Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş elektroenergetika sahəsində ciddi islahatlar, tikinti, yenidənqurma və bərpa prosesi davam etdirilir. Prezident tərəfindən imzalanmış inkişaf proqramının uğurla həyata keçirilməsinin nəticəsi olaraq ölkə iqtisadiyyatını və əhalisini elektrik enerjisi ilə təmin edən güclü enerji sistemi mövcuddur.
Muxtar respublikada enerji təhlükəsizliyi ilə bağlı həyata keçirilən tədbirləri yüksək qiymətləndirən ölkə başçısı cənab İlham Əliyev demişdir: “Vaxtilə Naxçıvanda işıq yox idi, enerji yox idi. Azərbaycandan gələn xətlər də Ermənistan tərəfindən kəsilmişdi. İndi isə Naxçıvan özünü elektrik enerjisi ilə tam təmin edir və bərpa olunan mənbədən istifadə edir. Bu, çox önəmlidir. Çünki bu, Naxçıvanın gözəl təbiətinə və ekoloji vəziyyətinə töhfə kimi qəbul edilməlidir”.
Muxtar respublikanın iqlim şəraiti alternativ və bərpa olunan enerjidən istifadə üçün geniş imkanlar açır. Müasir energetika infrastrukturunun yaradılması və enerji təhlükəsizliyinin təmin olunmasında bu amil əsas götürülür, külək, günəş elektrik stansiyaları tikilərək istifadəyə verilir.
Muxtar respublikada energetika sisteminin inkişafı sahəsində ardıcıl tədbirlər görülür, enerji təchizatının yaxşılaşdırılması diqqət mərkəzində saxlanılır. Yeni elektrik stansiyalarının istifadəyə verilməsinin və energetika təsərrüfatının müasir tələblər səviyyəsində qurulmasının nəticəsidir ki, istehlakçılar dayanıqlı və keyfiyyətli elektrik enerjisi ilə təmin olunurlar.
Müstəqillik illərində Naxçıvan Muxtar Respublikasında elektroenergetika infrastrukturu müasir tələblər səviyyəsində qurulub, alternativ və bərpa olunan enerji mənbələrindən səmərəli istifadə illik enerji tələbatında bu sahənin payını artırıb. Nəticədə, vaxtilə idxal hesabına enerji tələbatını ödəyən muxtar respublikada enerji təhlükəsizliyi tam təmin olunub.
Bu gün dayanıqlı elektrik enerjisi təminatı yaratmadan iqtisadiyyatın inkişafını təmin etmək mümkün deyil. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun diqqət və qayğısı nəticəsində muxtar respublikada elektrik enerjisi təminatı sahəsində mühüm işlər görülür, yeni günəş və su elektrik stansiyaları tikilir, yarımstansiyalar qurulur, elektrik xətləri yenilənir. Əgər 2003-cü ildə muxtar respublikada bir elektrik stansiyası mövcud idisə, hazırda 11 elektrik stansiyası fəaliyyət göstərir. Naxçıvanda elektrik enerjisinə olan tələbatın 65 faizdən çoxu alternativ və bərpa olunan enerji mənbələri hesabına ödənilir. Bu isə inkişaf etmiş ölkələr üçün çox nadir göstərici hesab edilir. Hazırda Ordubad və Tivi Su Elektrik stansiyaları, Şərurda Günəş Elektrik Stansiyası tikilir.
Enerji təhlükəsizliyinin təmin olunması muxtar respublikada sənayenin inkişafına zəmin yaradıb, müstəqillik illərində sənaye məhsulunun həcmi 114 dəfə artıb, yüzlərlə sənaye müəssisəsi istifadəyə verilib.
Elektrik enerjisi istehsalı ilə yanaşı, onun əhaliyə dayanıqlı çatdırılması da əsas şərtdir. Hazırda muxtar respublikada istehsal olunan elektrik enerjisi yarımstansiyalar vasitəsilə istehlakçılara çatdırılır.
Çoxşaxəli və mürəkkəb bir sahə olan energetika sənayesinin inkişafı üçün indi ixtisaslı kadrların hazırlanması əsas şərtdir. Naxçıvan Muxtar Respublikasında da son illərdə xüsusi diqqət təhsil alanların istehsal təcrübəsinin birbaşa onların gələcək iş yerlərində təşkil olunmasına yönəldilməsidir.
Bu istiqamətdə görülən işlərin nəticəsidir ki, “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsi haqqında” Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2015-ci il 27 iyul tarixli Sərəncamı ilə 3 ali, 3 orta ixtisas təhsili müəssisəsini əhatə edən 98 ixtisas və 1 lisey 31 təşkilata hamiliyə verilmişdir. Bu sərəncamla hami təşkilatlar və təhsil müəssisələri arasında əlaqə genişlənmiş, qarşılıqlı əməkdaşlıq insan kapitalının inkişafına, iqtisadi cəhətdən dayanıqlı əmək bazarının yaradılmasına, təhsilverənlə işəgötürən arasında tələblərin formalaşmasına xidmət etmişdir.
Naxçıvan Dövlət Universitetində Elektroenergetika ixtisası üzrə təhsil alan tələbələrin biliklərinin təcrübə ilə daha dərindən mənimsəmələri, yeni texnologiyalarla yerində tanış olmaları üçün universitet şəhərciyində 1 ədəd 10 kilovat gücündə “Külək-Günəş Hibrid Elektrik Enerjisi Mənbəyi” və 1 dəst günəş suqızdırıcısı quraşdırılmışdır.
İyunun 18-də Culfa rayonunda yeni Külək-Günəş Hibrid Elektrik Stansiyası istifadəyə verilərkən Ali Məclisin Sədri cənab Vasif Talıbov bu sahədə ixtisaslı mütəxəssis hazırlığının zəruriliyi məsələsini vurğulayaraq demişdir: “Yeni elektrik stansiyası Culfa rayonunda enerji tələbatının 10 faizdən çoxunu ödəyəcəkdir. Gələcəkdə yeni stansiyalar qurulduqdan sonra isə rayona kənardan enerji daşınmasına ehtiyac qalmayacaqdır. Stansiyada yeni iş yerləri də açılmışdır ki, bu da yeni mütəxəssislərin yetişməsinə, gələcəkdə digər stansiyaların yerli mütəxəssislər tərəfindən idarə olunmasına imkan verəcəkdir”.
Bu bir daha təsdiq edir ki, muxtar respublikada elektroenergetika sahəsində ixtisaslı kadr hazırlığına xüsusi diqqət və qayğı göstərilir. Bu sahədə reallaşdırılan tədbirlərin nəticəsidir ki, muxtar respublikada elektrik stansiyalarının tikintisi və yenidən qurulması, elektrik təchizatı avadanlıqlarının quraşdırılması, bütövlükdə, yerli mütəxəssislər tərəfindən həyata keçirilir. Muxtar respublikada enerji təhlükəsizliyinin təmin olunması, bu istiqamətdə aparılan uğurlu siyasət, heç şübhəsiz ki, diyarımızın gələcək iqtisadi inkişafına da öz töhfəsini verəcək.
Validə HACIYEVA
Naxçıvan Dövlət Universitetinin dosenti