21 Dekabr 2024, Şənbə

Britaniya Şurasının Azərbaycan Respublikası üzrə direktoru Fransis Qardener-Trexo Naxçıvan Muxtar Respublikasına rəsmi səfəri çərçivəsində Naxçıvan Dövlət Universitetində olub.
Universitetin Diplomatiya kabinəsində keçirilən ikitərəfli görüşdə ali təhsil ocağının rektoru, dosent Elbrus İsayev qonağı salamlayaraq universitetin zəngin maddi-texniki bazası, tərəfdaş olduğu ölkələrlə apardığı tələbə-müəllim mübadiləsi haqqında məlumat verib. Mütəxəssis hazırlığı istiqamətləri, tədrisin və elmi fəaliyyətin məzmununun təkmilləşdirilməsi sahəsində həyata keçirilən islahatlar və qarşıya qoyulan strateji hədəflər barədə danışan rektor sürətlə modernləşən ali təhsil ocağının beynəlxalq əməkdaşlıq üzrə prioritetlərini diqqətə çatdırıb. Akademik fəaliyyətdə də uğurlara imza atıldığı vurğulanaraq bildirilib ki, universitet müəllimlərinin elmi məqalələr ilə yüksək impaktfaktorlu jurnallara çıxışı təmin edilib. Ali təhsil ocağında yeni qurulacaq texnopark layihəsi çərçivəsində Türkiyə universitetləri ilə qarşılıqlı əlaqələr haqqında qonağa ətraflı məlumat verilib.


Qeyd edilib ki, 1998-1999-cu tədris ilindən etibarən İngilis və Fransız dili ixtisasları, hazırda isə Xarici dillər fakültəsində 6 xarici dil üzrə ixtisaslar fəaliyyət göstərir. Rektor onu da diqqətə çatdırıb ki, ali təhsil ocağının fakültəsində İngilis dili və tərcümə, İngilis dili və metodika kafedralarında bu sahə üzrə kadr hazırlığı diqqətdə saxlanılır. Bildirilib ki, tələbələrə ingilis dili ədəbiyyatı, tarixi, mədəniyyəti, incəsənəti ilə bağlı dərslər də keçilir.
Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında yaranmış elmi-mədəni sahələrdə münasibətlərin möhkəmlənməsi və inkişafında British Councilin xüsusi rolunun olduğunu qeyd edən Fransis Qardener-Trexo yeni vəzifəyə təyin olunandan sonra muxtar respublikaya səfər etdiyindən məmnun olduğunu bildirib. Vurğulanıb ki, müəllimlərin təkmilləşdirilməsi üzrə British Council tərəfindən həyata keçirilən layihələr Azərbaycanda peşəkarlığı və səriştəliliyi ilə fərqlənir və müasir təlim texnologiyalarına, fəal, interaktiv təlim metodlarına yiyələnmiş ingilis dili müəllimlərinin formalaşmasına zəmin yaradır. İkitərəfli görüşdə təhsil sahəsində əlaqələrin inkişafı üçün gələcək perspektivlər müzakirə olunub.
Sonra ali təhsil ocağının Xarici dillər fakültəsində olan qonaq burada fəaliyyət göstərən İngilis dili və Sinxron tərcümə mərkəzlərinin fəaliyyəti ilə tanış olub. Linqafon və İngilis və Amerika ədəbiyyatına aid olan bədii əsərlər, tərcümə əsərləri, tələbələrin dərsdənkənar mütaliələri, fəaliyyətləri üçün faydalı olan Xarici ölkələr ədəbiyyatı kabinələrində olub, tələbələrin dərs prosesini izləyib. Tələbələrin dərsdənkənar təşkil etdikləri diskussiya klubunda iştirak edən Fransis Qardener-Trexo onların intellektual səviyyələrindən razılığını ifadə edib.

Naxçıvan Dövlət Universitetinin Televiziya, mətbuat və
ictimaiyyətlə əlaqələr bölməsi

 

 

 

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR