29 Mart 2024, Cümə

Əfsanəyə dönən ömürlər

Ümidlər, xəyallar həqiqətə çevrildi. Xalqımızın ulu öndərinin “Mən ona özüm qədər inanıram. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri İlham Əliyev başa çatdıra biləcək” kəlamının deyildiyi vaxtdan cəmi 17 il ötsə də, zaman bir daha böyük Heydər Əliyevin – o siyasət dahisinin bütün bəlalardan xilas edərək ayağa qaldırdığı Azərbaycanı əmin əllərə təslim etdiyini təsdiqlədi. Xalqına arxalanan Müzəffər Sərkərdə dünyaya qüdrətli ordusu, yenilməz siyasi-diplomatik gücü ilə meydan oxudu. İllərdir, xəyalı ilə yaşadığımız həmin gün gəldi – tariximizin şanlı səhifələri igid Azərbaycan əsgərinin qəhrəmanlığı, şücaəti, qanı ilə yenidən yazıldı. Vətən müharibəsi başlayan gündən ordumuz torpaqlarımızı düşməndən qarış-qarış aldı. Hər qarış torpaq uğrunda onlarla igid canından keçdi. Onlar Vətəni canlarından əziz bilib onun bütövlüyü bərpa olunsun deyə, günlərlə keçilməz yolları ac-susuz keçib imkansızı həqiqətə çevirdilər. Həmin igidlərdən biridir qədim Şərur diyarının qəhrəman oğlu İlkin Rzayev. Onu döyüş yoldaşları “Murov aslanı” çağırırlarmış... Mayor İlkin Rzayev 1984-cü ildə Şərur rayonu Ələkli kəndində anadan olmuşdu. 1993-cü ildə onun atası, əmisi I Qarabağ müharibəsində könüllü şəkildə fəal iştirak ediblər. Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə daxil olan və 2006-cı ildə məktəbi bitirən İlkin Rzayev hərbi xidməti zamanı daim yüksək hərbi bacarıqlarına görə fərqlənir, mayor rütbəsinə kimi yüksəlir. O, xidməti dövründə “Silahlı Qüvvələrin yaranmasının 90 illiyi”, “Hərbi xidmətdə fərqlənməyə görə 3-cü dərəcəli”, “Qüsursuz xidmətə görə 3-cü dərəcəli”, “Silahlı Qüvvələrin yaranmasının 95 illiyi”, “Qüsursuz xidmətə görə 2-ci dərəcəli” medallar təltif edilib. Onun son hərbi vəzifəsi döyüş hazırlığı bölməsinin rəisi olmuşdu.

 

2016-cı ildə Aprel döyüşlərində xüsusi hünər göstərən İlkin Vətən müharibəsində Murovdağ yüksəkliyi uğrunda döyüşlərdə iştirak edib. Həmin döyüşlərdə xüsusi qəhrəmanlıq göstərən İlkin Rzayev düşmən gülləsinə tuş gəlir, əbədiyyətə qovuşur. Onun şəhidliyə ucaldığı yer sıldırımlar və çətin relyef olduğuna görə cənazəsini götürmək də asan olmur. Hətta onu götürməyə cəhd edən bir döyüş yoldaşı da snayperlə qolundan vurulur. Oktyabrın 2-də şəhidlik məqamına ucalan qəhrəman iki ay Murovun bəyaz qarına sarılıb uyuyur. Günlərlə gözü yolda qalır iki körpənin, bir ananın, bir gəlinin. 72 gün sonra o, gəlişi ilə ürəklərdə bir məşəl yandırır. Elə bir məşəl ki o, heç vaxt sönməyəcək… Bu məşəl təkcə Əli ilə Nurun yox, bütün azərbaycanlı balaların yoluna işıq salacaq. Onun və onun kimi üç min oğulun yazdığı Qarabağ dastanı xalqımız üçün əbədiyyən qürur mənbəyi olacaq. Dekabr ayının 18-də İkinci Fəxri Xiyabanda dəfn edilən mayor İlkin Rzayevdən Vətəninə əmanət iki övladı, bir də tarixin səhifələrinə yazılan igidlik dastanı yadigar qalır.
Mayor İlkin Rzayev Vətən müharibəsində göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Prezidenti cənab İlham Əliyevin sərəncamları ilə “Vətən uğrunda”, “Kəlbəcərin azad olunmasına görə” medalları, “Azərbaycan bayrağı” ordeni ilə təltif edilib.
Hər kəs bir ömrün sahibidir. Az-çox yaşamağından asılı olmayaraq, bir gün son gəlir. Şəhidlər isə adilikdən çox uzaqdırlar. Bu gün şəhidlər bizim həm ürək ağrımız, həm də qürur yerimiz, fəxrimizdir. Kimliyindən asılı olmayaraq, hər bir şəhid Vətən övladlarının qəlbinə düşmüş bir qordur. Elə bir qor ki bu millət yaşadıqca o, işıq saçacaq xalqımızın yoluna, örnək olacaq gələcək nəsillərə…

Ramiyyə ƏKBƏROVA

ARXİV

Mart 2021
Be Ça Ç Ca C Ş B
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31 1 2 3 4

MÜƏLLİFLƏR

KEÇİDLƏR