Günlərdir, zəmilərdən səs gəlir. Bu səs dan yerinin ala-toranını öz zərrin şəfəqləri ilə yox edən Günəşin doğuşundan – yeni bir günə başlama “əmrindən” ta onun öz gündəlik “işini” başa çatdırıb qüruba – mənzilinə çəkilməsinədək eşidilir. İndi bu diyarda yolun hara düşsə, yol kənarlarında, göz baxdıqca uzanan çöllərdə zəmilərin bağrını yaran kombaynları görmək olur. Onlar taxıl biçirlər. Yükünün ağırlığından sakit-sakit ləpələnən dənizi xatırladan, mürgüdöyən sünbüllərin yuxusunu qaçırır bu uğultulu, gurultulu səslər. Elin sərvəti, zəhmətin bəhrəsini toplayır, torpağa sonsuz məhəbbətin cücərtilərini alın tərinin suvardığı çörək rəngli zəmilərin bağrına şırımlar açırlar. Bu şırımlar uzandıqca sünbüllər ömürlərini çörəyə bağışlayır. Bir də ki bu səslər ətrafa yayıldıqca, sanki havadan çörək ətri gəlir. İnsan övladına hava, su qədər önəmli, həyatı qədər dəyərli, yox, elə həyatın özü olan çörəyin ətri. Bu səslər çörəkli dünyamızın bu illərindən ötən illərə bir yolçuluğa çıxarır bizi.
O illər, bu illər…
O illər ki xatirələrimizə çörək köşklərinin qarşısında çörək növbələri ilə həkk olunub. O illər ki çörəkdən heç gözümüz doymurdu. Muxtar respublikamızın blokadaya salındığı o illər… Çörəkli dünyamızın alt-üst olduğu o illər. Elektrik enerjisinin, təbii qazın, yolumuzun kəsildiyi o illərdə çörək sarıdan yaman imtahana çəkildik. Zirzəmilərdən un ərşə qalxdı. Təndirlər çörəyə həsrət qaldı, badları nəm çəkdi, uçub-söküldü. Çörək rəfətələri “küsdü”, çəpərələri bir küncə atıldı. Təknələr boşaldı. Çörək ətri yox oldu, ta gəlmədi. Ayda bir-iki dəfə qolunu çırmalayıb xəmiryoğuran, təndir salıb qonum-qonşu ilə deyə-gülə 50 kiloqram unun çörəyini bir neçə saatda bişirib evinin aylıq tələbatını ödəyən ana-nənələrin əlləri qoyunlarında qaldı. Hər gün səhər-axşam 5-10 lavaşa su çiləyib, ən vacib işləri sabahın çörəyini hazır etmək olan analarımızın qarşıdakı sabahlar üçün gecənin yarısından həyat yoldaşlarını, övladlarını çörək növbələrinə qaldıracaqları heç ağıllarına da gəlməzdi.
Bərəkətli torpaqlarımıza düşmən həsədi, məkri taleyimizi, həyatımızı dəyişmişdi. Bəli, çörəkli dünyamız məhv edilmişdi. Muxtar respublikamızın hər yerində çörəkbişirmə müəssisələrinin fəaliyyəti dayanmışdı. Fasilələrlə verilən elektrik enerjisi hesabına bişirilən çörək əhalinin tələbatını ödəmirdi. Ona görə də insanlar yeni günə gecənin yarısından başlayır, çörək növbələrində sıra tutmaqla növbəti günün ən birinci və vacib işini həll etməyə çalışırdılar. Bu növbələr ayazlı, şaxtalı qış gecələrində dözümsüz olurdu. Çörək növbələrində həm ortayaşlı insanlar, həm gənclər, həm də hələ nələrin baş verdiyindən xəbərsiz, sadəcə, valideyn tapşırığını yerinə yetirən, əslində isə çörəksiz əsla yaşaya bilməyən uşaqlar da olurdu. Maraqlısı isə bu idi ki, onlar hamısı bir yaşda görünürdülər. Yuxusuzluq, yoxluq, çətinlik, acı günlər dünyanın keşməkeşlərindən keçmiş bir qocanın üzündəki ifadəni səpələyirdi sanki ətrafdakı çöhrələrə…
O zəmilər, bu zəmilər…
Bu gün barına-bərəkətinə heyranlığından özünün özünə qoşduğu nəğməni səhərin-axşamın yüngül mehi ilə ətrafa yayan zəmilər də o illər yoxa çıxdı. Ölkəmiz ilə quru yol vasitəsilə əlaqəmiz kəsildiyindən, yanacaq çətinliyi yarandığından zəmilərin yaraşığı olan maşın-texnika sükuta qərq oldu. Yadımdadır, bəlkə də, blokadanın başlanmasından 2-3 il keçirdi, hələ yol kənarlarındakı zəmilərdə blokadanın zərbəsini alan kombaynlar necə dayanmışdılarsa, eləcə də qalmışdılar. Sübh çağından toran vaxtınadək gününü əkin-biçinlə keçirən insanlar da çarəsiz qalmışdılar. Bu diyarın zəhmətə sevdalı insanlarının əlindən iş yerləri – torpaq alınmışdı sanki. Çətin günlər başlanmışdı – iş yerləri bağlanırdı. Çarəsiz insanlar ailələrindən ayrı düşüb qonşu ölkələrə işləməyə gedirdilər.
Həm də ki o illər muxtar respublikamızda torpaq islahatı hələ aparılmamışdı. Kəndlərimizin zəhmətkeş insanları bir qarış torpağın sahibi idilər, orada da ailələrinin gündəlik tələbatını ödəmək üçün kənd təsərrüfatı məhsulları yetişdirirdilər. Müxtəlif qurumların balansında olan torpaqlar isə o çətin illərdə yenə əkilsə də, blokada vəziyyəti, muxtar respublikadakı çətinliklər maşın-texnikanı hərəkətə gətirə bilmədiyindən sahələri lazımi qədər becərmək mümkün deyildi. Bu səbəbdən də zəmilər solğun, məhsul qıt olurdu. Torpaq sanki öz həmdəmlərinə “Əz məni, əzizləyim səni”, – deyib hayqırırdı.
Bu gün taxılçılıqla bağlı statistik rəqəmlərə baxmaq kifayət edir ki, o illərlə bu illərin müqayisəli mənzərəsi gözlər önündə canlansın. Blokadanın ilk ilində muxtar respublikamızda 14 min 719 hektar taxıl əkilmişdirsə, 1995-ci ildə bu, 20 min 598 hektara çatdırılmışdır. 1995-ci ildən 2018-ci ilədək sahələrin hər il daha da genişləndirilməsi ötən il bu ilin məhsulu üçün 33 min 308 hektar sahədə taxıl əkini keçirilməsi ilə nəticələnmişdir. Blokadanın başlandığı il və ötən dövrdə əldə olunan məhsula diqqət yetirmək də maraq doğurur. Bu, 1990-cı ildə muxtar respublika üzrə 30 min 731, 2018-ci ildə isə 97 min 689 ton olmuşdur. Bu ilin bol məhsulu isə ötənilki rəqəmin daha da artmasından xəbər verir.
Ötən dövr ərzində ölkəmizdə, eləcə də muxtar respublikamızda məhsul istehsalçılarının torpaq vergisi istisna olmaqla, digər vergilərdən azad edilməsi, əkin sahələrinin hər hektarının becərilməsi üçün torpaq mülkiyyətçilərinə istifadə olunan gübrələrin 70 faizinin pulsuz verilməsi, satılan texnikaların və suvarma qurğularının dəyərinə 40 faiz güzəştin tətbiq olunması, toxumçuluq və tingçilik təsərrüfatlarına subsidiyaların ödənilməsi, yanacaq-sürtkü materiallarına görə verilən yardımların artırılması, toxumçuluq təsərrüfatlarının yaradılması, keyfiyyətli və məhsuldar buğda növlərindən toxum materialı kimi istifadə olunmasına şərait yaradılması taxılçılığa marağın artmasına səbəb olub. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun dediyi kimi: “Muxtar respublikada taxıla olan tələbatın yerli istehsal hesabına ödənilməsi diqqətdə saxlanılır. Ona görə də yaradılan şəraitdən səmərəli istifadə olunmalı, taxıl əkini sahələri və məhsuldarlıq artırılmalı, tələbat 100 faiz yerli istehsal hesabına ödənilməlidir... Muxtar respublikada kənd təsərrüfatının inkişafı sahəsində görülən işlər öz nəticəsini verir. Daxili bazarın qorunması, mütərəqqi suvarma şəbəkələrinin qurulması, yeni torpaq sahələrinin əkin dövriyyəsinə qatılması, texnika və gübrə təminatı, istehsal olunmuş məhsulun satışı üçün hərtərəfli şəraitin yaradılması taxılçılığın inkişafına səbəb olmuşdur. Yaradılan şərait, xüsusilə taxıl və qarğıdalının alış qiymətlərinin artırılması həm məhsul istehsalına, həm də bu yolla əhalinin məşğulluğunun təmin olunmasına stimul verir”.
O çörəklər, bu çörəklər…
Gündəlik həyatda ən çox tələbat duyulan ərzaq çörək olduğundan və bu əvəzsiz nemət sarıdan hər bir naxçıvanlı neçə il sınağa çəkildiyindən o bizim üçün daha da müqəddəsləşibdir. Bu günlərdən o günlərə nəzər salarkən mağazaların boş qalmış çörək rəfləri, çörəyin tələbatdan çox aşağı olması, daha doğrusu, çörək həsrətli günlər gözlər önünə gəlir. Daha çox ev şəraitində primitiv şəkildə bişirilən və keyfiyyəti aşağı olan çörəyi səhərin sübhündən aldın aldın, almadınsa, bütün günü ac qalmalı idin. Buna başqa bir çarə yox idi. Dünyada ikinci elə bir nemət yoxdur ki, insanı çörək qədər doyura bilsin. Bəli, yarıac, yarıtox o illərdə elə buna görə də çörək ən çox arzulanan nemətə çevrilmişdi.
O günləri artıq xatirələrə çevirən bu günlərdə hər dəfə market və mağazaların çörəkdolu rəflərini, insanların əllərində çörəklə mağazalardan çıxdığını gördükdə, yüksək gigiyenik şəraitdə bişirilən keyfiyyətli çörəyin möhtəşəm ətrini aldıqda xəyalən o illərə qayıdır, yuxarıda sadalananları yenidən xatırlamalı oluram. Günün bütün saatlarında çörək ala bilməyin, ona olan ehtiyacın belə asanlıqla ödənilməsini məhz o illərin çörək həsrətli insanları daha gözəl anlayarlar. Bu gün də blokada şəraitində yaşayan, lakin inkişafı ilə düşmənə meydan oxuyan muxtar respublikamızda hər cür şərait yaradıldığı, burada yaşayan insanların bütün ehtiyacları ödənildiyi kimi, onlar üçün çörəkli bir dünya da qurulubdur. Bu “dünya” isə onu vəd edir ki, “Çörək bol olarsa, basılmaz Vətən”.
O arzular, bu arzular…
Havadan çörək ətri gəlir… Bu ətir o illərin çörək arzulu günlərini xatırladır. Kaş bu gün çörək ala bilərdik, kaş çörəyimiz bir az artıq, təknələrimiz çörək dolu olardı kimi arzuları. Ana-nənələrimizin hər dəfə təndirəsər damlarının yanından ötərkən “Kaş un olardı, bu təndiri salıb, bir dəstə çörək bişirərdim” kimi arzuları. Ümumilikdə isə bir problemin çözümü böyük arzu idi: Bu çörək növbələri nə vaxt bitəcək, mağazalar nə vaxt çörəklə dolu olacaq?..
Havadan çörək ətri gəlir… Bu ətir həmin o illərin arzularından fərqli arzular yaradır könüllərimizdə. Bu arzuların ən böyüyü çörəyin bol olduğu bu illərdə insanların şükranlığıdır. İndi torpaq sahibi olan hər kəs taxıl əkir. Hər yerdə qarşılaşdığımız zəmilər, kombaynların uğultulu səsləri bol çörəkdən soraq verir. İndi o illərin insanlarından fərqli olaraq adamlar yoxluq dərdi çəkmirlər. Aqrar islahatla onlar artıq torpaqlarının yiyəsidirlər. Ötən illər başqa ölkələrə gedənləri geri səsləyib torpaq sahibinə çevirib. Bu sahiblik “Çörəyi torpaqdan al, özgənin ağzından yox” atalar misalını təlqin eləyib, elədikcə də yoxluq yerini bolluğa verib.
İndi zəhmətkeş insanlar taxıl sahələrini ildən-ilə artırmaq arzusu ilə yaşayırlar. Əkin, biçin, gübrə, maşın-texnika, yanacaq problemi yaşamayan insanların növbəti il daha çox məhsul əldə etməkdir arzuları. İndi illərdir, təbii qazı, elektrik enerjisi olan şəhər, rayon və kəndlərimizdə çörək zavodlarından, sexlərindən, bir də ki həyətlərdəki təndirlərdən ətrafa daim gözəl rayihə yayılır – çörək ətri. Bu diyarın qədirbilən insanlarının ümumi bir arzusu da var: Onlara belə firavan günləri bəxş edənlərə uzun ömür, cansağlığı arzusu…
Havadan çörək ətri gəlir… O illərdə sükuta qərq olunan zəmilərdən indi gələn gurultulu səslər təxəyyüllərdə çörəyi canlandırır, havaya doyumsuz çörək ətrini yayır...
Mətanət MƏMMƏDOVA
Bu yazı “Muxtariyyətin quruculuq, inkişaf və sabitlik dövrü” mövzusunda yaradıcılıq müsabiqəsinə təqdim etmək üçündür.