanın haqq səsi oldu, cəsarətlə bütün təzyiqlərə sinə gərdi, öz xalqı ilə vəhdətdə olan lider kimi mübarizlik rəmzinə çevrildi. 44 gün davam edən və işğal altındakı ərazilərimizin azad olunması ilə nəticələnən Vətən müharibəsi tariximizin ən parlaq səhifəsinə, Azərbaycan xalqının iftixar və qürur mənbəyinə çevrildi. Uzaqgörən lider İlham Əliyev 18 ildə həyata keçirdiyi siyasətin nəticəsində Azərbaycanı 30 ilə yaxın davam edən münaqişədə qalib tərəfə çevirdi. Ərazi bütövlüyümüzü birmənalı olaraq təsdiq etdi. Zamanın gedişini haqqın, ədalətin bərpası istiqamətində dəyişən müdrik lider və yenilməz sərkərdə - İlham Əliyev dühasının Azərbaycana qazandırdığı möhtəşəm qələbə xalqa ən dəyərli ərməğan oldu.
Son 18 ilin uğurları, tarixə yazdığı möhtəşəm qələbələri deməyə əsas verir ki, dövlətimizin başçısı qarşıya qoyduğu və bəyan etdiyi strateji hədəflərə nail olmaq üçün istər ölkə daxilində, istərsə də beynəlxalq səviyyədə düşünülmüş və məqsədyönlü siyasət həyata keçirərək Azərbaycanın timsalında “Güclü dövlət“ konsepsiyasını reallaşdırmağa nail olmuşdur. Prezident İlham Əliyev qurucu, Azərbaycan xalqının bütün istək və arzularını həyata keçirən, öz siyasətində dövlətin və xalqın maraqlarını ən ali məqsəd kimi qarşıya qoyan və bütün qüvvəsini bu vəzifələrin reallaşmasına səfərbər edən, milyonların sevgisini qazanan alternativsiz Liderdir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə çox qısa zaman kəsiyində ölkəmizin qazandığı bütün bu uğur və qələbələr Ümummilli Liderin dediyi “Gün gələcək, Azərbaycan dünyaya günəş kimi doğacaq” sözlərini gerçəkləşdirdi.
Son 18 ildə bütün bu uğurların şahidinə çevrilən Azərbaycan gəncliyi əldə olunan nailiyyətləri ölkə Prezidenti cənab İlham Əliyevin ümumilli maraqlara söykənən məqsədyönlü siyasətinin məntiqi nəticəsi hesab edir, ölkəmizin gələcəyini bu siyasi kursun ətrafında sıx birləşməkdə görür.
Arzu Abdullayev
Yeni Azərbaycan Partiyası Naxçıvan Dövlət Universiteti ərazi ilk partiya təşkilatının sədri