Və nəhayət... Laçın... Dağlıq Qarabağ və ətraf rayonların işğaldan azad olunması ilə bağlı Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin rəsmi açıqlamasından sonra onların hər birini qəhrəmanlıq tariximiz olan “Qarabağ” dastanının bir boyuna çevirərək qələmə almışam. Etiraf edim ki, günlərdir, qayıdışını gözlədiyimiz Laçın haqqında yazacağımı düşündükcə hər dəfə böyük məsuliyyət qarşısında qaldığımı hiss etmişəm, “mən necə yazmalıyam ki, Laçına layiq olsun”, – deyə. Və ya mən Laçından yazmağa qadirəmmi? Bu sualları günlərdir, verirəm özümə. Lakin yazmalıydım. Laçınla Qarabağ dastanını tamamlamalıydım. Zəif, güclü, nə olursa-olsun, yazmalıydım. Bəlkə də, mənim kimi düşünən onlarla jurnalist var. Bəli, ola da bilər. Çünki Laçın deyiləndə gözlərim önündə o qədər böyük bir məkan canlanır ki, həm də Laçın o qədər qədim tarixə, zəngin təbiətə, coğrafiyaya malikdir ki, onu vəsf etməyi, sözün həqiqi mənasında, bacarmalısan. Gözəl Laçın, qayıdışın, azadlığın mübarək. Səndən yazıram, sənə nə dərəcədə layiq olduğunu bilməsəm də, yazıram. Bu yazını məndən qələbə məktubu, təbriki kimi qəbul et. Məktubumu Ali Baş Komandanımızın xalqımıza yenə də qələbə müjdəli müraciəti ilə başlayıram: “Böyük sevinc hissi ilə bildirirəm ki, Laçın rayonu işğaldan azad olundu. Bütün Azərbaycan xalqını bu münasibətlə ürəkdən təbrik edirəm. Laçın rayonunun işğaldan azad olunması tarixi hadisədir. Özü də bir güllə atmadan biz Laçın rayonunu qaytardıq. Düşməni buna məcbur etdik. Döyüş meydanında əldə edilmiş parlaq qələbə bu gözəl nəticəyə gətirib çıxardı ki, üç rayonumuz – Ağdam, Kəlbəcər və Laçın bizə qaytarıldı. Biz bu rayonları bir güllə atmadan, bir şəhid vermədən qaytarmışıq”.
Laçın Naxçıvandır, Naxçıvan Laçın
Deyirlər ki, görmədiyin, bələd olmadığın yer haqqında yazmaq çətindir. Bu gün bu deyimin yanlış olduğunu anladım. Xeyr, əslində gördüyün yer haqqında yazmaq çətinmiş. Naxçıvan kimi. Mən Naxçıvanın gözəlliklərini nə vaxt olduğu kimi, təsvir edəcəyim barədə çox düşünürəm. Laçında da dəfələrlə olmuşam. Uşaqlığımın çox yayı Laçında, babamın ata evində keçib. O qədər gözəl təəssüratlarım var ki, Laçın haqqında. Bəlkə, elə uşaqlıqdan xatirələrimə hopan o zəngin təəssüratlar qarşısında Laçın haqqında yazmağa cürət etmirdim. Çünki bu dəqiqə də o dairəvi həyət, sanki qayalıqların ovcunun içində bənd olmuş, böyürtkən kolları ilə hasarlanmış həyət gözlərin qarşısındadır. Həyətin dörd bir tərəfini əhatə edən həmin böyürtkən kollarının yanından baxanda, sanki dağın başından dərələrin ucsuz-bucaqsız dərinliklərini seyr edirdim, “Bu həyət burada necə durub”, – deyə fikirləşirdim... Biz Laçına Şahbuz rayonunun Biçənək-Batabat yolu istiqamətindən maşınla gedirdik. Laçının dolanbac yolları ilə sanki bir anda dağların başına qalxır, oradan sürətlə aşağıya enirsən. Laçındakı o evin ətrafındakı görüntülər də, Laçına gedən yollar da o qədər Şahbuza bənzəyir ki... Mən bunu sonralar anladım. Laçına olan sevgim də, bəlkə də, elə bundan qaynaqlanırdı. Laçındakı o həyətdən mən Ağbulaqda, Gömürdə, Biçənəkdə, Aşağı, Yuxarı Qışlaqlarda, Küküdə, Güney, Qızıl Qışlaqlarda görmüşəm. O yollar Batabata, Ağbulağa, Gömürə qalxan yolların eynisidir. Göz uzandıqca dağların sinəsinə, qayaların köksünə səpələnmiş boz-yaşıl rəngli irili-xırdalı kollar Şahbuz şəhərindən müxtəlif istiqamətlərə şaxələnən dağ kəndlərində gördüklərimlə eynidir. Bir sözlə, Laçın, sanki Naxçıvandır, Naxçıvan da Laçın. Görənlər görüb, görməyənlər də bu azad yurda səfər edər, görər, mənim dediklərimi təsdiqləyər.