Beşminillik tarixin ərməğanı, qədim mədəniyyət ocağı, füsunkar təbiət mənzərələri ilə əsrarəngiz cənnətməkan, Azərbaycanın döyünən ürəyi Naxçıvan. Uca dağları, qocaman qayaları ilə yaşıd folkloru, milli dəyərləri, zəngin mətbəxi ilə bu təbiətin əkizi özü haqqında özü söhbət açır.
Gəlin bu diyara... Gecələrinin ulduztək sayrışan işıqlarının büllur dənizə bənzər sularında Nuhun gəmisinə əyləşin, “Dünya tufanı”nı dinləyin bu diyardan, o, sizə minilliklərdən danışacaq. Nuhun gəmisi ilə yaşıd olduğundan, Gəmiqayanın sirrindən, İslam mədəniyyətinin beşiyini yürgələməsindən, Manna, Midiya, Atropatena, Əhəmənilərə, Ərəb xilafətinə, Xürrəmilər hərəkatına, Salarilər, Rəvvadilər, Səlcuqlara şahidliyindən, bu məmləkətin qəlb döyüntüsü Naxçıvan şəhərinin 40 ilədək Atabəylər dövlətinin paytaxtı olmasından danışacaq. XIII əsr monqol işğalından, Hülakülər, Elxanilər dövründən, XIV əsrin Qızıl Ordasının Toxtamışından, Əmir Teymurun Əlincəyə 14 illik qara sevdasından danışacaq. Naxçıvanda intişar tapmış hürufilik təriqətindən, bu təriqətin yaradıcısı Fəzlullah Nəiminin Əmir Teymurun oğlu Miranşah tərəfindən edamına şahidliyindən söz açacaq. Dinlədikcə onun söhbətlərini nənələrimizin soyuq qış gecələrində isti soba başında söylədikləri doyumsuz nağılların qəhrəmanlarını tapacaqsınız bu diyarda. Müharibələr, işğallar, mübarizələr, müdafiələr, qəhrəmanlıqlar əsr-əsr bu yurdun tarixini, bu gözəl coğrafi mövqeyə həsədi, onu əldə etmək istəklərini qoyur ortaya. Səfəvilər dövlətinin Naxçıvanı fəth etdiyini, XVI-XVII əsrlərdə Səfəvi-Osmanlı müharibələri ucbatından əldən-ələ keçdiyini, dəfələrlə qarət olunaraq dağıdılmasını “xatırlayır” bu diyar. Naxçıvan xanlığı dövründən, bu xanlığın paytaxtı olmasından, Kəngərlilərdən bəhs edir, Türkmənçay, Qars, Moskva müqavilələrinə münasibətini bildirir. Erməni daşnaklarının başına gətirdikləri oyunları hər daşına, qayasına hopan faktlarla səsləndirir, Türk-Araz Respublikasının, Naxçıvanın muxtariyyətinin yaradılmasının səbəblərini açıqlayır bu gözəlliklər yurdu. Bu söhbətlərdə bəzən çarəsizliklər, bəzən haqsızlıqlar, bəzən də mübarizlik, əyilməzlik duyulur.
Danışır Naxçıvan, saatlarla olanlara-keçənlərə şahidliyindən danışır... Bədxah qonşusu Ermənistandan, onların torpaq iddialarının heç bitməyib, əsrlərlə davam etməsindən, şəhidlərindən, oğul həsrətli ata-analardan, ata həsrətli uşaqlardan söz açır. 70 il sovet imperiyasının buxovlarında əzilən diyar kimi danışır. Naxçıvanın ermənilər tərəfindən blokadaya salındığı 1990-cı illərdən danışır. Blokadanın ilk illərində insanların üzləşdiyi çətinliklərdən, məşəqqətlərdən, məxsus olduğu Azərbaycanının müstəqilliyi uğrunda buradakı mübarizələrindən, bu diyarın rolundan, mövqeyindən, ulu öndər Heydər Əliyevin Yaradanın bu torpağa bəxşişi, bu torpağın övladının millətinin, dövlətinin xilaskarı olduğundan danışır.
Gəzin qarış-qarış bu diyarı, dinləyin söhbətini... Muxtariyyətinin 95-ci, müstəqilliyinin 28-ci, blokadalı həyatının 29-cu və blokadalı-inkişaflı, tərəqqili dövrünün 24-cü ilini yaşayan bu diyarı dinləyin. Addımlayın səkilərlə, küçələrlə, bu qədim diyarın hər addımda şəhərində, rayonunda, kəndində təmənnasız baxa biləcəyiniz muzeyləri – Heydər Əliyev Muzeyi, Dövlət Bayrağı, Tarix, həmçinin Ədəbiyyat, Xatirə, Cəmşid Naxçıvanski muzeyləri, Cəlil Məmmədquluzadənin, Hüseyn Cavidin, Məmməd Arazın ev-muzeyləri, Bəhruz Kəngərli, “Xan Sarayı” Dövlət Tarix-Memarlıq, Xalça, Açıq Səma Altında muzeyləri, yurdumuzun bölgələrinin salnaməsi olan tarix-diyarşünaslıq muzeyləri ulu keçmişinin, ədəbiyyatının, mədəniyyətinin daşlaşmış səhifələrini vərəqləyir, özündən danışır. Azərbaycan dramaturgiyasının təməl daşı olduğunu söyləyir. Bu yurdu kəlmə-kəlmə, misra-misra anladır.
Nuh Peyğəmbərin məzarı, Xan sarayı, Naxçıvanqala, Əlincəqala, Möminə xatın, Gülüstan, Qarabağlar türbələri, Xanəgahı, Buzxanaları, qədim hamamları ilə tarixin özüdür Naxçıvan! Bütün bunların fonunda müasir universitetləri, kitabxanaları, kinoteatrları, yaşayış binaları, park, xiyabanları, müasir tikililəri ilə qədimliklə müasirliyin çiyin-çiyinə mənzərəsini seyr edəcəyiniz məkandır Naxçıvan! Bu diyar hər addımda tarixindən söhbət açır. Xan sarayına gəlin, Naxçıvan xanlarının bu möhtəşəm iqamətgahında xanlar sülalələri – Kəngərlilərlə, Naxçıvanskilərlə tanış olun. Bu heykəllər şəhərində Dədəmiz Qorqudun qopuzunu sinəsinə sıxıb söylədiyi nəsihətlərini, Koroğlunun Misri qılıncını siyirib igidlik, qəhrəmanlıq dərslərini, Babəkin azadlıqdan gözəl başqa heç bir şeyin olmaması barədə mübariz söhbətlərini dinləyin. İslam mədəniyyətinin beşiyi Naxçıvan qədim İmamzadə, məscid və pirlərdən söhbət açır. Ulu Yaradanın möcüzə əsəri olan “Əshabi-Kəhf”lə ümidlərin, pənahların, niyyətlərin, arzuların, gerçəklərin ünvanı olan Naxçıvan!
Qədim yallılar yurdudur Naxçıvan. Şərurunun el yallıları ilə xalqın etnoqrafiyasının güzgüsü, folklor qaynağı, festivallar diyarıdır Naxçıvan. Bu diyar ərlər, ərənlər oylağı olan Naxçıvanqaladan zaman-zaman söhbət açdıqca bu gün burada milli dəyərləri, adət-ənənələri, əkinçilik mədəniyyəti ilə bağlı keçirilən festivallar, cəngi üstündə köklənmiş gənclərimizin fləşmobları keçmişlə müasir dövr arasında möhtəşəm bir körpü salır. Bu körpü gəncləri əcdadlarımıza qonaq aparır. Gənclər onların söhbətlərini dinləyib, nəsihətlərinə qulaq asdıqca bu diyarın layiqli övladlarına çevrilirlər. Bütün dövrlərdə elm məbədi sayılan, hər il yüksək ballarla tələbə adını qazanan gəncləri ilə Azərbaycan təhsilinin qürurudur Naxçıvan! Universitetlərində, kolleclərində yetişdirdiyi sabahın qurucularının himayədarı, xarici ölkələrdən bu elm ocaqlarında təhsil almağa gələn gənclərə açıq qapıdır Naxçıvan! İdmanın geniş meydanı, şahmata – dünyanın zəka sahiblərinə qucaq açan, beynəlxalq çempionatlar mərkəzidir bu diyar. Gənclərin asudə vaxtlarını, istirahətlərini qoynundakı zəngin fondlu kitabxanaları, kinoteatr, kafe, park, Əyləncə adası, istirahət mərkəzləri ilə təşkil etməklə yenə də özündən söhbət açdıqca köksünə sığdırdığı “Qızlar bulağı”ndan – gənclərin əhd-peyman ocağından, isti yayın sərin guşəsi “Bazar gölü”ndən – var olanlardan, yaradılanlardan danışır. Gənclər ilə bərabər, yaşlı insanlara da qayğı bəsləyir bu diyar. Onlara güllərin-çiçəklərin, yaşıllıqların ağuşuna aldığı park və xiyabanlarda nəvə-nəticələri ilə gözəl istirahətli xoş saatlar yaşadır. Təqaüdçülər evinin qapılarını insanların üzünə açmaqla buranı yaşlıların görüşmək, söhbətləşmək, paylaşmaq ünvanına çevirib.
Dəniz səviyyəsindən yüz metrlərlə yüksəklərə sığınan, yaşılın bütün tonlarını dağına-çəməninə səpən, doyumsuz gül-çiçəyi, buz bulaqları, heyrətamiz havası ilə qonaqlarını salamlayan Batabatın, Göygölün anasıdır Naxçıvan! Dörd bir tərəfini, sanki igidlərinin qızını-gəlinini qoruyurmuş kimi saran uca dağlarının zirvəsi buludlarla öpüşən diyardır Naxçıvan. “Şişpapaqlı” bu dağların uca zirvəsindən daşların bağrını yara-yara süzülən, torpağın altından qaynayıb çağlayan 230-dək buz bulaqları, su mənbələri ilə süfrələrin yaraşığı, şəfa ocaqları, həm də təbii və mineral sular muzeyidir Naxçıvan. “Badamlı”sı, “Sirab”ı, “Vayxır”ı, “Darıdağ”ı, “Nəhəcir”i, “Gülüstan”ı ilə dünyanı gəzən bir bəxtəvərdir Naxçıvan! Dünyanın neçə-neçə ölkəsindən yuxarı tənəffüs yolları, ağciyər xəstəlikləri və allergiyalardan əziyyət çəkib Duzdağ Fizioterapiya Mərkəzinə – bu duz qalereyasına gələnlərə bir udum nəfəslə şəfadır Naxçıvan!
Dağlarının-dərələrinin yetirib-bitirdiyi saysız-hesabsız nemətlərin hər biri unudulmaz damaq dadıdır. Bağ-bağatlarının bu yerlərin bol oksigenli, təmiz havasından, saf suyundan ərsəyə gələn yüz çeşidli meyvəsi – alması, heyvası, göycəsi, cəvizi, badamının dad-tamı bir başqa, görünüşü bir başqadır. Torpaqdan boyverən min adda, min bir dadda, hər biri bir dərdin dərmanı olan bitkilərin – kəklikotunun, həmərsinin, yemişanın, baldırğanın, yarpızın, nanənin, qantəpərin, vətənidir Naxçıvan! Təbiət gözəli Ordubadla qürur duyan, Şahbuzunun hüsnünü oxşayan, alınmaz qalası Sədərəklə öyünən, Culfasını Arazın nəğməsi ilə böyüdən, Babəkinə xalqının igid övladının adını verən, Kəngərlisini – sonbeşiyini bağrına basan müqəddəs anadır Naxçıvan! Paytaxt şəhərinin qədim məhəllələri – Ağabəylilər, Atabəylər, Anbar, Cığıllı, Cığatay, Çaparxanlı, Dabbaqxana, Dizə, Əlixan, Xıncov, Xoylu, Kəngərli, Qala, Qaraağac, Qurdlar, Şahab, Sallaqxana, Sarvanların hər biri bu qədim şəhərin bir tarixi guşəsi, bir sənətkarlıq ocağı, özünəməxsus adət-ənənəsi olan bir bölgəsidir.
Bu yurdun zəhmətsevər, torpağına, elinə bağlı insanlarının həmdəmidir Naxçıvan. Köksündə əkinçiyə-biçinçiyə yer verən, taxıl zəmisi, ətirli təndir çörəyidir, göz baxdıqca uzanan, insanların bir qoyub min götürdüyü bərəkətli torpaqdır Naxçıvan! Dağlarının, düzlərinin min adlı, min bir dadlı nemətləri ilə hər bir sakininə ruzi payı ayıran ata ocağıdır Naxçıvan. Ulu Tanrının insanlar üçün ruzi mənbəyi yaratdığı arıların vurulduğu, aşiq olduğu məkandır Naxçıvan! Yaylaqlarında, obalarında bol yaşıl otlarıyla qoyun-quzusunun bol südünü yağa, pendirə, qatığa, şora çevirən kənd adamlarının ehtiyacıdır Naxçıvan! Təbiətinin rəngarəng gül-çiçəyi, bitkiləri ilə boyadılan əlçim-əlçim yunun hanalarda sıralanan ipliyi, xalçalara vurulan min bir ilmə, naxış, hər biri tarixin bir səhifəsi olan qədim xalçalarına həkk olunan milli ornament, butadır Naxçıvan! Qonaqpərvər, xoşxasiyyət insanların yurdudur bu diyar! Milli mətbəxinin məşhur ət qovurması, əriştəsi, qayğanağı, qaysavası, kətəsi, lavaşı, çaşırı, baldırğanı ilə damaq dadıdır Naxçıvan!
Bu diyar “Ana dili” abidəsidir, qoruyur ana dilinin saflığını. Tarixini, mədəniyyətini öz adında yaşadan “Gəlinqaya”, “Araz”, “Dərələyəz”, “İpək yolu”, “Reyhan”, “Büllur”, “Təbriz” yeni gənc ailələrin qurulduğu, qonaqlarını ağırladığı ünvanlarıdır bu diyarın. “Zümrüd”, “Dəyirmançı”, “Qədim dünya”, “Görüş yeri” dost-tanışlarını alnıaçıqlıqla qonaq etdiyi kafelər, “Cahan”, “Dan yeri”, “Naxçıvan”, “Reyhan”, “Çəmən” alış-veriş mərkəzləri və marketləri insanlara yüksək səviyyədə göstərilən xidmətlərin ünvanıdır.
Naxçıvan sakinləri kimi qonaqlarına, buraya üz tutan turistlərə yanlarında heç bir bələdçi olmadan özündən söhbət aça, danışa bilir. Təyyarədən enib, hava limanının möhtəşəm binasından bu diyara üz tutanları burada güllər qarşılayıb, qayıdarkən də güllər yola salır. O güllər illərdir, zəhmətin göz yaşları – alın təri ilə suvarılıb, gözoxşayan olub. Bu yolda yurdun əzəmət simvolu olan Haçadağının modeli ilə qonaqlarını salamlayır, “xoş gəlmisiniz”, – deyir Naxçıvan! Dağ qürur, müqəddəslik, tarix, yaddaş deməkdir. Bunlardan bəhs edən həmin model bu torpaq haqqında ilk təəssürat yaradır. Naxçıvan sakinlərinin məftunu olduğu kimi, qonaqlarının da xoş təəssüratlarının diyarıdır. İstirahət, gəzmək üçün hər il seçim edilən, hər kəsin heç də hər yerdə rast gəlmədiyi, 5000 il yaşlı, keçmişinə sadiq, bu günü heyran edən, qonağını yola salarkən “bir də mənə dön”, – deyən, danışan diyardır Naxçıvan! Bir sözlə, hər şeyi ilə, bütövlükdə, hüzurdur Naxçıvan!..
Mətanət MƏMMƏDOVA