22 Dekabr 2024, Bazar

Və nəhayət... Laçın... Dağlıq Qarabağ və ətraf rayonların işğaldan azad olunması ilə bağlı Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin rəsmi açıqlamasından sonra onların hər birini qəhrəmanlıq tariximiz olan “Qarabağ” dastanının bir boyuna çevirərək qələmə almışam. Etiraf edim ki, günlərdir, qayıdışını gözlədiyimiz Laçın haqqında yazacağımı düşündükcə hər dəfə böyük məsuliyyət qarşısında qaldığımı hiss etmişəm, “mən necə yazmalıyam ki, Laçına layiq olsun”, – deyə. Və ya mən Laçından yazmağa qadirəmmi? Bu sualları günlərdir, verirəm özümə. Lakin yazmalıydım. Laçınla Qarabağ dastanını tamamlamalıydım. Zəif, güclü, nə olursa-olsun, yazmalıydım. Bəlkə də, mənim kimi düşünən onlarla jurnalist var. Bəli, ola da bilər. Çünki Laçın deyiləndə gözlərim önündə o qədər böyük bir məkan canlanır ki, həm də Laçın o qədər qədim tarixə, zəngin təbiətə, coğrafiyaya malikdir ki, onu vəsf etməyi, sözün həqiqi mənasında, bacarmalısan. Gözəl Laçın, qayıdışın, azadlığın mübarək. Səndən yazıram, sənə nə dərəcədə layiq olduğunu bilməsəm də, yazıram. Bu yazını məndən qələbə məktubu, təbriki kimi qəbul et. Məktubumu Ali Baş Komandanımızın xalqımıza yenə də qələbə müjdəli müraciəti ilə başlayıram: “Böyük sevinc hissi ilə bildirirəm ki, Laçın rayonu işğaldan azad olundu. Bütün Azərbaycan xalqını bu münasibətlə ürəkdən təbrik edirəm. Laçın rayonunun işğaldan azad olunması tarixi hadisədir. Özü də bir güllə atmadan biz Laçın rayonunu qaytardıq. Düşməni buna məcbur etdik. Döyüş meydanında əldə edilmiş parlaq qələbə bu gözəl nəticəyə gətirib çıxardı ki, üç rayonumuz – Ağdam, Kəlbəcər və Laçın bizə qaytarıldı. Biz bu rayonları bir güllə atmadan, bir şəhid vermədən qaytarmışıq”.

Laçın Naxçıvandır, Naxçıvan Laçın

Deyirlər ki, görmədiyin, bələd olmadığın yer haqqında yazmaq çətindir. Bu gün bu deyimin yanlış olduğunu anladım. Xeyr, əslində gördüyün yer haqqında yazmaq çətinmiş. Naxçıvan kimi. Mən Naxçıvanın gözəlliklərini nə vaxt olduğu kimi, təsvir edəcəyim barədə çox düşünürəm. Laçında da dəfələrlə olmuşam. Uşaqlığımın çox yayı Laçında, babamın ata evində keçib. O qədər gözəl təəssüratlarım var ki, Laçın haqqında. Bəlkə, elə uşaqlıqdan xatirələrimə hopan o zəngin təəssüratlar qarşısında Laçın haqqında yazmağa cürət etmirdim. Çünki bu dəqiqə də o dairəvi həyət, sanki qayalıqların ovcunun içində bənd olmuş, böyürtkən kolları ilə hasarlanmış həyət gözlərin qarşısındadır. Həyətin dörd bir tərəfini əhatə edən həmin böyürtkən kollarının yanından baxanda, sanki dağın başından dərələrin ucsuz-bucaqsız dərinliklərini seyr edirdim, “Bu həyət burada necə durub”, – deyə fikirləşirdim... Biz Laçına Şahbuz rayonunun Biçənək-Batabat yolu istiqamətindən maşınla gedirdik. Laçının dolanbac yolları ilə sanki bir anda dağların başına qalxır, oradan sürətlə aşağıya enirsən. Laçındakı o evin ətrafındakı görüntülər də, Laçına gedən yollar da o qədər Şahbuza bənzəyir ki... Mən bunu sonralar anladım. Laçına olan sevgim də, bəlkə də, elə bundan qaynaqlanırdı. Laçındakı o həyətdən mən Ağbulaqda, Gömürdə, Biçənəkdə, Aşağı, Yuxarı Qışlaqlarda, Küküdə, Güney, Qızıl Qışlaqlarda görmüşəm. O yollar Batabata, Ağbulağa, Gömürə qalxan yolların eynisidir. Göz uzandıqca dağların sinəsinə, qayaların köksünə səpələnmiş boz-yaşıl rəngli irili-xırdalı kollar Şahbuz şəhərindən müxtəlif istiqamətlərə şaxələnən dağ kəndlərində gördüklərimlə eynidir. Bir sözlə, Laçın, sanki Naxçıvandır, Naxçıvan da Laçın. Görənlər görüb, görməyənlər də bu azad yurda səfər edər, görər, mənim dediklərimi təsdiqləyər.

 30 illik yaraları sağaldan həkimlər – şəhidlər

II Qarabağ müharibəsi tariximizin parlaq səhifələrini təşkil edir. Bu parlaqlığı çox məqamlar xarakterizə edir. Dövlət-xalq birliyi, həmrəylik, vətənpərvərlik, torpaq sevgisi, bayraq sevdası, ölümün üzünə dik baxmaq və sair. Lakin biz nəsil üçün daha önəmli olan bir məqam da var ki, bu gün 30 illik Qarabağ yaralarını sağaldan həkimlər məhz biz nəslin övladlarıdır. 30 ildə sağalmaq bilməyən, qanı süzən, qaysaq bağlamayan yaraları 30 il əvvəl o acı günlərin hər birinin canlı şahidi olanların övladları sarıdı. Bu yaraların üstünə öz qanlarını məlhəm edib çəkdilər. 30 ilin yaraları 44 gündə sağaldı. Bu yaraları sağaldanlar həm də torpaqlarımızın nisgildən kor olan gözlərinə də məlhəm oldular. Torpaq canlandı, özünə gəldi, bayrağına , insanına, yurddaşına qovuşdu. Onların – o həkimlərin, o şəhidlərin hesabına. Qürur duyduğumuz, qarşılarında əbədiyyən baş əydiyimiz igid oğullarımızın hesabına geri alındı yurd yerlərimiz. Onlar öz gənc ömürlərini torpağın azadlığına, milli mənliyin xilasına, bir də ata-babalarının torpaq təşnəsinə qurban verib bizi torpaqlı, elli, yurdlu etdilər. Üzərimizdən qaçqınlığı, köçkünlüyü götürdülər. Və tarix durduqca Qarabağın şahinlərinə, yaraların təbibinə çevrildilər. Ağdama, Kəlbəcərə, Laçına da qələbə çığırlarını o igidlər açdılar. Ruhunuz şad olsun, Vətən oğulları!

Laçın dəhlizi – ölüm tuneli

Laçın dəhlizi ermənilər üçün olduqca böyük əhəmiyyətə malik idi. Bu, 1992-ci ilin mayında Azərbaycan Respublikasının ərazisində erməni qüvvələri tərəfindən Qarabağın qondarma “Dağlıq Qarabağ Respublikası” ilə Ermənistan Respublikası arasında açılan dəhlizdir. Uzunillərboyu fəaliyyət göstərən bu dəhliz Ermənistanı Qarabağın dağlıq hissəsinə birləşdirən yeganə təchizat və təminat yolu olaraq Qarabağ müharibəsinin ilk mərhələsində Ermənistanla seperatçılar arasında “nəfəs borusu” rolunu oynayıb. Həm müharibə dövrü, həm də ikinci yol çəkilənə qədər Ermənistan Qarabağın bütün hərbi, texniki və mülki təchizatını bu yol vasitəsilə həyata keçirib. Məhz buna görə də, Laçın ərazisinin Azərbaycana qaytarılması və ya heç olmasa bu dəhlizin erməni tərəfinin hərəkəti üçün bağlanılması, Ermənistanı Qarabağ ərazilərinə nəzarətdən məhrum edirdi. Bu dəhlizdən qondarma Dağlıq Qarabağ Respublikası Ermənistana böyük miqdarda ərzaq və digər materiallar keçirir. Əvəzində isə Ermənistan Respublikası Dağlıq Qarabağ Respublikasından elektrik alırdı. Bir sözlə, Laçın dəhlizi olmadan Qarabağ, Şuşa ola bilməzdi onlar üçün. Ona görə də burada mövqelərini gücləndirmişdilər. Lakin bir zamanlar öz əlləri ilə başqasının torpağında , Laçın şəhərinin tən ortasından açdıqları dəhliz, sən demə, qarşıdakı illərdə ölkəmizin rəhbəri tərəfindən onların ölüm tunelinə çevriləcəkmiş. Çevrildi də. Ermənilərin Laçından çıxması görüntülərini televiziya vasitəsilə izləyənlər bunun bir daha şahidi oldular ki, onların nəfəs boruları tıxanmışdı. Çünki Laçın dəhlizi əllərindən çıxırdı, deməli, həyat onları tərk edirdi.
Azərbaycan Respublikasının Prezidentinin xalqa müraciətindən: “Laçın rayonunun strateji əhəmiyyəti, eyni zamanda ondan ibarətdir ki, rayon ərazisindən və Laçın şəhərinin içi ilə Laçın dəhlizi keçir. Bildiyiniz kimi, bu dəhliz Rusiya sülhməramlı qüvvələrinin nəzarətinə verilibdir. Dəhliz uzun illər erməni silahlı qüvvələrinin, işğalçıların nəzarətində idi. Deyə bilərəm ki, noyabrın 10-da imzalanmış birgə Bəyanatın ilkin versiyasında bu dəhlizin erməni silahlı qüvvələrinin nəzarətində qalması ilə əlaqədar müddəa var idi. Mən buna etiraz etdim və nəticədə, bu dəhliz Rusiya sülhməramlı qüvvələrinin nəzarətinə verilmişdir. Hesab edirəm ki, bu, çox böyük nailiyyətdir. Laçın dəhlizi erməni işğalçı qüvvələrindən təmizlənib. Onu da bildirməliyəm ki, Bəyanatın ilkin versiyasının üzərində fəal işlər gedirdi, xüsusilə Şuşa şəhəri işğaldan azad olunandan sonra qısa müddət ərzində. Bəyanatın ilkin versiyasında bizə təklif edilirdi ki, Laçın dəhlizinin eni 30 kilometr olsun. Mən buna qəti etiraz etdim və dedim ki, Ermənistan tərəfinin bu iddiası tamamilə əsassızdır. Dəhliz çərçivəsində təhlükəsizlik tədbirlərini təmin etmək üçün bu qədər geniş dəhlizə ehtiyac yoxdur. Ona görə mən bunu tamamilə qəbuledilməz təklif kimi hesab etdim və öz fikrimi bildirdim. Ondan sonra ikinci variantda Laçın dəhlizinin eni 10 kilometr nəzərdə tutulurdu. Buna da mən razılıq vermədim və nəticədə, 5 kilometr eni olan dəhliz haqqında razılıq əldə edildi. Beş kilometr həm bizim üçün, həm Dağlıq Qarabağda yaşayan ermənilər üçün və təhlükəsizliyi təmin etmək üçün kifayət qədər məsafəni əhatə edir”.
Beləliklə, Laçın artıq bizim olduğu üçün həmin 5 kilometr düşmənin ölüm tunelidir.

Qarabağ işğalı ilə yaşıd Naxçıvan blokadası
Doqquzuncu bənd – nəqliyyat damarı

Biz 30 ilin torpaq həsrətliləri, həm də 30 ilin blokada Naxçıvanının insanları idik. 1990-cı illərin alın yazısına çevrilən bu iki acısının da düyünü çözülüb artıq. Ölkəmizin Prezidentinin həm hərb meydanında, həm siyasi müstəvidə bütün dünyaya nəyə qadir olduğumuzu göstərməsi ilə, dəmir yumruq ətrafında birləşməyimizlə, övladımızı itirib “Vətən sağ olsun!” deməyimizlə, dağılan, viranə qalan evlərimizə alın belə qırışdırmamağımızla, uçuq-söküklər altından yalnız bayrağımızı xilas edib köksümüzə sıxmağımızla bütün dünyaya milli mənliyin, torpaq sevgisinin nə olduğunu bəyan etdik. İndi illərlə acılarımıza susan dünya ölkələrinə həm hərbimizlə, həm də mənəvi dəyərlərimizlə örnəyik.
Qarabağla yaşıd olan Naxçıvan blokadasının da 30 illik düyünü açılmaqdadır. Qarabağ torpaqlarının işğalı ilə başlanan Naxçıvan blokada torpaqların azad olunması ilə də aradan qaldırılır. Artıq Naxçıvan da Qarabağ torpaqları kimi, həsrət qaldığı anası Azərbaycanın qoynuna sığına biləcək, həsrəti sona yetəcək. Buna düşünülmüş siyasətin bəhrəsi olan 10 noyabr Bəyanatı ilə nail oluruq. Ölkə Prezidentinin xalqımıza müraciətindən: “Doqquzuncu bənddə göstərilir ki, bölgədəki bütün iqtisadi nəqliyyat əlaqələri bərpa edilir. Ermənistan Respublikası vətəndaşların nəqliyyat vasitələrinin və yüklərin hər iki istiqamətdə maneəsiz hərəkətinin təşkili məqsədilə Azərbaycan Respublikasının qərb rayonları və Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinin təhlükəsizliyinə zəmanət verir. Nəqliyyat əlaqəsi üzrə nəzarəti Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin Sərhəd Xidmətinin orqanları həyata keçirir və tərəflərin razılığı əsasında Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın qərb rayonlarını birləşdirən yeni nəqliyyat kommunikasiyalarının inşası təmin ediləcək. Bu 9-cu bənd sırf mənim təkidim nəticəsində Bəyanata salınmışdır. Çünki müzakirə olunan, uzun illər müzakirə olunan sülh planında belə açıq-aydın müddəa yox idi. Yəni nəzərə alınırdı ki, bütün kommunikasiyalar açılacaqdır və Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın əsas hissəsini birləşdirən dəhliz haqqında söz getmirdi. Hesab olunurdu ki, bu ümumi ifadə bunu ehtiva edir. Burada isə konkret göstərildi ki, Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın əsas hissəsi arasında dəhliz yaradılır və bu dəhlizin təhlükəsizliyini Ermənistan yox, Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin Sərhəd Xidmətinin orqanları həyata keçirir. Yəni bu dəhliz tam təhlükəsiz olacaq. Eyni zamanda, ikinci məsələ – tərəflərin razılığı əsasında Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın qərb rayonlarını birləşdirən yeni nəqliyyat kommunikasiyalarının inşası – bu məsələni tam və gələcəyə hesablanmış çərçivədə həll etmək üçün əlavə də bənd salındı. Yəni bu nə deməkdir? O deməkdir ki, iki dəhliz olmalıdır. Əgər lazım olsa, iki dəhliz olmalıdır. Bu, bizim tarixi nailiyyətimizdir. Biz Naxçıvanı həm mühasirədən çıxarırıq, eyni zamanda yeni bir nəqliyyat damarını açırıq. Deyə bilərəm ki, bütün ölkələr buradan ancaq faydalanacaq. Azərbaycan öz ayrılmaz hissəsi olan Naxçıvanla birləşir”.

Sarı Aşıq sıx sazını sinənə,
gəl Laçını vəsf elə...

Ey Laçının Sarı Aşığı, illərdir, ruhun yurdunun səmalarında dolanırdı, işğal nisgilindən qəbirində özünə rahatlıq tapa bilmirdin. Səslə bu yurdun igidlərini, bu torpağın şəhidlərini, bütün oğul-qızlarını yığ başına. Ozan ol, çıx qabağa, yurdun azad olmasını çatdır laçınlılara. Axı sən çox nigarandın, Güləbirddən, elə hey bayatılarında danışırdın:
Mən aşiq Güləbirdə,
Şeh düşdü Güləbirdə.
Bir quş olub uçaydım,
Qonaydım gülə bir də.
Gəl Sarı Aşıq, doğulduğun Qaradağlı kəndi də, uyuduğun Güləbird də sənin yolunu gözləyir. Gəl yurdunu Vətən hesab edirdin gəl, alın açıqlığı ilə hər kəsə de ki:
Aşıq, Vətən yaxşıdı,
Köynək kətan yaxşıdı.
Qəriblik cənnət olsa,
Yenə Vətən yaxşıdır.
Gəl bu ellərə bayatı qoş, şeir yaz. İndi Qarabağın bir başqa növrağı var. Qarabağ dünyanın dilində sözdür, igidlərin al qanıdır, Azərbaycanın bayrağıdır. Gəl sıx sinənə sazını, səsin dağlara düşsün. İndi hamı deyir, sən də de, sırala misralara ki: Cəbrayıl bizimdir, Füzuli bizimdir, Zəngilan bizimdir, Qubadlı bizimdir, Ağdam bizimdir, Kəlbəcər bizimdir, Laçın bizimdir, Şuşa bizimdir, Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!

Mətanət MƏMMƏDOVA

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR