21 Dekabr 2024, Şənbə

Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti dekabr ayının ikinci 15 günü ərzində bir sıra qərarlar qəbul edib. Belə ki, Nazirlər Kabinetinin 2021-ci il 21 dekabr tarixli Qərarı ilə “Naxçıvan Muxtar Respublikasında korona virus infeksiyası ilə mübarizə tədbirləri çərçivəsində bəzi məsələlərin tənzimlənməsi haqqında” Nazirlər Kabinetinin 2021-ci il 30 iyul tarixli 170 nömrəli Qərarında dəyişiklik edilmişdir. Dəyişikliyə əsasən 2022-ci ilin 1 fevral tarixindən etibarən dövlət orqanlarının əməkdaşlarının, mülkiyyət formasından asılı olmayaraq bütün tibb və əczaçılıq, elm və təhsil müəssisələrində çalışan, iş və xidmət sahələrində fəaliyyət göstərən müəssisələrin, ali və orta-ixtisas təhsili müəssisəsində təhsil alan yaşı 18-dən yuxarı olan bütün işçilərin koronavirusa qarşı ən azı 2 doza peyvənd olunmaları və ya koronavirusdan sağalaraq immunitetə malik olmaları barədə təsdiqedici sənədi, yaxud koronavirusa qarşı peyvəndə əks-göstəriş müəyyən edən əks-göstəriş sertifikatının olması tələb edilir.


Bundan başqa, Nazirlər Kabinetinin 2021-ci il 21 dekabr tarixli digər Qərarı ilə “İri sahibkarlıq subyektlərinin, büdcə təşkilatlarının və illik maliyyə hesabatlarını və ya birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını dərc edən publik hüquqi şəxslərin baş mühasibləri tərəfindən peşəkar mühasib sertifikatının əldə edilməsinin müddətlərinin və ardıcıllığının müəyyən edilməsi haqqında” Nazirlər Kabinetinin 2019-cu il 1 aprel tarixli Qərarında dəyişiklik edilmişdir. Müvafiq dəyişikliyə görə iri sahibkarlıq subyektlərinin, büdcə təşkilatlarının və illik maliyyə hesabatlarını və ya birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını dərc edən publik hüquqi şəxslərin baş mühasibləri tərəfindən peşəkar mühasib sertifikatının əldə edilməsinin müddətləri 2022-ci ilin 30 dekabradək, iri sahibkarlıq subyektlərinin baş mühasibləri 2022-ci il 30 dekabradək, büdcə təşkilatları üzrə, mərkəzləşdirilmiş xərclərdən maliyyələşdirilən büdcə təşkilatlarının baş mühasibləri 2022-ci ilin 30 dekabradək və yerli xərclərdən maliyyələşdirilən büdcə təşkilatlarının baş mühasiblərinin sertifikat əldəetmə müddətləri 2023-cü ilin 30 dekabradək uzadılmışdır.
Nazirlər Kabinetinin 2021-ci il 23 dekabr tarixli Qərarı ilə “Naxçıvan Muxtar Respublikasında avtomobil nəqliyyatı ilə müntəzəm şəhərlərarası (rayonlararası) və şəhərdaxili (rayondaxili), o cümlədən şəhərətrafı və qəsəbələrarası sərnişin daşımalarını yerinə yetirən daşıyıcılara istifadə olunan dizel yanacağına görə subsidiya verilməsinin müvəqqəti Qaydası” təsdiq edilmişdir. Adıçəkilən Qaydaya əsasən dizel yanacağı ilə çalışan avtomobil nəqliyyatı ilə dövlət tərəfindən tənzimlənən tariflərə uyğun müntəzəm şəhərlərarası(rayonlararası) və şəhərdaxili (rayondaxili) o cümlədən şəhərətrafı və qəsəbələrarası sərnişindaşıma fəaliyyətini həyata keçirən daşıyıcılara şamil edilir, minik avtomobilləri ilə sərnişindaşıma, beynəlxalq sərnişin daşımaları və qeyri-müntəzəm sərnişin daşımaları ilə məşğul olan daşıyıcılara isə şamil edilmir. Qeyd edək ki, Naxçıvan Muxtar Respublikasının Dövlət Vergi Xidməti müəyyən edilmiş formaya uyğun daşıyıcılar tərəfindən təqdim olunmuş elektron məlumatlar əsasında müraciətlərə 20 gün ərzində baxır və ödəniləcək subsidiyanın məbləğini müəyyən edir.
Həmçinin Nazirlər Kabinetinin 2021-ci il 23 və 27 dekabr tarixli qərarları ilə “Naxçıvan Muxtar Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə dəyişikliklər edilmişdir. Dəyişikliyə əsasən xarici iqtisadi fəaliyyətin mal nomenklaturası üzrə kərə yağı, süddən hazırlanmış digər yağlar və süd pastalarının idxalına tətbiq olunan rüsum güzəştinin qüvvədəolma müddəti 2023-cü ilin 31 dekabr tarixinədək uzadılmışdır. Digər dəyişikliyə əsasən xarici iqtisadi fəaliyyətin mal nomenklaturası üzrə emala məruz qalmamış aşılanmış dəri və ya dəri krastı məhsullarına tətbiq olunan müddətli ixrac rüsumlarının dərəcəsinin 1000 kiloqram üçün müəyyən edilmiş 350 ABŞ dolları 150 ABŞ dollarına endirilməklə qüvvədəolma müddəti 2023-cü il 31 dekabr tarixinədək uzadılmışdır.
Eləcə də Nazirlər Kabinetinin 2021-ci il 28 dekabr tarixli Qərarı ilə “Naxçıvan Beynəlxalq Hava Limanında, xüsusilə mühüm şəxslərin (VİP) və rəsmi nümayəndə heyətləri salonun xidmətlərindən istifadə məsələləri haqqında” Nazirlər Kabinetinin 2021-ci il 12 noyabr tarixli Qərarında dəyişiklik edilmişdir. Dəyişikliyə görə Naxçıvan Beynəlxalq Hava Limanında, xüsusilə mühüm şəxslər (VİP) və rəsmi nümayəndə heyətləri salonun xidmətlərindən istifadə hüququ olan Naxçıvan Muxtar Respublikasının vəzifəli şəxslərinin, həmçinin xarici dövlətlərin və beynəlxalq təşkilatların nümayəndələrinin siyahısına daxil olmayan sərnişinlərin VİP salonunda göstərilən xidmətlər üzrə xidməthaqqı müəyyən edilmişdir.
Nazirlər Kabinetinin 2021-ci il 30 dekabr tarixli Qərarı ilə “Aqrar sığorta üzrə təminat verilən risklərin tərkibi”ndə dəyişiklik edilərək sel və subasma, leysan, ildırım, şaxtavurma (donvurma), normadan artıq yağan qar yağıntıları və kənd təsərrüfatı heyvanlarına münasibətdə kimyəvi maddələrin təsirindən zəhərlənmə nəticəsində ölüm hallarının aqrar sığorta üzrə təminat verilən risklərin tərkibinə daxil edilməsi nəzərdə tutulmuşdur.
Nazirlər Kabinetinin eyni tarixli digər Qərarı ilə “Aqrar sığorta predmetinin Tərkibi”ndə dəyişiklik edilmişdir. Dəyişikliyə görə günəbaxan, soya, yonca, noxud, yaşıl noxud, alça, albalı, alma, armud, çəltik və digər bitkilər, həmçinin xırdabuynuzlu (11-ci günündən 5 yaşına qədər) və iribuynuzlu (südlük istiqaməti üzrə 11-ci günündən 7 yaşına qədər, ətlik istiqaməti üzrə 11-ci günündən 3 yaşına qədər) heyvanlar aqrar sığortanın predmetinin tərkibinə daxil edilmişdir.
Eyni zamanda Nazirlər Kabinetinin 2021-ci il 30 dekabr tarixli Qərarı ilə “Aqrar sığorta Qaydaları”nda dəyişiklik edilmişdir.
Qəbul olunan normativ-hüquqi aktların tam mətni ilə Naxçıvan Muxtar Respublikasının Hüquqi Aktların Dövlət Reyestrində (www.huquqiaktlar.nakhchivan.az) tanış olmaq mümkündür.

 

 

 

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR