21 Dekabr 2024, Şənbə

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 1995-ci il dekabrın 16-da keçirilən sessiyasında muxtar respublikanın rəhbəri seçilən cənab Vasif Talıbov demişdir: “Mənim ayrıca bir fəaliyyət proqramım olmayacaqdır. Fəaliyyətimi görkəmli dövlət xadimi Heydər Əliyevin dövlətçilik pro­qramının Naxçıvanda dönmədən həyata keçirilməsinə həsr edəcəyəm”.


Bu bəyanatda həm tarixin bütün çətin sınaqlarından çıxmış ulu öndər Heydər Əliyevin siyasətinə dərin sədaqət, həm də böyük əzmkar­lıq ifadə olunub. Bu əzmkarlıq Naxçıvanda ümummilli liderin siyasi kursuna münasibətdə sözlə əməlin, dərin sədaqətlə konkret işin vəhdətinə və bütün sahələrdə inkişafın başlıca hərəkətverici qüvvəsinə çevrildi.
Yüksək tələbkarlıq, prinsipiallıq, yorulmaz fəaliyyət, qəti mövqe, dərin sədaqət və vətənpərvərlik kimi yüksək keyfiyyətlərə malik olan dövlət xadimləri həmişə bu keyfiyyətləri, nümunəvi addımları ilə ictimaiyyətin rəğbətini qazanırlar. İnkişaf etdirilmiş, əsaslı şəkildə yenidən qurulmuş, alınmaz qalaya çevrilmiş Naxçıvan Muxtar Respublikası da məhz bu keyfiyyətlərə malik olan qurucu rəhbərin əsəridir. Ümummilli liderimiz Heydər Əliyevin də dediyi kimi: “Mən, ümumiyyətlə, demək istəyirəm ki, Naxçıvanda işlər lazımi səviyyədə gedir. Vasif Talıbovu bu vəzifəyə seçəndə mən onun bir çox xüsusiyyətlərini bilirdim. Amma o, çox gənc idi. Daxilən bir az fikirləşdim ki, gəncliyinə görə, bəlkə də, ağır, çətin olar. Ancaq o sübut etdi ki, Vətəninə, millətinə, xalqına sədaqətli olan adam yaşından asılı olmayaraq, böyük işlər görə bilər”.
1996-cı ildən ötən dövrdəki məqsədyönlü fəaliyyət nəticəsində, ilk növbədə, muxtar respublikamızın hərtərəfli tərəqqisində mühüm amil olan ictimai-siyasi sabitlik təmin edilmiş, ümumi daxili məhsul istehsalı 66 dəfə artmışdır. Bütün iqtisadi fəaliyyət sahələrində sürətli inkişafa rəvac verən səmərəli iqtisadi siyasət muxtar respublikamızda tarazlı və davamlı inkişaf üçün başlıca amil olub, şəhər və rayonlarımızda canlanma yaranıb, iş adamlarının normal fəaliyyəti üçün əlverişli biznes mühiti formalaşdırılıb, yeni təsərrüfat subyektlərinin fəaliyyəti sayəsində işsizliyin səviyyəsi xeyli dərəcədə azalıb, minlərlə iş yerləri açılıb, səmərəli məşğulluq təmin olunub.
Ulu öndərimiz Azərbaycanın inkişaf strategiyasını müəyyənləşdirərkən təhsil quruculu­ğunu həmişə ön planda saxlamışdır. Muxtar respublikada həyata keçirilən islahatların mərkəzində də məhz təhsil infrastrukturunun müasirləşdirilməsi dayanıb, elm və təhsil quruculuğu inkişafın əsas hərəkətverici qüvvəsinə çevrilib. Ötən dövrdə müasir informasiya texnologiyaları ilə təmin olunmuş 200-dən artıq təhsil müəssisəsi istifadəyə verilib, orta ixtisas və ali təhsil müəssisələri üçün yeni tədris korpusları tikilib, peşə məktəbləri yaradılıb. Bu gün Naxçıvan şəhərində də, ucqar dağ kəndlərində də şagirdlərin kompüterlərdən, elektron lövhələrdən, müasir laboratoriyalardan, fondunda on minlərlə ədəbiyyat olan kitabxanalardan və internetdən istifadə etməsi təkcə təhsilin inkişafı sahəsində görülən cari işlər, bütövlükdə, ölkə Prezidenti cənab İlham Əliyevin müəyyənləşdirdiyi “İqtisadi resursların insan kapitalına çevrilməsi” prinsipinin əməli iş müstəvisinə çəkilməsinin əyani ifadəsidir.
Müstəqillik illərində muxtar respublikada AMEA Naxçıvan Bölməsinin yaradılması və fəaliyyətinin təşkili, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Naxçıvanşünaslıq Mərkəzinin, Bilik Fondunun, Elmin İnkişafı Fondunun yaradılması da elmə və təhsilə göstərilən yüksək dövlət qayğısının daha bir ifadəsidir.
Blokada vəziyyətində yaşayan Naxçıvanda əsas məsələlərdən biri də ərzaq, müdafiə və enerji təhlükəsizliyinin yerli imkanlar hesabına təmin olunmasıdır. Hər üç amil muxtar respublikamızda həyata keçirilən islahatların prioritet istiqamətini təşkil edir. Əgər 2003-cü ildə muxtar respublikada bir elektrik stansiyası fəaliyyət göstərirdisə, hazırda 11 elektrik stansiyası fəaliyyət göstərir. Naxçıvanda elektrik enerjisinə olan tələbatın 65 faizdən çoxu alternativ və bərpa olunan enerji mənbələri hesabına ödənilir ki, bu da inkişaf etmiş ölkələr üçün çox nadir göstərici hesab edilir. Hazırda Ordubad və Tivi Su Elektrik stansiyaları, Şərurda Günəş Elektrik Stansiyası tikilir.
Enerji təhlükəsizliyinin təmin olunması muxtar respublikada sənayenin inkişafına zəmin yaradıb, müstəqillik illərində sənaye məhsulunun həcmi 114 dəfə artıb, yüzlərlə sənaye müəssisəsi istifadəyə verilib. Vaxtilə ümumi daxili məhsul istehsalında aqrar sahənin ağırlıq təşkil etdiyi muxtar respublika bu gün sənaye-aqrar regionuna çevrilib. Sənaye sahəsinin aparıcı mövqedə olduğu müasir iqtisadiyyatın qurulması istiqamətində həyata keçirilən tədbirlər nəticəsində son illər ciddi uğurlar qazanılıb. Fəaliyyəti dayandırılmış sənaye müəssisələrinin fəaliyyətinin bərpa edilməsi və yeni istehsal sahələrinin yaradılması, nəticə etibarı ilə, əvvəllər istehsal olunmayan yeni sənaye məhsullarının istehsalına və ümumilikdə, sənaye məhsulu istehsalının dinamik artımına səbəb olub. Bu sahənin inkişafının nəticəsidir ki, indi Naxçıvanda avtomobildən hər cür tikinti materialına qədər, ərzaqdan geyimə qədər hər cür məhsul istehsal olunur. Sənaye müəssisələrinin təkcə Naxçıvan şəhəri daxilində yerləşdirilməməsi, bütün rayonlarda belə müəssisələrin istifadəyə verilməsi muxtar respublikanın tarazlı inkişafını təmin edib.
Sənaye ilə yanaşı, aqrar sahənin inkişafı da diqqət mərkəzindədir. Suvarma suyuna olan tələbatın ödənilməsi, aqrolizinq xidmətinin yaradılması nəticəsində kənd təsərrüfatı texnikaları ilə təminatın yaxşılaşdırılması əkinçini torpaqdan ikiəlli yapışmağa sövq edib. Bunun nəticəsidir ki, əkin sahələri və məhsul istehsalı ilbəil artırılır. Ötən dövrdə kənd təsərrüfatı məhsullarının həcminin 14 dəfə artması ərzaq təhlükəsizliyinin təmin olunmasına mühüm töhfə vermişdir. Artıq aqrar sahəyə diqqət və qayğı yüzlərlə ailə təsərrüfatları formalaşdırmışdır ki, bu da özünüməşğulluğa mühüm töhfə verir.
Günbəgün inkişaf edən, müasirləşən, abadlaşan Naxçıvan bu gün mənfur düşmən üçün gözdağıdır. Ona görə ki, qədim diyarda əsası ümummilli lider tərəfindən qoyulan ordu quruculuğu siyasəti uğurla həyata keçirilir. Naxçıvanda Əlahiddə Ümumqoşun Ordunun yaradılması, bu ordunun ən müasir silah-sursat, texnika ilə təchiz edilməsi, ixtisaslı hərbçi kadrların yetişdirilməsi ilə hərbi potensialı əsaslı şəkildə möhkəmləndirib. Muxtar respublikada aparılan ordu quruculuğunun bəhrəsidir ki, Əlahiddə Ümumqoşun Ordu muxtar respublikanın ərazisini qorumaqla yanaşı, İkinci Qarabağ müharibəsində də əsl rəşadət və vətənpərvərlik nümunəsi göstərdi. Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin də dediyi kimi: “İkinci Qarabağ müharibəsində Naxçıvan Ordusunun hərbçiləri – həm xüsusi təyinatlılar, həm digər birləşmələrin hərbçiləri fəal iştirak etmişlər və şəhidlər vermişlər, böyük fədakarlıq göstərmişlər”.
Əhalinin həyat şəraiti də müasir standartlar səviyyəsinə çatdırılıb. Muxtar respublikanın kənd yaşayış məntəqələrində tikilib istifadəyə verilən müasir məktəb binaları, həkim ambulatoriyaları, kənd və xidmət mərkəzləri, yenidən qurulan avtomobil yolları şəhərlə kənd arasındakı fərqin aradan qaldırılmasına, kəndlərdə şəhər rahatlığının yaradılmasına gətirib çıxarıb.
Dövlətimizin ən qiymətli incisi onun vətəndaşlarıdır. Məhz bu prinsip üstün tutulmaqla əhalinin sağlamlığının qorunması, müasir tibbi avadanlıqlarla təchiz olunmuş səhiyyə ocaqlarının inşası səhiyyə sahəsində reallaşdırılan mühüm islahatlardandır. Müstəqillik dövründə muxtar respublikada 200-dən çox səhiyyə ocağı tikilərək və ya yenidən qurularaq istifadəyə verilmişdir.
Naxçıvan Muxtar Respublikasında xüsusi mülkiyyətin, kiçik və orta sahibkarlığın inkişafı diqqət mərkəzində saxlanılır. Sahibkar­lara göstərilən dövlət maliyyə dəstəyinin həcminin ildən-ilə artırılması, bu sahədə fəaliyyətə süni müdaxilələrin aradan qaldırılması, bir sıra vergi və gömrük güzəştlərinin tətbiqi sahibkarlıq fəaliyyətinin inkişafına öz təsirini göstərmişdir. Sahibkarlığın inkişafı sahəsində yaradılan şəraitin nəticəsidir ki, ümumi daxili məhsulda özəl bölmənin xüsusi çəkisi artmış, 1319 istehsal və xidmət sahəsi yaradılmışdır.
Naxçıvanda genişmiqyaslı yaşıllaşdırma proqramı həyata keçirilir. İndi elə bir şəhər, elə bir qəsəbə, elə bir kənd tapmaq olmaz ki, orada yaşıllıqlar, gülkarlıqlar, meyvə bağları salınmasın. Əvvəllər Naxçıvan əhalisi təbiətə tabe idisə, indi təbiət özü insanların ixtiyarındadır. Nahaq yerə demirlər ki, vaxtilə torpaqları cadar-cadar olmuş Naxçıvan indi canlı təbiət abidəsi, təbiət muzeyidir. Fərq orasındadır ki, bunlar insan əli ilə yaradılıb. Əgər ötən əsrin 90-cı illərinin əvvəllərində muxtar respublikada yaşıllıqların ümumi sahəsi 0,6 faiz idisə, hazırda 20 faizdən artıqdır.
İnkişaf göstəriciləri rabitə və yeni texnologiyalar sahəsini də əhatə edib. Əhaliyə nümunəvi rabitə xidmətinin göstərilməsi məqsədilə müasir rabitə sistemi yaradılıb, ən ucqar dağ kəndlərində belə, genişzolaqlı, yüksəksürətli internet və digər müasir telekommunikasiya şəbəkələri istifadəyə verilib. Hazır­da muxtar respublikada istismar olunan avtomat telefon stansiyalarının 90 faizindən çoxu yeni nəsil texnologiyalara əsaslanır. Qürurla qeyd edə bilərik ki, bu gün muxtar respublikada tam kəsintisiz telekommunikasiya sistemi mövcuddur, diyarımızın beynəlxalq trans-Avrasiya fiber-optik magistrallarına ikitərəfli çıxışı da təmin edilib. Muxtar respublikanın hazırda qlobal internet sisteminə dördtərəfli çıxışı da təmin olunub, bütün yaşayış məntəqələrinin genişzolaqlı sabit və 4-cü nəsil mobil internet xidmətlərindən istifadəsi reallaşdırılıb.
Bu gün Naxçıvan tarixinə Əlincə əzəmətindən, Gəmiqaya yüksəkliyindən, Əshabi-Kəhf müqəddəsliyindən nəzər salınır, öyrənilir, tədqiq olunur, yaşadılır. Naxçıvanın qədimliyinin, əzəmətinin daş nümunəsi olan, son illərdə bərpa edilərək ikinci həyat verilən tarixi abidələr muxtar respublikanın simvoluna, bəzəyinə, sakinlərin isə qürur mənbəyinə çevrilib. Muxtar respublikamızda mədəniyyətə, milli-mənəvi dəyərlərə, tarixi irsə göstərilən qayğını da muxtar respublika rəhbərinin bu sahələrə böyük önəminin ifadəsi kimi dəyərləndirmək olar. Bu günə qədər muxtar respublikada 1216 abidənin qeydə alınaraq tədqiq edilməsi, onlardan 70-dən çoxunun bərpa edilməklə xalqımızın qədim tarixi irsi kimi ona yenidən qaytarılması da bunun ifadəsidir. Bu sırada “Yallı (Köçəri, Tənzərə), Naxçıvanın ənənəvi qrup rəqsləri”nin YUNESKO-nun Təcili Qorunma Siyahısına daxil edilməsi də xüsusi vurğulanmalıdır.
Blokada, çətinliklər, quruculuq və inkişaf... Bunlar qədim Naxçıvan torpağının yeni tarix səhifəsindəki ən iri başlıqlarıdır. Hər biri bir kəlmə olsa da, onların arxasında blokada çətinliklərindən yeni imkanların yaradılmasınadək, dağılmış iqtisadiyyatdan güclü iqtisadiyyatın qurulmasınadək, enerji asılılığından enerji təhlükəsizliyinin təmin olunmasınadək, çörək növbələrindən ərzaq təhlükəsizliyinədək və adlarını sadalamadığımız bir çox vəzifələr və onları reallığa çevirən gərgin zəhmət dayanır.
Ölkə Prezidenti cənab İlham Əliyev qazanılmış uğurları belə dəyərləndirmişdir: “Naxçıvan bizim əziz diyarımızdır, Heydər Əliyevin Vətənidir. Hər bir azərbaycanlı üçün əziz, doğma diyardır və Naxçıvanın inkişafı, çiçəklənməsi artıq reallıqdır. Bu reallığı biz özümüz yaratmışıq. Bu gün ulu öndərin xatirəsinə göstərilən ən böyük diqqət məhz özünü, bax, bu inkişafda təcəssüm etdirir”.

Bir sözlə,ulu öndər Heydər Əliyevin “Mən istəyirəm ki, mənim arzum, istəklərim, Azərbaycan dövləti haqqında, müstəqil Azərbaycanın gələcəyi haqqında və Azərbaycanın ayrılmaz hissəsi olan Naxçıvan haqqında planlarım yerinə yetirilsin” fikirləri reallığa çevrilib.

“Şərq qapısı”

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR