30 Dekabr 2024, Bazar ertəsi

2021-ci il “Nizami Gəncəvi ili”dir

Ədəbiyyat tariximizin görkəmli simalarından olan ədibimiz Məmməd Səid Ordubadi ədəbiyyatın bütün növlərində yazıb-yaratsa da, romanları ilə daha böyük şöhrət qazanmışdır. Ədəbiyyatımızda tarixi romanın banisi olan ədib tarixi keçmişi, xalqımızın tarixinin mühüm, əlamətdar hadisə və qəhrəmanlarını dərindən öyrənib, duyub, sənətkarlıqla əks etdirmiş, ədəbiyyatımızda özünəməxsus iz qoymuşdur. Onun tarixi romanlarının sonuncusu “Qılınc və qələm”dir. Dahi Azərbaycan şairi Nizami Gəncəvinin həyat və yaradıcılığı ətrafında M.S.Ordubadi böyük tədqiqat aparmış, çox qiymətli əsərlər qələmə almışdır. “Qılınc və qələm” romanını da Nizami Gəncəvinin  800 illik yubileyi münasibətilə yazmışdır. 

 

Romanda Nizami Gəncəvi surəti mərkəzi yer tutur. Müəllif Nizaminin həyat və fəaliyyətini müxtəlif dövrlə, xalq həyatı və məişəti ilə sıx əlaqədə təsvir edib, xalq həyatının geniş lövhələrini yarada bilib. Buna görədir ki, roman baş qəhrəmanın adı ilə deyil, əsərdə mühüm yer tutan iki amillə – xalqın mənəvi və fiziki qüvvəsinin rəmzi olan “Qılınc və qələm” adandırılıb. Romanı təhlil edərkən aydın olur ki, ədib xalqın fiziki gücünü “qılınc”, mənəvi gücünü isə “qələm” kimi müəyyən edib. Mübarizə, müharibə, üsyan səhnələri hər yerdə Fəxrəddinin adı ilə bağlıdırsa, onun əsas məsləhətçisi Nizamidir. Nizami bir şair və söz ustasıdır. Fəxrəddin isə bir xalq qəhrəmanı. Biri ağlından və qələmindən yaxşı istifadə edir, digəri isə qılıncda, döyüşməkdə mahirdir.
Romanın birinci hissəsinin “Xərabat” adlı ilk bölməsində Nizami dostuna bu sözlərlə xalqın həm qılınc, həm də qələmə ehtiyacı olduğunu belə ifadə edir: “Hayıf ki, mən qılınc və mizraq işlətmək işində savadsızam. Buna görə də sənə bir məsləhət görəcəyəm. İndi ki, qılınc və mizraq işlətməyə, ox və kaman işləri ilə məşğul olmağa həvəsin vardır, onları yaxşı öyrən. Mən də qələm işlərində yüksək mərtəbə əldə etməyə çalışacağam. Bunların ikisi də bizə lazımdır”. “Bahar” adlı bölmədə o dövrün şairləri Kəmaləddin, Zəhir, Əbül-Üla ilə olan söhbətində İlyasın (şairin əsl adı) məziyyətləri ortaya çıxır: “Mən elə bir şair olmaq istəyirəm ki, şeir süfrəmdən minlərcə şairlər qismət aparsınlar. Mən elə bir əsər yaratmaq istəyirəm ki, məndən sonra gələn şairlər mənim təsirimdən çıxa bilməsinlər. Mən qorxaq da deyiləm. Şeirlərimi hər yerdə oxuya bilərəm, lakin hər kəsin yanında oxuya bilmərəm, çünki hər kəsə hər şey lazım deyil”. “İki adamın siması bir güzgüdə yerləşə bilməsə də böyük bir xalqın mədəni siması bir rübaidə yerləşə bilər. Öz dilində şeiri olmayan bir xalqın nəyi ola bilər? Bir xalqın dil mədəniyyətini yaradan onun ədəbiyyatıdır. Şair həm şairdir, həm də öz xalqının danışan dili, müdafiəçisidir, dilin varlığını qoruyan əsgərdir”, – deyə Nizami Gəncəvi şair sözünün nəyi ifadə etdiyini aydın şəkildə açıqlayır. “Baği –İRƏM” (qədim Gəncədəki hökumət bağı) adlanan bölmədə şairin hansı gülü çox sevdiyini bilirik: “Mən daima qərənfil gülünü sevəcəyəm, qocalsam da bu sevgi qocalmayacaqdır, çünki qərənfil gülü daima gəncliyin qoxusunu verir”.
Roman bir tərəfdən tarixi hadisələrdən bəhs edir; digər tərəfdən bəzi personajlar arasındakı sevgini ehtiva edir. Bundan əlavə, davamlı olaraq başqalarına qarşı müxtəlif hiylələr hazırlayan, fitnə toxumu səpən personajlar diqqəti çəkir. Nizaminin sevdiyi qız var. Əmir İnancın qızı Qətibənin cəhdlərinə baxmayaraq, Nizami məhz sevdiyi qız Rəna ilə ailə qurur. Burada böyük şairin sevgisinə sədaqətini görürük. “Rəna” adlanan bölmədə Nizami “İnsanlar bir-birini sevməlidirlər. Bunsuz yaşamaq olmaz. Həmcinsinə qarşı sevgi bəsləyənlər və insanların çətinliyə düşdüyünə qeydsiz baxa bilməyənlər, insanların ən yaxşısı və mərhəmətlisidir” deməklə mərhəməti yaradan məfhumun vicdan və insaf olduğuna, dünyanın sevgi üzərində qurulduğuna diqqəti çəkir. “Sevgi fəlsəfəsi yerinə həyat fəlsəfəsi” adlı hissədə isə şair “Arzu qələbənin zəminəsidir” deməklə “sənətkar olmayan və qalibiyyət arzusu daşımayan heç bir kəs yoxdur” qənaətinə gəlir və insanların daim həyat səhnəsində üstün olmaq düşüncəsi ilə yarışdığını dilə gətirir. Arzu daşıyanları və arzularına nail olmaq üçün çalışanları bir sənətkar hesab edir. Dünyaya namütənahi deyənlərin yanıldıqlarını isə belə izah edir: “Nəhayətsiz heç bir şey yoxdur. Lakin biz yorulub axıra qədər gedə bilmədiyimiz yollara nəhayətsiz deməyə adət etmişik”.
“Fərman-Hümayun” adlı bölmədə xəlifənin zəifləməsi və Səlcuqların süqutu zamanı yerli idarəçilərin müstəqil fəaliyyətindən ictimaiyyətin əziyyət çəkdiyi və xalqın üsyan astanasında olduğu qeyd edilir. “Üsyan üçün, ilk növbədə, böyük hazırlıq lazımdır”, – deyən Nizami yoldaşı Fəxrəddinə verdiyi məsləhətlə bunu belə izah edir: “İlk növbədə, xalq intellektual baxımdan belə bir üsyana hazır olmalıdır. Əvvəlcə xalqın şüurunda üsyan fikirlərini doğurmaq, sonra isə ona təkan vermək və təşkilat içərisinə almaq lazımdır”.
Məlumdur ki, romanın baş qəhrəmanı olan görkəmli şairimiz Nizami Gəncəvi bütün əsas əsərlərini fars dilində yazmışdır. İlk növbədə, dövrün şərtləri bunu tələb edirdi. Fars dili, xüsusilə sarayda və sarayın görkəmli şəxsləri arasında ədəbi dil kimi qəbul edilirdi. Müəllif Nizaminin niyə öz doğma Azərbaycan dilində deyil, fars dilində yazmasına da toxunur. Digər tərəfdən Nizami də romanda ərəb və fars hökmdarlarının Azərbaycan dilinə niyə qarşı olduqlarını belə izah edir: “Təzə xanədan ərəb-fars nüfuzunu Azərbaycandan qovmaq üçün bizimlə əlbir işləməlidir. Çünki farslarla ərəblər, birinci növbədə, bizim dilimizi əlimizdən almağa çalışırlar. Onlar çox yaxşı bilirlər ki, ana dili olmayan bir xalqın milli mədəniyyəti də ola bilməz”.
“Aran” adlı bölmədə Nizami baş verən hadisələrdən çıxış yolunu bunda görür: “Hökumət və xanədan dəyişməsilə məmləkət əhli bir şərtlə barışa bilər. O şərt üsuli-idarənin dəyişməsindən ibarətdir. Xalqın ruhuna, əzəmətinə, mədəniyyət və yüksəlişinə uyğun bir üsul-idarə yaradılmadan xalqın etimadını qazanmaq olmaz”. “Bizim mübarizəmizin çətinliyi orasındadır ki, mübarizə apardığımız adam hər bir alçaqlığa getməyə qabildir. Biz hər nə olursa-olsun, bütün həyasızlıq və alçaqlıqlara qarşı həqiqətlə müqabilə edəcəyik; indi məğlub olsaq da, tariximiz qalib çıxacaqdır”.
“Leyli və Məcnun” dastanı adlanan hissədə Nizami Gəncəvinin bu poemanı necə yazdığını öyrənirik. Şirvan xaqanı Atabəyə bəslədiyi dostluq duyğularını nümayiş etdirmək üçün Gəncəyə Nizaminin hüzuruna böyük bir heyət göndərir ki, möhtərəm şair Leyli və Məcnunun münaqişəsini bir dastan şəklində yazsın. Lakin şair yazdığı dastanı Azərbaycan dilində yazmasın, onu yüksək təbəqəyə mənsub bir dildə, fars dilində yazsın. Bu zaman Nizamini Şirvan sarayında qalmağa, orada yazıb-yaratmağa çağırırlar. Şair isə qəti qərarla deyir: “Cahanşümul şair olmaq üçün cahanın hadisələri içərisindən süzülüb çıxmaq lazımdır. Bir şairin təbi nə qədər işıqlı olursa-olsun, saray içərisindən bir günəş kimi dünyaya işıq sala bilməz. Bəzən saray içərisindən doğan günəşlər geniş təbəqələri işıqlandırmaq qabiliyyətindən məhrum olur. Çünki camaat öz arasından doğan günəşi sevir”. “Leyli və Məcnun” adlanan ikinci hissədə Şirvan xaqanı dastanda bu misraları oxuyub acıqlanır:

Türki sifəti vəfayi mən nist,
Türkanə sifət səzayi mən nist,
Çün həlqəyi şah yaft guşəm
Əz fil bə dəmağ rəft cuşəm.

Nizami bu məqamda deyir: “Mən özümdən heç bir şey əlavə etmədim. Hazırda xaqan nə cəhətə acıqlanırsa, mən də onun sifarişini aldığım zaman o cəhətə acıqlanmışdım. Çünki hər kəs üçün öz dili, xalqı və öz ədəbiyyatı müqəddəsdir”.
Romanın birinci cildində daha çox Gəncə şəhərində baş verən hadisələrə yer verilir; Nizami daha qabarıqdır. Müharibə və hakimiyyət mübarizəsinin ön planda olduğu ikinci cilddə isə Fəxrəddinə daha çox yer ayrılır. Müəllif oxucunu Gəncə şəhərindən Bağdada, oradan Təbrizə, Həmədana, Naxçıvana aparır; XII əsrdə Azərbaycanda baş verən tarixi hadisələri romanın dili ilə oxucunun yaddaşına həkk edir. İkinci hissədə Nizamiyə sui-qəsd hazırlanır. Fəxrəddin bu barədə deyir ki, Sultan Toğrulun adamları Nizamini Gəncədə öldürəcəklər. “Qılınc və qələm” adlanan bölmədə böyük şair Azərbaycan xalqına müraciətlə deyir: “Zülm və haqsızlığın yıxa bilmədiyi bir şey varsa, o da şəxsin qəhrəmanlığıdır. Zülm və haqsızlıq bir çoxlarının milli əzəmətini sarsıdırsa da, eyni zamanda qəhrəmanların da mübarizə silahını itiləşdirir, onların sinirlərini bərkidir və qəlbində düşmənə qarşı barışmaz bir fikir doğurur. Dünyada canlı və cansız hər şey ölümə məhkumdur. Lakin bir xalqın tarixi və milli əzəməti çürüməz və məhvedilməz bir cəvahirdir. Cəvahir heç bir zaman çürüməz, o, torpağın altında da, üstündə də olsa, cəvahirdir. İstilaçıların və müstəmləkəçilərin bizi alçaltmaq istəməsi və bizi Şərqin xəritəsindən silmək təşəbbüslərinə çox da təəccüb etməməliyik. Ancaq bunlardan daha alçaq, öz xalqının yüksəkliyini inkar edənlər və onun böyüklüyünə etina etməyənlərdir. Bu fikirdə adamların düşmənliyi xarici düşmənlərdən daha qorxuludur”... “Xalqımızın tarixi igidliklərlə, qəhrəmanlıqlarla doludur. Vaxtilə ərəblər və farslar bizdən hər bir şeyi aldılar. Lakin tarixi irsdən ibarət olan milli qüruru və tarixi qəhrəmanlığı bizim əlimizdən ala bilmədilər”.
Romanın ikinci hissəsində “Xosrov və Şirin”, “Yeddi gözəl” və “İsgəndərnamə” poemalarının necə ərsəyə gəlməsini öyrənirik. “Atabəy Məhəmməd öldürüldü” adlanan bölmədə oxuyuruq ki, Toğrul şairə məktub göndərir və ondan “Fərhad və Şirin” dastanını nəzmə çəkməyi xahiş edir. Qızıl Arslan isə şairə yazdığı məktubunda dastanın sərlövhəsini “Xosrov və Şirin” qoymağı məsləhət bilir və bunu da Fərhad və Şirin mövzusunun o qədər də geniş mövzu olmadığı ilə əlaqələndirir. Sonralar Qızıl Arslan “Xosrov və Şirin” əsərinə görə demişdir: “Bu, quru bir eşqnamə deyil, mənzum bir siyasətnamədir. Nizamülmülkün yazdığı “Siyasətnamə” tarix, Nizaminin nəzmə çəkdiyi siyasətnaməsi isə bir əxlaq dərsidir”.
Bütün roman boyu Nizaminin nəsihətləri onu oxuyan hər kəsə doğru yol göstərir. “Nəsihət” adlanan xüsusi bölmədə şairin verdiyi nəsihətlər bir daha könlümüzü oxşayır, dünyagörüşümüzü artırır. Onlardan bir neçəsini təqdim edək: Dünyada kişi üçün ən həqiqi libas doğruluqdan ibarətdir. İnsanın tərəzinin gözləri kimi bərabər və düz olması kifayət deyil, qəlbin doğruluğunu tərəziyə qoymaq lazımdır; Çeşmələrin keçdiyi yollar təmizlənməzsə, torpağın bəbəyindən sərin sular doğa bilməz. Buna görə də məmləkətin təzəliyinə mane olan köhnə fikirləri silmək lazımdır; Qılıncın iti olmalıdır, lakin ehsan verdiyin dirhəmlərin şəfəqi qılıncların şəfəqindən də parlaq olmalıdır; Hökmdar tənbəl və zəif olmamalıdır. Hökmdar mərtəbə və üstünlüyü şəxsən özü üçün yox, xalqı üçün qazanmalıdır; Dünyanı məzəmmət etməyə haqqımız yoxdur, onu hər kəs öz şəxsi mənfəəti üçün istifadə etdi. Dünya heç bir kəsə yamanlıq etməz. Lakin bizim özümüz onu əyri yollara tərəf dartıb aparırıq; İnsan dünyanı öyrənir, alim ikən savadsız olur;
Hökumət və dövlət fəlsəfə ilə idarə oluna bilməz; Hökmdar bilavasitə xalqı öyrənməlidir. Çünki hökmdarı əhatə edənlər üçün əhalinin həyatı haqqında ona doğru xəbər vermək əlverişli deyil...
Əsərin “Naxçıvan” adlı bölməsində maraqlı faktlar vardır. Bu hissədə Nizami vəliəhdə deyir: “Hazırlığını gör, yaxın günlərdə Naxçıvan şəhərinə hərəkət edəcəksən. Naxçıvanlılar bizimlə həmfikirdirlər. Onlar Eldəniz xanədanının dostlarıdır. Baban Eldənizin nüfuzu yenə də Naxçıvanda hökm sürməkdədir. Babanın dostları yenə də babana bəslədikləri hörməti onun qəbrinə də bəsləyirlər. Bu səfərdə böyük anan Möminə xatının qəbrini də ziyarət edərsən”.
Romanın “Muğan” adlı bölməsində Nizami “Fəqirəm, bəxtiyaram” şeirində bir şairin sərvətlə deyil, yalnız xalqın məhəbbəti ilə bəxtiyar ola biləcəyi qənaətinə gəlir:

Fəqirəm, bəxtiyaram, sanmayın kim
                                tirə baxtım var,
Məhəbbət mülkünün soltanıyam,
                          öz tac-taxtım var.
Bu dəhrin yummuşam göz sərvətindən,
                               xəslətindən mən
Fəqirəm, feyz alır yüzlərcə hatəm şeir
                                       süfrəmdən.

Nizami Gəncəvi elə bir şair idi ki, onun şeirlərində, poemalarında əksini tapan ümumbəşəri ideallar onu oxuyan hər bir kəsi yaxşı mənada təəccübləndirir. Hələ XII əsrdə humanistlik, insanlıq örnəyi göstərən şair hər birimiz üçün bu gün də nümunə gücündədir. Məhz buna görədir ki, Nizami Gəncəvi irsinə ölkəmizdə və onun ayrılmaz hissəsi olan muxtar respublikamızda həmişə böyük diqqət və qayğı göstərilir. Ölkə başçısının müvafiq Sərəncamı ilə “Nizami Gəncəvi ili” elan edilən 2021-ci ildə onun əsərlərindən oxuduğumuz hər bir misra, hər bir cümlə, hər bir nəsihət yaddaşımızda dərin izlər yaratdı və həyatda bizə doğru yol göstərdi. Bu baxımdan Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri müvafiq Sərəncamı ilə təsdiq olunmuş “Oxunması zəruri olan kitabların Siyahısı”na daxil edilən Məmməd Səid Ordubadinin “Qılınc və qələm” romanı Nizami Gəncəvi dövrünü və həyatını öyrənmək istəyənlər üçün qiymətli tarixi mənbələrdən biridir. Onu da qeyd edək ki, 2018-ci ildə tarixiliyi, əhəmiyyətliliyi ilə seçilən “Qılınc və qələm” romanı Naxçıvan Dövlət Musiqili Dram Teatrında ilk dəfə səhnələşdirilmiş, iyulun 14-də teatrsevərlərə təqdim olunmuşdur. Premyeraya baxan Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov tamaşanın sonunda əsəri və yeni quruluşu, aktyor heyətinin ifasını yüksək qiymətləndirmişdir. Bu da klassik ədəbi irsimizə, milli dəyərlərimizə, mədəniyyətimizə böyük qayğının ifadəsidir.

Güntac ŞAHMƏMMƏDLİ

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR