21 Dekabr 2024, Şənbə

Bu yazını yazmaq üçün xeyli düşündüm. Amma yazmalıydım, hökmən yazmalıydım. Həyatının 60-nın 25-ni blokadalı Naxçıvana həsr edən, gözlərimizlə gördüyümüz, yaşadığımız dözülməz əziyyətli illərin önündə gedən, o qara günlərin bütün ağırlıqlarını çiyninə götürən, bu yolda sağlamlığından keçən, muxtar respublikanın dörd bir tərəfindəki qurulanların, yaradılanların hər biri üçün dəfələrlə o ərazilərə gedən, saatlarla ayaq üstündə qalan və nəhayət, bugünkü Naxçıvanı naxçıvanlılara bəxş edən Cənab Vasif Talıbovun ömür yolunun 60-cı dayanacağına çatdığı gün hökmən yazmalıydın. Bunu bir naxçıvanlı kimi özümə mənəvi borc bildim. Əvvəl bu, mənə çox çətin gəldi. Nə üçün? Fikirləşdim ki, bu yazını necə qura bilərəm ki, Cənab Sədrimizə layiq olsun. Son qərarım belə oldu ki, rəsmiyyəti tamamilə bir kənara qoyub yazımın fədakar qəhrəmanının muxtar respublikamıza 25 illik rəhbərliyi dövrünü onun 25 insani xüsusiyyətləri ilə səciyyələndirməklə səmimi bir yazı ortalığa çıxara bilərəm. Beləliklə bütün naxçıvanlıların sonsuz sevgisini qazanan Cənab Sədrimizi xarakterindəki 25 qiymətli məziyyətlə yazımı başlayıram…

Ardını oxu...

2019-cu ilin muxtar respublikamızda “Ailə təsərrüfatları ili” elan olunması əkinçilik mədəniyyəti tarixi uzaq keçmişə söykənən bu qədim diyarımızın dünəni ilə bu günü arasında düşündürücü bir məqam yaradır. Bəli, Naxçıvana Ulu Yaradanın bəxş etdiyi bərəkətli torpaqlar, bol günəşli, oksigenli hava, saf sular, büllur bulaqlar, bir də ki zəhmətlə dost insanların sayəsində hələ lap qədimlərdən burada əkinçilik mədəniyyəti formalaşmışdır. İndi muzeylərimizdə saxlanan qədim əkinçilik alətləri – kotan, xış, cüt, vəl, car-car bir zamanların zəhmətinin “ixtiralarıdır”. Bunlar bir yazımda da qeyd etdiyim kimi, torpağın əlifbasını sıralayan, bu əlifbadan torpağın “dilini” öyrənən və onu əlləri ilə ələyib sinəsində möcüzələr yaradan insanların birgə əməyindən, torpağa daha yaxın təmasından yaranmışdır. Bu birlik, kollektivçilik zaman-zaman əmək nəğmələrini də yaradıb folklorumuzun bir parçasına çevirmişdir.

Ardını oxu...

Duzdağ Fizioterapiya Mərkəzi dünyada unikal və analoqu olmayan sağlamlıq müəssisəsidir. Yola salmaqda olduğumuz ilin ən əlamətdar hadisələrindən biri də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun “Duzdağ Fizioterapiya Mərkəzinin 40 illik yubileyinin keçirilməsi haqqında” 2019-cu il 16 may tarixli Sərəncamı ilə bu səhiyyə müəssisəsinin yubileyinin dövlət səviyyəsində qeyd edilməsi oldu. Naxçıvanımızın təbii sərvətinə, eləcə də bu sərvəti keçmişimizdən bu günümüzə daşıyan tariximizə dəyər verilən həmin Sərəncamda deyilir: “Tarixən Naxçıvan Duzdağının və duzunun əhəmiyyəti alimlərin elmi-tədqiqat obyektinə çevrilmiş, geniş arxeoloji tədqiqatlar aparılmış, duzdan səmərəli istifadənin yolları müəyyənləşdirilmişdir. Naxçıvan duzundan məişətdə, sənayedə, təbiətdə və tibbdə geniş istifadə olunur... Təbii şəfa ocağı olan Duzdağ Fizioterapiya Mərkəzi səhiyyə turizmi üçün də perspektivlidir. Müalicə üçün mərkəzə hər il ölkəmizdən və xaricdən 4000-ə yaxın müraciət olur”. 

Ötən 40 ildə mərkəz uğurla fəaliyyət göstərmiş, burada nümunəvi kollektiv formalaşmışdır. Duzdağ Fizioterapiya Mərkəzi yarandığı vaxtdan bu günədək – 40 il bu müalicə müəssisəsinin fəaliyyətinin şahidi olan və səmərəli işinə görə mərkəzin 40 illik yubiley ilində “Naxçıvan Muxtar Respublikasının Əməkdar həkimi” fəxri adına layiq görülən Nizami Şahtaxtinski ilə görüşüb həmsöhbət olduq.

Ardını oxu...

Beşminillik tarixin ərməğanı, qədim mədəniyyət ocağı, füsunkar təbiət mənzərələri ilə əsrarəngiz cənnətməkan, Azərbaycanın döyünən ürəyi Naxçıvan. Uca dağları, qocaman qayaları ilə yaşıd folkloru, milli dəyərləri, zəngin mətbəxi ilə bu təbiətin əkizi özü haqqında özü söhbət açır.

Ardını oxu...

Hüseyn İbrahimov... Ərtoğrol Cavid... Bu il Naxçıvan ədəbi-mədəni mühitinin bu iki yetirməsinin 100 illik yubileylərinin keçirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin və Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin sərəncamları böyük şəxsiyyətlərin həyat və yaradıcılığına bəslənən hörmətin, verilən dəyərin, mədəniyyət və ədəbiyyatımıza qayğının növbəti göstəricisi kimi yaddaşlara həkk olundu. Ard-arda verilən sərəncamlar həm də bu iki böyük sənətkarı “Böhtan” əsərində birləşdirən anları xatırlatmışdı mənə. Gözəl romanlar müəllifi, Xalq yazıçısı Hüseyn İbrahimovun Hüseyn Cavidə atılan böhtandan bəhs edən “Böhtan” əsərindəki anları. Düşünmüşdüm ki, hələ illər öncə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun böyük köməkliyi ilə işıq üzü görən romanı yenidən vərəqləyib 100 ilin işığında Hüseyn İbrahimovun Cavid ömrünün qaranlıqlaşdırılmış səhifələrinə gətirdiyi aydınlıqdan söhbət açmaq yerinə düşər. Vərəqlədim də...

Məhbus... Bu sözü eşidən an ilk olaraq nəzərlərdə yalnız hansısa bir cinayət – oğurluq, quldurluq, qətliam törədib dəmir barmaqlıqlar arasına məhkum olunanlar – məhbus adını daşıyanlar canlanır. Lakin bu, xalqımızın acı taleyi idi ki, onun ictimai-siyasi, ədəbi-mədəni həyatının ən fəal üzvləri, ölkəmizin aparıcı qüvvələri məhbus olmuşdular: Böhtanın məhbusu. Özlərini, vəzifələrini hər şeydən üstün tutanların, sovet imperiyasının əsarət buxovu zəncirlərinin qoruqçularının, ona kiçik bir xələl gəlməsini xalqından, millətindən çox sevənlərin böhtanı ilə yüzlərlə dəyərli insanlarımızı itirdik repressiya illərində. Xalqının tarixinə, milli adət-ənənələrinə, dilinə, dininə sadiq, istəkləri, sadəcə millətini azad, xoşbəxt görmək olan insanları... Böhtanın, şərin həyatını nisgilə çevirdiyi, bu gün də haqqında oxuyarkən qəlbimiz yanan, içimizə ruhundan əzmkarlıq, fədakarlıq hopan qurbanlardan biri də Azərbaycan poeziyasının romantik, dahi filosof şairi Hüseyn Cavid idi.

Ardını oxu...

Ömrün 365-lərini  60 dəfə  yaşayan, bu 60-ların içərisinə neçə-neçə  baharlardan təravət, yaylardan hərarət, payızlardan çiskin, qışlardansa bəyazlıq qataraq onu duyğulu, həssas jurnalist ömrünə çevirən Muxtar Məmmədovdan  sizə danışmaq istəyirəm. Müəllimdir Muxtar müəllim‑Azərbaycan dili və ədəbiyyat müəllimi. Uzun illər müəllim işləyib. Lakin  istər müəllim, istər həkim, istər mühəndis  ol, o qəlbə ki, ədəbiyyat hakim kəsilir,  ürək səni vadar edir ələ qələm almağa... Muxtar müəllim kimi. 18 il öncədən də  imzaları ilə tanınan  bu ədəbiyyat vurğunu  düz 18 ildir ki,  muxtar respublikanın  aparıcı mətbu orqanı olan “Şərq qapısı” qəzetində çalışır, yazır-yaradır. Oçerk, məqalə, müsahibə, reportaj, esseləri ilə  lap çoxdan oxucularının qəlbində sözdən bir yuva qurub, bu yuvaya onların   sevgisini, məmnuniyyətini sığdırmaqdadır.

Muxtar müəllimi uzaqdan tanıyırdım, lakin iki ildir ki, lap yaxından tanıyıram-“Şərq qapısı” qəzetində çalışmağa başlayandan. Hər gün səhər işə gələndə onun otağının qarşısından keçərkən ayaq saxlayıb salamlaşmağı özümə borc bilmişəm. Axı o qapının ağzından biganə ötmək olmazdı. Çünki o otaqda mətbuatımızın qocamanı, qəzetimizin  ağsaqqalı əyləşirdi. Bu iki ildə o qapının önündən keçərkən hər dəfə  Muxtar müəllimin mütaliə etdiyini, qəzet oxuduğunu görmüşəm. Öz qəzetimizlə yanaşı, ölkə qəzetlərini. Sonralar  bildim ki, Muxtar müəllim hər dəfə işə gələndə  köşklərdən özü üçün qəzet alır. İndiki dövrdə çox maraqlıdır, deyilmi? Daha doğrusu, müasir dövrümüzdə belə insanlara çox az-az rast gələrik, desəm, daha doğru olar. Günlərin birində isə Muxtar müəllimin otağında olarkən masasının üstündəki qəzetlərdə yazıların bəzi cümlələrinin altından xətt çəkildiyini də gördüm. Deməli, Muxtar müəllim onu düşündürən, özü üçün maraqlı olanları işarəliyir. Bir neçə dəfə ondan aldığım kitablarda da bu işarələri görmüşəm. Bax, söylədiyim bu kiçik nüans elə bilirəm Muxtar müəllimin necə bir ziyalı olduğundan söhbət açır.

Ardını oxu...

Bir ömrü iki payızın arasına sığdırmışdı Uca Tanrım. O ömür ki payızda başlamışdı, payızda da bitdi. Bu payız günlərinin birində müsahib olduğum payızın özü ilə “Yolayrıcında söhbət”imizdə xatırladıq həmin ömrü yenidən. Məmməd Araz yurdu Nursu kəndini üç hissəyə – aşağı, orta və yuxarı məhəllələrə bölən yolayrıcında. Yaşıl yosunu bozarmış dağların, xəzan yelinin taqətini ağaclardan üzdüyü yarpaqları, düzlərin otunu – avarını sovurub bir küncünə topladığı dərələrin soluxmuş rənglərinin müşayiətilə üz tuturam orta məhəlləyə – Məmməd Arazın doğulduğu, uşaqlıq çağları keçən məhəlləyə. Küləyin göz baxdıqca uzanan dərələrin sonsuz dərinliklərində vıyıldayıb yalçın qayalara çırpılaraq ətrafda əks-səda verən səsində həzin bir ayrılıq nəğməsi duyulur. Bu, ömrünün tamamına sayılı günlər qalan payızın özünə bəstələdiyi ayrılıq nəğməsidirmi, yoxsa illər öncə “Yazda ölüm asan olur, Allah, yaza saxla məni”, – deyən Məmməd Arazı yaza qısqanan payızın onu öz ağuşunda yeni bir dünyanın sakininə çevirərkən bu sarsıdıcı ayrılığa həsr etdiyi nəğmədirmi? Yox, bu nəğmə iki payızın arasındakı bir yazın gülünə-çiçəyinə, axarına-baxarına, rənglərinə heyranlıq, çağlamasına, coşmasına qısqanclıq nəğməsidir. İki payızın arasındakı yaza, bahara – Məmməd Araz ömrünə, yaradıcılığına qibtədən yaranan ayrılıq nəğməsidir…

Yolboyu dinlədiyim bu nəğmə zirvəsi buludlarla qonşu olan dağların sinəsinə yayıldıqca şairin “Zirvəsində qanad açdım, ətəyində süfrə açdım, qoyub gəldim gözüyaşlı, dağlar çətin qala mənsiz” misraları da qarışır bu nəğməyə. Yolboyu mənə yoldaşlıq edən bu vüqarlı dağlardan ilham alıb cavab verirəm şairə: – Bu dağlar sənsiz qalmazdı, təsəllisi sən olmasaydın, ey dağlar şairi, dağ vüqarlı şair. Dağı poetikləşdirdikcə, lirikanın, şeiriy­yətin baş qəhrəmanına çevirdikcə dağlar səni duydu, əyilmədi, ərimədi, əzəmətdən düşmədi. Dağ ulu baba, dağ ata oldu şeirlərində. Dağ kiçilib övlad oldu, yenidən böyüdü şeirlərində. Bax, beləcə, sənsiz qala bildi.

Ardını oxu...

Özünəməxsusluğu, zənginliyi ilə həmişə fərqlənən Naxçıvan mətbəxinin dadlı, faydalı təamlarından biri də həmərsindir. Həmərsinin bu mətbəxə məxsus dillər əzbəri olan çayından, həm çiçəyindən, həm də meyvəsindən hazırlanan mürəbbəsindən, kompo­tundan başqa, bir də məti vardır ki, doyumsuz dada, ləzzətə malikdir. Yazda çiçək açdığı vaxt dağların, yamacların açıq və tünd-çəhrayı, payızda meyvəsi yetişən vaxt qırmızı kəlağayılı gözəli bu xoş görüntüləri ilə insanın gözünü, ruhunu necə oxşayırsa, saf, vitamin qaynağı çiçək və meyvəsindən hazırlanan təamlar da orqanizm üçün bir o qədər faydalı hesab olunur.

Ardını oxu...

(Esse)

 

Payızın solğun, yağışlı-çiskinli günlərindən biridir. Bir ay, ay yarım öncə bütün varlıqlardan əvvəl oyanıb sübhün mürgüdöyən gözlərini ­qamaşdıran Günəş indi ta doğmağa tələsmir. Göy üzünün mavisini azaldan ağ buludlar, sanki Günəşin başına yastıq, üstünə yorğan olub “Yat, yazdan bəri təbiətin yuxusunu ərşə qaldırıb sübhün oyanışı, uzun-uzadı günlərin həmdəmi olmusan. Yorğunsan, göylər maviyə, yerlər yaşıla dinclik verdiyi kimi, qoy dan yeri də sənə dinclik versin”, – deyir. Və beləliklə də, hər səhər dan yeri ilə xeyli mücadilədən sonra onu yararaq doğan Günəş 6-8 saatlıq manevrindən dərhal sonra günbatana – mənzilinə çəkilir. Buna görə də günlər qısa, solğun və bir az da soyuqdur. İndi artıq günün rəngi Günəş deyil, payızın rəngləridir.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin gənc kollektivi bu fikirdədir 

Səhiyyə sisteminin inkişafı, vətəndaşlara keyfiyyətli tibbi xidmətin göstərilməsi dövlətin həyata keçirdiyi sosial siyasətin təməl prinsiplərindəndir. Bu sahəyə əhəmiyyətli sərmayə qoyuluşu, səhiyyədə texnoloji innovasiyaların və müasir müayinə-müalicə üsullarının tətbiqi ölkəmizdə yüksəkkeyfiyyətli tibbi xidmətlərin göstərilməsinə imkan yaradıb. Əhalinin artmaqda olan tibbi xidmət ehtiyaclarını qarşılamaq və səhiyyənin uzunmüddətli inkişafına nail olmaq məqsədilə bu sahədə dayanıqlı maliyyə mənbələrinin formalaşdırılması və mövcud resursların daha səmərəli istifadəsi tələb olunur. Bütün bunların nəticəsi olaraq ölkədə bir neçə ildir, tətbiqinə başlanılan icbari tibbi sığorta, təbii ki, əhalinin sağlamlığına hesablanmış tədbirlər insan amilinə verilən dəyərdir.

Ardını oxu...

Bu ünvan muxtariyyətimizlə eyni – 95 yaşda olan, lakin qədim Naxçıvanımızın neçə-neçə minilliklərinin sığdığı Naxçıvan Dövlət Tarix Muzeyidir. Bu ünvanın həyətindəki daş fiqurlardan tutmuş muzeyin qapısından içəriyə girdiyim andan qarşılaşdığım bütün guşələr, eksponatlar, tablolar, rəsmlər məni minilliklər öncəyə uzun bir səyahətə – beşminillik yaşı olan qədim Naxçıvanımızın bu günündən dünəninə aparır. Bu virtual aləm illərlə kitablardan oxuduğum qədim və möhtəşəm tarixin bütün dövrlərinin insanına çevirir məni.

Ardını oxu...

Payızın füsunkarlığı kimi bağ-bağçalarda, park-xiyabanlarda gəzməyə səsləmir ki? Yaşıldan neçə-neçə çalarlar yaratdığını görməyə çağırmır ki? Bu çağırışla sübh çağı – dan yerinin Günəşin növbəti doğuşunun ilkin şəfəqlərinin sehrində əridiyi vaxt Nursu kəndindəki böyük bağçamızda payızın rəssamlıq məharətinin seyrinə çıxıram. Sapsarı ağac, qəhvəyi ağac, qırmızı ağac və onların yarpaqlarının yaşıl çəməndə əsrarəngizliyinə tamaşa edib baharın sonunu gətirən payız haqqında daldığım düşüncələrdən məni ətrafdan, sanki yaxınlıqda hara isə bir maşın çınqıl boşaldırlarmış kimi gələn səs ayırır. Sübhün sükutunu pozan bu səs bitir, yenidən bir də eşidilir. Sanki bir musiqi parçasıtək zildən bəmə enir, kəsilir, bir qədər sonra yenidən təkrarlanır. Qulaq verirəm, anlayıram ki, bu səs çınqıl səsi deyil, bu qədər çınqıl hələ bir neçə il bundan əvvəl başdan-başa abadlaşdırılmış kənddə nəyə lazımdır ki? – deyə düşünürəm. Diqqət kəsilirəm, birdən xatırlayıram ki, axı indi cəviz çırpmaq vaxtıdır. Bu səs Naxçıvanımızın hər bir kəndində insanlara dədə-baba ərməğanı, zəhmətkeş ömürlərin yadigarı olan cəviz ağaclarının bar anının nəğməsidir. Bir qədər sonra saatlarla ətraf tamamilə bu nəğməyə bürünür. Sanki hamı sözləşibmiş kimi cəviz çırpır, ağaclardan yağış kimi tökülən zəhmət bəhrələri aşağı yuvarlandıqca çəməndə bir, daşda bir, dərədə başqa bir səs çıxarmaqla notlaşır, “zəhmətin nəğməsi” adlı bir musiqi əsəri yaradır. Könüloxşayan, dinlədikcə bitməməsi arzulanan heyrətamiz bir nəğmə.

Ardını oxu...

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR