Həyatda elə insanlar var ki, onlar peşəsinə könül verir, ömrünü, gününü çalışdığı sahəyə həsr edir, bütün qəlbi ilə ona bağlanır, özlərini bu yolda şam kimi gilə-gilə əridirlər. İllər ötdükcə belə insanların həyatı, elmi fəaliyyəti, yaradıcılıq amalı, ziyalılıq yolu insanlara əsl örnək, nümunə olur. Çünki, belə insanlar üçün seçdiyi peşə cəmiyyət qarşısında mənəvi borc, təmiz vicdan deməkdir. Zaman keçir, bu amalla yaşayanların əməyi, zəhməti, peşəsinə sevgisi, bağlılığı böyük bir elmi məktəbə çevrilir. O məktəb ki, neçə-neçə gənclərin yaradıcılıq yoluna işıq saçır. Yüksək intellektual potensiala malik olan, novator ideyaları, dəyərli araşdırmaları, bir-birindən maraqlı, oxunaqlı, öyrədici məqalələri ilə mətbuatda dərin izlər qoyan elm adamlarından biri də mətbu sözün keşiyində dayanan, dəstxəti ilə seçilən Naxçıvan Muxtar Respublikasının Əməkdar jurnalisti Mehriban Sultanovadır. Onun qələmindən çıxan elə bir yazı yoxdur ki, oxucunu düşündürməsin. Hətta başqalarına ilk baxışda adi məişət məsələsi kimi görünən hadisəni oxucunun gözündə cəmiyyətin ictimai problemi kimi mülahizə edə bilən söz sahibidir. Onun üçün söz adi bir ifadə vasitəsi deyil. Elə buna görədir ki, o, jurnalistlik fəaliyyətinin bütün dövrlərində mətbuat fədaisi olaraq bu prinsiplə yaşayıb. Elə yaxın günlərdə işıq üzü görən“Şərq qapısı” qəzetinin müasir inkişaf yolu və media siyasəti” adlı yeni nəşri də bir ziyalının, səriştəli qələm sahibinin həmin amalla, dərin ziyalılıq düşüncəsilə qələmə aldığı qiymətli mənbədir. Müəllifin qələmindən süzülüb gələn kitabda qədim və ulu diyarın bir əsrlik mətbuat salnaməsi - “Şərq qapısı” qəzetinin müstəqillik illərindəki fəaliyyəti, bu dövrdə Ali Məclis Sədrinin rəhbərliyi ilə həyata keçirilən uğurlu media siyasəti öz elmi təhlilini tapmışdır.
“Əcəmi” Nəşriyyat-Poliqrafiya Birliyində yüksək poliqrafik keyfiyyətlə nəşr olunan kitabın ilk sətirləri ulu öndər Heydər Əliyevin “Demokratiyanın, siyasi plüralizmin və vətəndaş cəmiyyətinin əsas atributlarından hesab olunan söz və mətbuat azadlığının başlıca daşıyıcıları kütləvi informasiya vasitələridir” sözləri ilə başlayır. Həmçinin həmin səhifədə cənab Prezident İlham Əliyevin, Ali məclisinin Sədri cənab Vasif Talıbovun mətbuatla bağlı dəyərli fikirləri də yer alır.
Müəllifin “Şərq qapısı” qəzetinin arxiv materiallarına əsaslanaraq qələmə aldığı faktlar əsl tədqiqat işi, sanballı məqalələr toplusudur. Kitabın ilk səhifələrində “Şərq qapısı” qəzetinin 100 illik yubleyinin qeyd olunması barədə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2021-ci il 1 iyun tarixli Sərəncamı və bu Sərəncamla təsdiq olunan “Tədbirlər Planı” yer alır. Bu dəyərli kitab ilə tanış olan hər bir oxucuya məlum olur ki, “Şərq qapısı” qəzetinin keçdiyi şərəfli yolu sətirbəsətir izləyən müəllif neçə-neçə mənbəyə baş vurmuş, onlarla yaxından tanış olmuş, saysız-hesabsız arxiv materiallarından və bir çox qaynaqlardan səbrlə, aramla, həvəslə müvafiq materiallar toplamış, onları sistemləşdirmiş və yüksək oxunaqlılıq səviyəsi ilə tərtib edərək oxuculara çatdırmışdır.
Kitabın Sovetlər dövrünün ilk müstəqil qəzeti” adlı ilk fəslində Sovetlər dövründə ilk müstəqil qəzet olaraq jurnalistikanın prinsiplərinin sadiq müdafiəçisi kimi, sovet kütləvi informasiya vasitələrinin qərəzli, qeyri-obyektiv mövqeyinə qarşı mübarizəsindən bəhs olunur: “Zülm və əsarətə, haqsızlığa qarşı mübarizəyə qalxmış naxçıvanlıların tələbi ilə Naxçıvan Muxtar Respublikası Ali Soveti 1990-cı il yanvarın 20-də Naxçıvanın SSRİ-nin tərkibindən çıxması haqqında Qərar verir. Qərar Naxçıvan televiziyası, eləcə də rabitə işçilərinin yaratdığı imkan vasitəsilə radio ilə orta dalğada beş dildə dünya ictimaiyyətinə çatdırıldı. Bu, tarixin 70 illik əsarətin buxovlarından xilas olub azadlıq ideyalarına qovuşmaq fürsətini layiqincə dəyərləndirmək cəhdi idi. Bir qrup naxçıvanlı ziyalı da bundan ruhlanaraq hadisələri obyektiv və operativ şəkildə geniş kütləyə çatdırmaq məqsədilə muxtar respublikanın rəsmi dövlət qəzeti olan “Şərq qapısı”nı müstəqil nəşr etdirmək qərarına gəldi”.
“Şərq qapısı” qəzeti ümummilli lider Heydər Əliyevin siysi fəaliyyətinin Naxçıvan dövründə” başlıqlı ikinci fəsildə diqqətçəkən “Ümummilli liderin rəhbərliyi ilə Naxçıvanda geniş vüsət alan milli müstəqillik hərəkatı, müstəqil və demokratik mətbuatın formalaşması prosesi” və “Ümummilli lider Heydər Əliyevin “Şərq qapısı vasitəsilə təməlini qoyduğu müstəqil mətbuat və jurnalistika dərsləri” adlı yarımfəsillər kitabda yer alan ən dəyərli mənbələrdir. Burada qeyd olunur ki, ümummilli lider Heydər Əliyevin “Şərq qapısı” qəzetinin 26 iyul 1990-cı il tarixli nömrəsindəki müsahibəsi, ulu öndərin Vətənə qayıtdıqdan sonra Azərbaycan mətbuatında dərc olunmuş ilk müsahibə kimi qəzetin fəaliyyət tarixində şanlı səhifəni təşkil etməsindən bəhs olunur. Müəllif belə elmi yanaşmalar aparır ki, görkəmli dövlət xadimi müsahibədə bir sıra qüvvələrin, xüsusilə də kütləvi informasiya vasitələrinin ona qarşı ədalətsizliyi, partiya orqanlarının müvafiq dairələrinin əli ilə qarayaxma kampaniyası aparılması haqqında, Azərbaycan Respublikasının Moskvadakı Daimi nümayəndəliyinə gələrək 20 Yanvar faciəsinə kəskin etirazını bildirdikdən sonra bu təzyiqlərin daha da artması ilə bağlı məlumat verir. Ulu öndərin böyük cəsarət və qətiyyətlə, siyasi uzaqgörənliklə səsləndirdiyi “…indi hər bir adama, hər bir xalqa, hər bir siyasi təşkilata və siyasi qüvvəyə öz taleyini müstəqil müəyyən etmək imkanı verilməlidir” fikrinin sovet ideologiyasının, sovet senzurasının hələ də “ölmədiyi” bir vaxtda qəzetdə dərc olunması mətbuat orqanı üçün də böyük qətiyyət və cəsarət idi”. fikirləri olduqca maraqlıdır.
“Şərq qapısı” qəzetinin müasir inkişaf tarixi muxtar respublikada həyata keçirilən media siyasəti kontekstində (1996-2021-ci illər)” başlıqlı fəsildə isə müstəqillik illərində “Şərq qapısı qəzetinin timsalında muxtar respublika mətbuatının inkişaf yolunda, “Şərq qapısı” qəzetinin fəaliyyətində yeni və ardıcıl inkişaf mərhələsindən, son onillikdə muxtar respublikada aparılan uğurlu media siyasətindən bəhs olunur.
Kitabın son səhifələrində müəllifin qələmə aldığı “Elektron Naxçıvan” – dünyaya virtual pəncərə”, “Naxçıvan Muxtar Respublikasında jurnalistika üzrə kadr hazırlığı”, “Milli mətbuatımız inkişaf yolundadır”, “Dövlət-media birliyinin qürurverici nümunəsi”, “Ədəbiyyatımızın və mətbuatımızın sönməz istiqlal günəşi”, “Naxçıvan mətbuatı yeni əsrinin astanasında” adlı məqalələr yüksək elmi-publisistik üslubda oxucuya təqdim edilən dəyərli mənbələr sırasındadır.
Kitabın son səhifəsində yer alan 11 noyabr 2021-ci il tarixdə dərc olunan doğma qəzetin əməkdaşı Güntac Şahməmmədlinin kitabın müəllifindən aldığı “Şərq qapısı” üçün ən böyük nailiyyət dövlət siyasətinin və milli ideologiyanın düzgün təbliği, ən böyük dəyər isə oxucu rəğbətidir” adlı geniş müsahibə olduqca diqqətçəkicidir. `Məqalədə ötən dövrdə qəzetin keçdiyi inkişaf yolundan, gənc jurnalistlərin fəaliyyətindən, gələcəkdə qəzetlə bağlı planlardan bəhs olunur.
Qeyd edək ki, çoxsaylı elmi-ədəbi qaynaqlar və arxiv materialları əsasında ərsəyə gəlmiş “Şərq qapısı” qəzetinin müasir inkişaf yolu və media siyasəti” adlı yeni nəşr mətbuat tariximizin qaranlıq səhifələrinə işıq tutan əsl tədqiqat obyektidir, qəzetin yüz illik yubileyinə layiqli töhfədir.
Və son olaraq, qəzeti öz övladı kimi əzizləyib, nazını çəkən, işinə canı-könüldən bağlı olan, məqalələrin redaktəsinə, çap prosesinin ən incə detallarına belə həssaslıqla yanaşan,100 illik yubleyini qeyd etdiyimiz doğma qəzetimizin baş redaktorunu yeni kitabının nəşri münasibətilə təbrik edir, müəllifə bundan sonrakı fəaliyyətində yaradıcılıq uğurları diləyirik.
Gülcamal TAHİROVA