22 Dekabr 2024, Bazar

Son iki gün... Bir il də ömür kitabımızın bir vərəqini, beləcə, çevirir, bir il də ötür həyatımızdan, deyirik. Bəli, ötür, ötəcəkdir də, zaman adlı köhlən atı kim saxlaya bilər ki? O çapır, gün keçir ay olur, aylarsa, illəri əvəzləyir. Fəsillər dəyişir... Bahar yay, payızsa, qış olur. Necə də bənzəyir insan ömrünə: bahar gənclik, yay orta yaş, payız qocalıq, qış da ahıllıq. Ötür zaman, insan elə ki bahardan yaya boylandı, oradan da payıza bir nəzər saldı, payızın füsunkar yarpaq tökümünü izlədi, deməli, bir yaş da gəlir yaş üstünə, bir il də yollanır öz arxivinə. Çünki yarpaq tökümü təbiətin yaşlanması, ahıl çağının çatması, bəyaz saçlarına sığal çəkərək bir ili də başa vurdum deməsidir. Sən də keçdin fəsilləri birər-birər. Qışda gəlmişdin, qışda da yolçu olursan... Bütün dünyanın yadında qalan, tarixinə yazılan, hər kəsin həyat dəftərinə bir sətir yazan 2020...

Yalnızca ikilərdən və sıfırlardan ibarət il – 2020... Sən gəlməmişdən ekstrasenslər, görücülər fərqli bir il olacağını proqnozlaşdırmışdılar. İkilərində, sıfırlarında olan nələri isə görmüşdülər, söyləmişdilər də. İnanmamışdıq... Söylədikləri kimi də oldu. Qədəmlərin ömrümüzün yeni bir 365-nə təzəcə toxunmuşdu ki, bütün dünyada “müharibə” başlandı. Bəşəriyyəti təlatümə gətirən bu müharibənin zamanın digər savaşlarından fərqi rəqiblərdən birinin gözə görünməməsi idi. İnsan övladı öz düşməni ilə üz-üzə, yan-yana idimi, bu düşmən indicə, yoxsa bir az sonra “qılıncını” rəqibinin üzərinə endirəcəkdimi, bilinmirdi. Əvvəl epidemiya, sonra təsir gücünü artıraraq pandemiyaya çevrilən bu “qəhrəmanın” müharibə meydanı insan həyatı oldu. İnsan övladı onu qarşıda nələrin gözlədiyini bilmədən həyatına davam edir, lakin sabahın bu gündən fərqli olacağının əsla fərqində deyildi. Lakin onun qarşısında aylarınla nə sabahlar açacaqdın, 2020... Açdın da... İnsan üçün ən gərəkli olanla – sağlamlıqla onları imtahana çəkdin. Sən ikilərin arasına yalnız rəqəmlərin arasında, ardında var olan, təklikdə isə sonsuz sıfırları salmaqla onları bir-birindən ayırdığın kimi, o sıfırlar da, sanki acığa həyatı sıfırlamağa başladı... Gündən-günə, həftədən-həftəyə, aydan-aya... Milyonlarla insanın həyat tərzini, iş ahəngini dəyişdin. Uşaqları məktəblərdən, gəncləri universitetlərdən ayırdın. Sən ikiləri bir-birindən ayırdığın kimi, sıfırların – sonsuzların da insanları, doğmaları bir-birindən ayırdı, öz yoxluğuna sürüklədi. Milyonlarla insan doğmalarına “əlvida”, – dedi... Nənələr, babalar, atalar, analar, hələ neçə-neçə gənclər, uşaqlar da o sonsuzluğa doğru yolçu oldu. Yolları bağladın, dünya ölkələrini bir-birindən ayırdın, əlaqələri kəsdin. İnsanları evlərə məhkum etdin. Ayrı-ayrı ölkələrdə yaşayan milyonlarla doğmanı 365 günün həsrətlisinə çevirdin. Ailələri parçaladın, aylarla bir ailənin üzvlərinin yarısını qonaq getdikləri, səfərə çıxdıqları ölkələrdə saxladın. Anaları xaricdə təhsil alan balasına, qonşu ölkədə yaşayan övladına həsrət qoydun. Bağladın yolları, ölkələrarası iqtisadi əlaqələri kəsdin. Həyatı elektronlaşdırdın... Səndən bizə bir ömürlük xatirə qaldı: onlayn həyat – elektron təhsil, elektron görüşlər, elektron tədbirlər, elektron sifarişlər, elektron alış-verişlər... Qınamıram səni, səndə nə günah var ki, bu da sənin “alın yazın” imiş...

2020... Sənə əlvida deyərkən ölkəmdən danışmaq istəyirəm. Çünki sən dünya ölkələrindən fərqli olaraq Azərbaycana ikilərinlə iki müharibə bəxş etdin: Pandemiya və Qarabağ. Pandemiyaya qarşı ölkəmizdə çox böyük tədbirlər həyata keçirildi. Kiçik ölkəm neçə-neçə böyük ölkələrə örnək oldu. Biz dövlətimizin başçısının çağırışıyla birlik nümayiş etdirib uzun müddət yoluxmanın say artımının ölkəmizdə üçrəqəmli olmaması üçün mübarizə apardıq. Səninlə gələn pandemiya bütün ölkələr kimi, Azərbaycan iqtisadiyyatına da ziyansız ötüşmədi. Bu, təbiidir. İtkilərimiz də çox oldu. Doğma Naxçıvanımda “Covid-19” buradakı təmiz hava və qabaqlayıcı tədbirlər sayəsində pandemiyalaşa bilməsə də, hər addımda insanların qarşısına çıxıb onları öz ardınca apara bilməsə də, ölkəmizlə əlaqələrimiz kəsildi. Uzun müddət Naxçıvandan yeganə çıxış vasitəsi olan təyyarə reysləri dayandırıldı. Naxçıvan tam blokada şəraitində yaşadı. Bilirsən, hamının səni necə günahlandırmasını? Bir an öncə ilin başa çatmasını, sənin çıxıb getməyini, o günlərin geridə qalmasını istədiklərini bilirsənmi? Çünki ilboyu pandemiya üzündən sosial məsafələrinlə, qoruyucu maskalarınla, bütün şəxsi, ictimai tədbirləri dayandırmağınla, gəzintilərə, səfərlərə mane olmağınla, yas mərasimlərini məhdudlaşdırıb, toyları yoxa çıxarmağınla, ümumilikdə, insanları evlərinə məhkum etməyinlə bezdirmişdin hər kəsi. Yenə də səni qınamıram, bəli, bu da sənin “alın yazınmış”...
Əlvida deməyimizə cəmi 3 ay qalmış Azərbaycanda ikinci müharibəyə də başladıq səninlə. Erməni nankorluğuna və torpaqlarımızın 30 illik işğalına son qoymaq üçün müharibəyə başladıq. Sentyabrın 27-si ölkəmizin Prezidenti, Ali Baş Komandanımızın çağırışıyla Vətən – II Qarabağ müharibəsi başlandı. Ölkəmiz, eyni zamanda iki müharibə iştirakçısına çevrildi. Mahiyyətcə eyni, lakin bir-birindən tamamilə fərqli görüntülərdə olan düşmənlə mübarizə aparmalı olduq. Övladlarımız – igid oğullarımız cəbhəyə yollandılar: 30 illik torpaq nisgilinə son qoymaq üçün. Erməni adlı murdarları torpaqlarımızdan qovub, həsrətli yurdları anası Azərbaycanın qoynuna qovuşdurmaq üçün. Çox ağır günlər yaşadıq, eyni zamanda iki müharibə çox çətinliklər yaratdı bu xalq üçün. Pandemiya ilə yanaşı, güc ikinci cəbhəyə yönəldildi. “Düşmən məqam gözləyər”, – deyərlər. Bəli, pandemiya savaşının virus adlı düşməni bu məqamı tutdu, üstünlüyü ələ keçirdi.
365-in 44 günü Qarabağda şiddətli döyüşlər getdi. Pandemiya savaşında itirdiklərimizdən xeyli sayda çox vətəndaşlarımızı, həm də, əsasən, gənclərdən ibarət olan vətəndaşlarımızı II Qarabağ müharibəsində itirdik. Bu müharibə də ölkəmizə külli miqdarda ziyan vurdu. Yüzlərlə evlər, obyektlər dağıdıldı, sıradan çıxdı. Sən Azərbaycanın şəhid ili, minlərlə qazi ili oldun. Sən bütün dünya ölkələrindən fərqli olaraq Azərbaycana iki müharibə yaşadan il oldun. Lakin Qarabağda gedən döyüşlər sənin çox xeyrinə oldu, bilirsənmi? Çünki dünya Azərbaycan Ordusunun şücaətindən bəhs edərkən pandemiya ilə ağırlaşan yükün, sanki bir qədər yüngülləşirdi. Mövzusu da, həyat tərzi də pandemiya olan 365 günündə tək Qarabağ yeni bir mövzu, yeni bir rəng idi dünya üçün. Qarabağdakı savaşda, igidlərimizin şücaətində qələbəyə doğru gözləntilər var idi. Oldu da. Suqovuşandan ta Laçınadək qələbələr bütün dünyada sənə – 2020-yə edilən uğursuzluq bəddualarını yumşaltmaqda idi. 10 noyabrda – Qələbə günümüzdə isə sən Azərbaycanın Qələbə ili oldun. 2020, sənin dünyada xilasının məhz bu Qələbə olduğunun fərqindəmisən? Qarabağın da, sənin də qara bəxtinizi Azərbaycan oğulları ağ etdi. Bu savaşda maraqlı tərəflər çox idi. Elə buna görə də bütün dünya səni Qarabağ zəfəri ilə xatırlayacaq. Çünki bu Zəfər dünyaya səs saldı. Pandemiyalı dünyamızın xəstə təfəkkürlü insanlarına “sağalma” yollarını göstərdi. Pandemiyalı ruhların diqqətini Azərbaycana yönləndirdi. Bütün dünya səni – 2020-ni həm hərb meydanında, həm söz savaşında səsi dünyaya yayılan Azərbaycan Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin qətiyyəti, iradəsi, əzmi ilə ata vəsiyyətinin yerinə yetirilməsi ilə xatırlayacaq. Bütün dünyadan axışıb gələn jurnalistlərin bəzən planlı şəkildə hazırlanmış suallarına informasiya savaşında da qalib Prezidentimizin tarixin səhifələrinə yazılan cavabları ilə xatırlayacaq. Bəzi ermənipərəst dünya dövlətlərinin Azərbaycan Prezidenti tərəfindən yerində oturdulması ili kimi xatırlayacaq. Azərbaycan xalqının iradəsi, birliyi, həmrəyliyi, milli ordumuzun gücü, qəhrəman oğullarımız, şəhidlərimizlə xatırlayacaq...
Artıq əlvida deməyin zamanı çatıb, get, getməlisən, 2020. Sənə əlvida deyərkən zaman-zaman minnətdar olacağın bir məsələni diqqətinə çatdırmağı özümə borc bildim: Qarabağ sənin bəraətin oldu, 2020. Yoxsa tarixə pandemiya ili kimi düşüb hər zaman lənətlənəcəkdin. Ümumilikdə, Azərbaycan sənin xilasın oldu...

Mətanət MƏMMƏDOVA

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR