22 Dekabr 2024, Bazar

Payızın füsunkarlığı kimi bağ-bağçalarda, park-xiyabanlarda gəzməyə səsləmir ki? Yaşıldan neçə-neçə çalarlar yaratdığını görməyə çağırmır ki? Bu çağırışla sübh çağı – dan yerinin Günəşin növbəti doğuşunun ilkin şəfəqlərinin sehrində əridiyi vaxt Nursu kəndindəki böyük bağçamızda payızın rəssamlıq məharətinin seyrinə çıxıram. Sapsarı ağac, qəhvəyi ağac, qırmızı ağac və onların yarpaqlarının yaşıl çəməndə əsrarəngizliyinə tamaşa edib baharın sonunu gətirən payız haqqında daldığım düşüncələrdən məni ətrafdan, sanki yaxınlıqda hara isə bir maşın çınqıl boşaldırlarmış kimi gələn səs ayırır. Sübhün sükutunu pozan bu səs bitir, yenidən bir də eşidilir. Sanki bir musiqi parçasıtək zildən bəmə enir, kəsilir, bir qədər sonra yenidən təkrarlanır. Qulaq verirəm, anlayıram ki, bu səs çınqıl səsi deyil, bu qədər çınqıl hələ bir neçə il bundan əvvəl başdan-başa abadlaşdırılmış kənddə nəyə lazımdır ki? – deyə düşünürəm. Diqqət kəsilirəm, birdən xatırlayıram ki, axı indi cəviz çırpmaq vaxtıdır. Bu səs Naxçıvanımızın hər bir kəndində insanlara dədə-baba ərməğanı, zəhmətkeş ömürlərin yadigarı olan cəviz ağaclarının bar anının nəğməsidir. Bir qədər sonra saatlarla ətraf tamamilə bu nəğməyə bürünür. Sanki hamı sözləşibmiş kimi cəviz çırpır, ağaclardan yağış kimi tökülən zəhmət bəhrələri aşağı yuvarlandıqca çəməndə bir, daşda bir, dərədə başqa bir səs çıxarmaqla notlaşır, “zəhmətin nəğməsi” adlı bir musiqi əsəri yaradır. Könüloxşayan, dinlədikcə bitməməsi arzulanan heyrətamiz bir nəğmə.

Zəhmətin nəğməsi... Bəli, bu adda bir nəğmə varmış. Baxıram ki, bu nəğmənin “bəstəkarı” tək az öncə dinlədiyim cəviz ağacları deyil. Budaqdan üzülmə vaxtı çatan sapsarı heyvaların, alyanaqlı almaların, armudların üzüaşağı çəmənə – payız rəngli yarpaqların üzərinə düşən anında da səslənir bu nəğmə.
Bu nəğmə məni xəyalən payızdan çox-çox əvvələ – ilk bahara yolçuluğa çıxarır. Düşünürəm ki, bu nəğmə ilk notunu göylərin gurlaması, şimşəyin çaxması ilə insanları zəhmətə səsləməsindən almışdır. Yeni zəhmət ilinə “fərman verən” bu göy gurlamaları ilə yazın ilk günlərindən əlinə bel, dırmıq alıb əkin yerləri hazırlayan insanların addımlarında duyulur zəhmətin nəğməsini yaradan notlar, akkordlar. Bağrına sancılan, altındakı xəzinəsini üzə çıxarmaqla zəhmətin nəticəsini gözlər önündə sərgiləyən belin torpağa təmas edən səsindədir bu nəğmə. Traktorların torpağın sinəsində açdığı şırımlarda, toxumsəpən maşınların səpinində, zəmilərin xəfif küləkdən dəniztək dalğalanmasında, bostanlardan, əkin yerlərindən, təsərrüfatlardan sübhdən günbatanadək gələn “əmək sədalarında”, kərəntinin, dəyirmanın səsindədir bu nəğmə.

Ata-babalarımızın torpağı ən yaxşı gəlir mənbəyi bilib övladlarına da bunu təlqin etdiyi bineyi-qədimdən yaranıb zəhmət. Ağac əkmək, bağ salmaq, torpağın bir qarışını belə, boş qoymamaq bir baba nəsihəti, ata öyüdü olub bu yerin insanlarına. Torpağın böyük bir xəzinə olduğunu əlləri zəhmətdən naxışlar-qırışlar alan babalarımız təsdiqləyib. Ona baş əyəni torpaq başıuca edib, tər verənə zər, bağrını yarana bar-bərəkət verib. Torpaqda izi olanın cəmiyyətdə, camaat arasında nüfuzu da olub. Əkin-biçin insanların daim ehtiyacını ödəyib, ömürlərdən ötən neçə-neçə müharibə dövrlərinin yeganə ruzi qaynağı olmaqla çətinliklərin aşılmasına yardım edib. İnsanların alın açıqlığı, bəzən isə gözlərinin tək dikəcəyi olub.
Budur, bayaqdan bəri ağaclardan bir toxunuşla şaqqıltı ilə çınqıl kimi yerə səpələnən bu cəviz ən çətin zamanlarda insanların dadına yetişib. Dar günün “yoldaşı”, zirzəmilərin bir küncündə bir ailənin ümidi olan kisələrlə cəviz bazarlarda buğdaya, una, kartofa dəyişdirilib bir ailənin qış ruzisinə çevrilib. Beləliklə, ata-babalar öz yadigarları olan cəviz ağacları ilə həm də övladlarına ağac əkməyi faydalı, xeyirxah iş kimi aşılayıb, ağac əkmək ənənəsinin yaradıcıları olublar. Həyət-bacalarına daim ağac əkən yaxşı ataların yaxşı övladları isə bu ata-baba ənənəsini qoruyub saxlamaqla yanaşı, həm də hər ağacı tək özlərinin yox, bir neçə ailənin – ata-ana, baba-nənə qapısına pənah gətirənlərin də ruzi mənbəyinə çeviriblər. Naxçıvanda zaman-zaman belə bir ənənə də formalaşıb ki, ata evində hər övladın adına bir ağac əkilir, o ağacın barını isə bax, payızın bu vədələrində ya özü gələr yığar, ya da toplanıb ona göndərilər.
30 il əvvəl blokadanın ilk illərinin amansız acıları ilə üz-üzə qalıb öz əlləri ilə dədə-baba yadigarları olan ağacları kəsib sobalara qoyaraq blokada qədər sərt qışların soyuqları ilə mübarizə aparan insanlar nəinki həyətlərinə, illərdir, iməciliklər yolu ilə yaşadıqları şəhər, qəsəbə, kənd­lərə əkdikləri yüzlərlə, minlərlə ağacla hələ yoldan ötənlərin də nübar bar dadmalarına, əl uzadıb istədikləri meyvələrdən dərmələrinə səbəb olublar. İndi diyarımızın hektarlarla meyvə bağlarında, yol kənarlarında yolçunu yoldan edən bar ağaclarının gözəlliyində səslənir zəhmətin nəğməsi.
Bəli, müxtəlif dövrlərdə insanların dadına yetişən, harayına çatan torpaq və onun köksünə tikilmiş ağaclar zamanla insanların gəlir mənbəyinə, əsas iş yerlərinə də çevrildi. Zəhmətə verilən qiymət, əmək adamlarına yaradılan şərait, edilən güzəştlər, verilən kreditlər indi yüzlərlə torpaq mülkiyyətçisi, sahibkar yetişdirib. Torpağa səpilmiş toxumlardan hasilə gələn tonlarla məhsulun, bağçalarımızın cəviz, badam, fındıq, innab, alma, heyva, armud, ərik, alça ağaclarının tonlarla meyvəsinin həm də qurudulmuş şəkildə bazarlara çıxarılması, əldə olunan gəlir zaman-zaman bu işin daha da genişləndirilməsinə və ailə təsərrüfatlarının yaranmasına səbəb olub.
Zəhmətin nəğməsinin məni xəyalən apardığı bahardan yaya, sonra yenə də payıza – günümüzə qayıdarkən bu nəğməni bir də notlarını hər fəsildə zəhməti ilə sıralayıb musiqi əsərinə çevirən insanların simasında dinləyirəm. Bu nəğmə ilə üzlər gülür. Çünki bu nəğmə həm də bazarlarımızın, kənd təsərrüfatı məhsullarının satışı yarmarkalarının, süfrələrimizin bolluq nəğməsidir. Müxtəlif kənd təsərrüfatı məhsulları festivallarında zənginliyi, çeşidi ilə qədim əkinçilik mədəniyyətimizi təsdiqləyən hünər, zəhmət ­nəğməsidir.

 Mətanət MƏMMƏDOVA

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR