Naxçıvan Muxtar Respublika Xəstəxanasının həkim və tibb işçiləri yaradılan imkanlar hesabına əhalinin tibbi müayinəsini və cərrahi əməliyyatlarını uğurla davam etdirir, humanitar aksiyaların keçirilməsini diqqət mərkəzində saxlayırlar.
Növbəti humanitar tibbi aksiya Şahbuz və Kəngərli rayonlarında olub. Şəhid və aztəminatlı ailələrdən olan uşaqların ödənişsiz sünnət əməliyyatları üçün əvvəlcədən hazırlıq işləri görülüb, onların siyahısı hazırlanaraq həmin rayonların mərkəzi xəstəxanalarına dəvət olunublar.
Şahbuz rayonunda keçirilən aksiyada xəstəxananın cərrahiyyə şöbəsinin 18 həkimi, pediatr, əməliyyat tibb heyəti, laboratoriya və yerli işçilərinin iştirakı ilə 22 uşaq sünnət edilib. Əməliyyat və əməliyyatdan sonra ağırlaşma halları olmayıb. Palatalara yerləşdirilən uşaqlar bir neçə saatlıq həkim nəzarətindən sonra evlərinə göndərilib.
Kəngərli Rayon Mərkəzi Xəstəxanasında da aksiya mütəşəkkil keçirilib. Naxçıvan Muxtar Respublika Xəstəxanasının 18 nəfərlik əməliyyat heyəti 39 sünnət əməliyyatı aparıb ki, onlardan da 4-ü şəhid ailələrindəndir.
Valideynlər dövlətimiz tərəfindən reallaşdırılan tədbirlərdən razılıqlarını bildirib, müayinə və əməliyyatların təşkilinə görə minnətdarlıq ediblər.
Naxçıvan Muxtar Respublikası Mərkəzi Seçki Komissiyasının və Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin birgə təşkilatçılığı ilə 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə könüllü qanvermə aksiyası keçirilib. Aksiyanın keçirilməsində məqsəd irsi qan xəstəliklərindən, xüsusilə talassemiyadan əziyyət çəkən insanlara kömək və koronavirus pandemiyası zamanı ehtiyat qan bankının zənginləşdirilməsindən ibarətdir. Aksiyada Mərkəzi Seçki Komissiyasının və Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən dairə seçki komissiyalarının əməkdaşları, ümumilikdə 20 nəfər iştirak edib, 10 litr qan toplanaraq Naxçıvan Muxtar Respublika Xəstəxanasının Qan bankına təhvil verilib.
Qeyd edək ki, Azərbaycanda Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə olduğu kimi, muxtar respublikamızda da sosial siyasət uğurla həyata keçirilir, belə nəcib təşəbbüslər isə dövlət siyasətinə dəstək xarakteri daşıyır.
Naxçıvan Muxtar Respublikası
Səhiyyə Nazirliyinin mətbuat xidməti