Naxçıvan Dövlət Universitetinin Tibb fakültəsinin hazırladığı “Sağlam gənclik-sağlam gələcək” layihəsi çərçivəsində silsilə tədbirlər keçirilir.Əlahiddə Ümumqoşun Ordunun Təlim-Tədris Mərkəzində keçirilən tədbirdə Heydər Əliyev adına Hərbi Liseyin kursantları və Naxçıvan Qarnizonu tam orta məktəbinin şagirdləri iştirak ediblər.
Tədbirdə əvvəlcə şəhidlərimizin əziz xatirəsi yad edilib və Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Naxçıvan Qarnizonu tam orta məktəbinin direktoru, Azərbaycan Respublikasının Əməkdar müəllimi Natiq Əhmədov, Naxçıvan Dövlət Universitetinin Tibb fakültəsinin dekanı, dosent Elsevər Əsədov, layihənin rəhbəri, Təməl tibb fənləri kafedrasının müdiri, tibb üzrə fəlsəfə doktoru İlhamə Mustafayeva, Təməl tibb fənləri kafedrasının baş müəllimi Bəxtiyar Hüseynov və digər çıxış edənlər “Sağlam gənclik-sağlam gələcək” layihəsinin uşaq, yeniyetmə və gənclərin maarifləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıblar. Bildirilib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin təşəbbüsü və ulu öndər Heydər Əliyevin himayəsi ilə Naxçıvan Dövlət Universitetinin 1999-cu ildə fəaliyyətə başlayan Tibb fakültəsində tələbələrin təhsili üçün lazımi şərait yaradılıb. Fakültənin nəzdində açılan, 2021- 2022-ci tədris ili üçün tələbə qəbulu aparan Hərbi tibb ixtisası muxtar respublikada ali təhsilli hərbi tibbi kadrların hazırlığı istiqamətində atılan mühüm addımdır.
Qeyd olunub ki, dövlət qayğısından və yaradılan şəraitdən maksimum yararlanaraq yeni layihələr həyata keçirilir və bu tədbirlərdən də biri “Sağlam gənclik-sağlam gələcək” layihəsidir. Gənc nəslə sağlam həyat tərzinin aşılanması və əhali arasında səhiyyə maarifi işinin təşkili məqsədilə bu layihənin muxtar respublikamızın bütün təhsil müəssisələrində icra ediləcəyi diqqətə çatdırılıb.
Tibb fakültəsində təhsil alan tələbələrin vətənpərvərlik mövzusunda hazırladıqları flaşmob və təqdimatlarla yanaşı, slaydlar vasitəsilə müxtəlif mövzularda çıxışları dinlənilib, ekstremal şəraitlərdə təcili təxirəsalınmaz tibbi yardımın göstərilməsi nümayiş olunub. Tələbələr tərəfindən ilk tibbi yardımın göstərilməsi təqdimatlar, simulyasiyalar və canlı şəxslər üzərində tətbiq edilib.
Təqdimatlardan sonra universitetin həkim və tələbə heyəti Heydər Əliyev adına Hərbi Liseyin kursantlarının və Naxçıvan Qarnizonu tam orta məktəbinin şagirdlərinin müayinəsini aparıblar və maarifləndirici kitabçaları tədbir iştirakçılarına paylayıblar.
Tədbirin sonunda Tibb fakültəsinin tələbələrinə Əlahiddə Ümumqoşun Ordu komandanlığı tərəfindən fəxri fərmanlar təqdim edilib.
Kənan CƏLİLOV