2019-cu ilin muxtar respublikamızda “Ailə təsərrüfatları ili” elan olunması əkinçilik mədəniyyəti tarixi uzaq keçmişə söykənən bu qədim diyarımızın dünəni ilə bu günü arasında düşündürücü bir məqam yaradır. Bəli, Naxçıvana Ulu Yaradanın bəxş etdiyi bərəkətli torpaqlar, bol günəşli, oksigenli hava, saf sular, büllur bulaqlar, bir də ki zəhmətlə dost insanların sayəsində hələ lap qədimlərdən burada əkinçilik mədəniyyəti formalaşmışdır. İndi muzeylərimizdə saxlanan qədim əkinçilik alətləri – kotan, xış, cüt, vəl, car-car bir zamanların zəhmətinin “ixtiralarıdır”. Bunlar bir yazımda da qeyd etdiyim kimi, torpağın əlifbasını sıralayan, bu əlifbadan torpağın “dilini” öyrənən və onu əlləri ilə ələyib sinəsində möcüzələr yaradan insanların birgə əməyindən, torpağa daha yaxın təmasından yaranmışdır. Bu birlik, kollektivçilik zaman-zaman əmək nəğmələrini də yaradıb folklorumuzun bir parçasına çevirmişdir.
Özümüzü dərk edəndən hər kəsin Naxçıvan məhsullarından ağızdolusu danışdığının, getdiyimiz şəhərlərdə, qonağı olduğumuz evlərdə bu yerin yetirdiyi-bitirdiyi nemətlərə tamamilə fərqli münasibətin şahidi olmuşuq. Hələ “sovet dövrü” adlandırdığımız dönəmdə Rusiyanın ayrı-ayrı şəhərlərində təhsil alan, hərbi xidmətdə olanların söylədiklərinə əsasən buradan göndərilən sovqatlar dadına, ətrinə görə həmişə onların ətrafındakı başqa millətlərdən olan insanların heyrətinə səbəb olurmuş. Paytaxt Bakı bazarlarında Naxçıvanın məhsulları – balı, badamı, cəvizi, pendiri, şoru, kərəsi, əriyi, alça qurusu, dərman bitkiləri, meyvəsi həmişə əl-əl axtarılır. Naxçıvanımızın yetirib-bitirdiyi nə varsa, hamısı bir başqadır. Bəs bunun sirri nədədir?..
Torpaqdamı?..
Deyirlər, nəyə sevgi verərsən, bəhrəsi şirin olar. Bəlkə də, dağlarımızın, düzlərimizin, əkin sahələrimizin, həyətlərimizin nemətlərinin cazibədarlığının, dad-tamının, keyfiyyət və ətrinin sirri elə bundadır. Axı yurdumuzun zəhmət adamları ata-baba yadigarı olan torpaqlarımızı zaman-zaman yağı düşməndən göz bəbəyi tək qoruduqları kimi, böyük istək və sevgi ilə də əkib-becəriblər. Torpağın “istəyi” nədir ki? – “Əz məni, əzizləyim səni”. Ataya, anaya olan eyni məhəbbətlə torpağı sevən insanlar onu zaman-zaman ululaşdırıb, övladlarından biri sandıqları üçün doğmalaşdırıblar. Ona qayğı ilə yanaşıb, əzizləyə-əzizləyə əzib, əzizləniblər. Beləliklə də, torpaq sevgisi nəsildən-nəslə ötürülərək bu yerin insanlarını yazın gözü açılandan qar yerə düşənədək özünə bağlayıb. Sübh gözünü açmamış əkinə-biçinə, şuma, dərməyə, toplamağa səsləyib, Günəşin qürubda mürgü döydüyü vaxtadək iş yerlərinə çevrilib. Torpaq təri zərə çevirib ona sevdalı insanlara qaytaranda isə, təbii ki, bu sevginin məhsullarının da dad-tamı, gözəlliyi dillər əzbərinə çevriləcək.
Lakin gəlin görək, torpaq Günəşsiz, susuz, təkbaşına bu nemətləri yetirə bilərmi? Deməli, bu diyarın dillər əzbəri olan gözəl nemətlərinin sirri tək torpaqda deyil. Bəs nədədir?
Havadamı?..
Necə gözəl bir diyarda yaşadığımızı dərk etməyin özü bir mədəniyyətdir. Bunun fərqinə varmamaq ən azından günahdır. Taleyimizi Ulu Yaradan bir tərəfi dəniz səviyyəsindən yüzlərlə metr yüksəklik, bir tərəfi dağlar, qayalar, bir tərəfi aran – min hektarlarla uzanan düzlər olan gözəl bir coğrafi məkana yazıb. Şərurda yayda zəmilərdə buğda sünbüldən çırtlayıb töküləndə Şahbuzda Batabatın Zor bulağının buz kimi suyunda əlini bir dəqiqə saxlaya bilmirsən. Naxçıvanda, Babəkdə yazda ağaclar çiçəyini tökəndə Ordubadda, Sədərəkdə təbiət baharın gəlişini yenicə duymağa başlayır. Dünyanın bəzi yerlərində yağışdan, rütubətdən insanların ətrafını yalnız yosunların sardığı, bəzi yerlərində Günəşin yandırıb yaxıb hər yeri səhralıqlara çevirdiyi halda, Naxçıvanda, sanki Günəş saatla işləyib bu diyarı güneyli-quzeyli, aranlı-dağlı, istili-soyuqlu edir. Günəşin torpağa təması isə onun sinəsinə səpilən hər bir toxumun sabah elə Günəşə boylanması deməkdir. Bəs tək torpaqla Günəşin gücü çatarmı bu nemətləri yetirməyə. Yox, burada üçüncü bir sirr var. Nədədir bu sirr?
Sudamı?..
Bəli, bu sirrin biri də, həyatdır dediyimiz sudadır. Dünyanın əksər ölkələrində su qıtlığı insanları olmazın əziyyəti ilə üz-üzə qoyur. Gündəlik məişətdə istifadə etməyə su tapmayan, onu xüsusi qoşqu vasitələrilə uzaq məsafələrdən daşıyan milyonlarla insan var. Suyun azlığı, yaxud da, ümumiyyətlə, yoxluğu səbəbindən antisanitariya şəraitində yaşayanlar var. Kanalizasiya sularından əkin sahələrinin suvarılmasında istifadə edən ölkələr var. Bəs bizdə? Qışda sükuta qərq olub, yazda Günəşin azacıq hərarəti ilə dağların zirvəsində əriyən qar sularının da şaqqıltıyla axıb qarışdığı çayların, göllərin suyu ilə suvarılır əkin sahələrimiz, bağlarımız, bostanlarımız. Belə isə niyə gözəl, keyfiyyətli, dadlı, ətirli olmasın ki, nemətlərimiz?
Xoşbəxtik ki, ölkəmizin bu gözəl diyarında su sarıdan bir çox ölkələrin insanlarının yaşadığı çətinliklər yoxdur. Muxtar respublikamızdakı saf, təmiz sular isə dünyanın heç bir yerində yoxdur. Ulu Yaradanımız həm içməli, həm də suvarma suyunu böyük səxavətlə bəxş edib bizə. Elə ölkəmizin digər yerlərində içməli su marketlərdən alındığı halda, bu gözəl diyarın şəhər və rayonlarında istənilən evdə su kranını açmaqla min metrlərlə uzaq məsafədən çəkilib düz evlərimizədək gətirilən büllur bulaqlarımızın suları axır. 70 ildə də mövcud olan, lakin dağa-yaylağa gedəndə içə bildiyimiz, butulkalarda bir neçə günlük istifadə üçün evimizə gətirdiyimiz büllur bulaqların saf suları. Sudan söhbət düşmüşkən, 2014-cü ildən muxtar respublikamızda mütərəqqi suvarma sistemlərinin qurulmasını da vurğulamaq yerinə düşər. Yeni sistemin tətbiqi nəticəsində indiyədək 4479 hektar kənd təsərrüfatına yararlı torpaq sahəsi əkin dövriyyəsinə daxil edilmişdir. Bu isə yeni iş yerlərinin yaranması ilə yanaşı, həm də bol, keyfiyyətli məhsul deməkdir. Çünki su varsa, həyat var…
Mən... Sən... O...
Baxmayaraq ki, qədim və zəngin əkinçilik mədəniyyətinə malik olmuşduq, sən demə, tale yazısı bizi torpaqla bağlı bir xeyli çətinliklərlə də üz-üzə qoyacaqmış. Ömrünü-gününü zəhmətə, əkinə bağlayan insanların torpaqları – övladları əllərindən alınıb kolxoz, sovxozlara veriləcəkmiş. Bəli, belə də oldu. Torpağa sığal çəkən əllər xeyli qoyunlarda qaldı, sonra isə onsuz qala bilməyən insanlar öz torpaqlarında başqaları üçün işləməli oldular. Bu alın yazısına boyun əydiyimiz zaman artıq birliyimiz, kollektivçiliyimiz də tar-mar oldu. Sadəcə, hər kəs məvacib üçün məcburən bir yerdə işləməyə başladı. Artıq qədim əkinçilik mədəniyyətinin “müəllifi” olan bizlər “mən”lərə, “sən”lərə bölündük. Əməyimizin, zəhmətimizin sahibi isə başqaları oldu. Bu, nə az, nə çox, düz yetmiş il torpaq həsrəti yaşatdı insanlara. Dədə-baba torpaqlarının bağrını yaran traktor, kombaynları gördükcə hər dəfə, sanki ürəyimizə xəncər saplandı.
Sovet dönəminin tənəzzülə uğradığı, müstəqillik uğrunda mübarizələrə başladığımız illərdə ölkəyə rəhbərlik edənlərin səriştəsizliyi ucbatından yüzlərlə idarə, müəssisə, təşkilat bağlandı. İnsanlar öz iş yerlərini itirdilər. İnfrastrukturun dağılması kənd təsərrüfatına da ciddi ziyan vurdu, torpaqların əkilməsi zəiflədi. Əlacsız qalan insanlardan kimi çörəkpulu ucbatından qonşu ölkələrə işləməyə getdi, kimi şəhər, rayon, kəndlərdə, harada gəldi o vaxt komisyon mağaza dediyimiz “obyekt” açıb, kiçik alverə başladı, kimi də həyat yoldaşı, övladları ilə birlikdə üz tutdu dağlarımızın, düzlərimizin nemətlərini toplamağa. O nemətlər ki Ulu Yaradanın bu yerin insanlarına tükənməz ruzisidir və bütün çətin dövrlərdə onların köməyinə gəlib. Həmin nemətlərlə insanlar ən ağır müharibələrin, blokadaların acılı günlərindən övladlarının yanında üzüağ çıxıblar.
Torpaq bizim olanda
Əldə etdiyimiz müstəqilliyin ilk illərində Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri vəzifəsində işləyən ulu öndərimiz kənd təsərrüfatının inkişafının vacibliyini daim ön plana çəkərək bununla bağlı mühüm qərarlar qəbul etdi. Ali Məclisin 1992-ci il aprelin 6-da keçirilən sessiyasında “Naxçıvan Muxtar Respublikasında zərərlə işləyən kolxoz və sovxozlar haqqında” və “Rentabelli işləyən kolxoz və sovxozların ictimai mal-qarasının özəlləşdirilməsi barədə təkliflər haqqında” qərarlar qəbul edildi, bununla da Azərbaycanda torpaq islahatına ilk dəfə Naxçıvandan başlanıldı. Beləliklə, zəhmət adamları illərdən bəri əllərindən alınan torpaqların yenidən sahibinə çevrildilər. Bunun ardınca muxtar respublikamızın hər yerində quruculuq işlərinə başlanıldı. Düşünəndə ki, ölkəmiz müstəqildir, kəndlərimiz abadlaşır, toprağımız artıq özümüzündür, bu, insanlarda böyük ruh yüksəkliyi yaratdı. Torpaq sahibi olmaları xəbərini alan qonşu ölkələrə işləməyə gedənlər geri qayıtdılar. Komisyon mağaza “sahibləri” şəhərdəki müxtəlif ticarət obyektlərindən mal və məhsulları nisyə götürüb nisyə də satdıqları və xeyir götürmək əvəzinə, ziyana düşdükləri “obyektlərini” bağlayıb əkinə-biçinə başladılar. Bu işlərdə onlara həyat yoldaşlarının, övladlarının, yaxın qohumlarının kömək etməsi, bir də ən əsası dövlət dəstəyinin göstərilməsi – subsidiyaların verilməsi, torpaqların vergidən azad olunması, kənd təsərrüfatı məhsullarının sərbəst satışı üçün şəraitin yaradılması, güzəştli şərtlərlə kreditlərin və texnikaların verilməsi, aqrolizinq xidməti göstərilməsi, kənd təsərrüfatı məhsullarının satış yarmarkalarının təşkili və sərbəst ixraca yaradılan şəraitlə “mən”, “sən”, “o” yenidən bizlərə çevrildik, ailə təsərrüfatlarında birləşdik. Məhsulumuz ildən-ilə artdıqca, güzəranımız yaxşılaşdıqca, gəlirlərimizin ehtiyacımızı ödəyib artıq qalanı ilə özümüzə ev tikib yurd saldıqca, ata-babadan qalan köhnə evlərimizi təmir etdikcə, övladımıza təhsil verib, toy edib, cehiz aldıqca, damazlıq heyvanlar əldə edib yeni təsərrüfatlar yaratdıqca, ən əsası isə işsizliyin sayı sürətlə azaldıqca anladıq ki, torpaq ən yaxşı iş yeridir. Ali Məclis Sədrinin dediyi kimi: “...Yeni müəssisələr yaradılarkən muxtar respublikanın bütün rayonları üzrə əmək və xammal ehtiyatları, təsərrüfatçılıq ənənələri nəzərə alınmalıdır. Ailə təsərrüfatlarının yaradılması və inkişafı yeni istehsal müəssisəsi yaratmadan məşğulluq problemini həll edir, əhali gəlirlərinin həcminin artmasına müsbət təsir göstərir. Ona görə də ailə təsərrüfatlarının yaradılmasına üstünlük verilməlidir”.
Beləliklə, biz ailə təsərrüfatçıları olduq
Son 30 ilə yaxın bir dövrün blokada Naxçıvanının bütün sahələrini əhatə edən 24 illik inkişaf və tərəqqi iş yerləri torpaq olan insanların həyatında əsaslı dönüş yaratdı. Sovetlər dönəmində diyarımızın dağlarından, düzlərindən min bir zəhmətlə topladıqları nemətləri, dərman bitkilərini müəyyən qurumlara dəyərindən dəfələrlə ucuz qiymətə təhvil verən insanların ötən illərdə onları sərbəst, həm də özlərinin müəyyənləşdirdikləri qiymətə sata bilmələri, eləcə də kənd təsərrüfatının ayrı-ayrı sahələri – arıçılıq, bağçılıq, bostançılıq, heyvandarlıq, maldarlıq, quşçuluq üçün yaradılan şərait, göstərilən dəstək yeni-yeni ailə təsərrüfatlarının yaranması ilə nəticələndi. Ailə təsərrüfatlarının sayı çoxaldıqca işsizliyin sayı azalmağa başladı. Yadımdadır, 20-25 il bundan əvvəl övladlarını işsiz olduğu üçün evləndirə bilməyən ailələr var idi. Yaş keçir, yeni ailələr qurula bilmirdi. Dövlət qayğısı ilə indi torpaq elə bir gəlirli sahəyə çevrilib ki, iş yeri üçün onu seçənlərin maddi imkanları çoxlarından qat-qat üstündür. İşsizlik aradan qalxdıqca maddi rifah halı yüksəldi. Həm də cəmiyyət sağlamlaşmağa başladı. Bir vaxtlar gününü çayxanalarda keçirən gəncliyimiz vardı, bunu xatırlayanlar çox olar. Səhərdən axşamadək siqaret tüstüsünü ciyərlərinə çəkib, şaqqıltısı kəndin ayağından eşidilən “nərd çırpan” gənclərimiz indi övladlarını başlarına yığıb həm gözəl ailə başçısı, həm də ailə təsərrüfatı sahibinə çevriliblər. Torpaqsız günlər insanlara bir də bunu aşılayıb: torpağa sonsuz məhəbbəti, bu qiymətli sərvəti onların edənlərə qədirbilənliyi…
Zəhmət adamları qürur duyurlar
Qeyd etmək yerinə düşər ki, 2019-cu ilin muxtar respublikamızda “Ailə təsərrüfatları ili” elan olunması bir məqamı da təsdiqlədi: əsas məqsəd insan amili olan diyarımızda zəhmət adamlarına dəyər faktorunu. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2017-ci il 22 noyabr tarixli Sərəncamı ilə təsdiq olunmuş “Naxçıvan Muxtar Respublikasında ailə təsərrüfatının inkişafı ilə bağlı Tədbirlər Planı”nın 2019-cu il 18 yanvar tarixli Sərəncamla yenilənməsi, ailə təsərrüfatlarını dəstəkləmək məqsədilə Ailə Təsərrüfatları İctimai Birliyinin yaradılması sübut etdi ki, muxtar respublikamızda alimə, həkimə, müəllimə və zəhmət adamına eyni qayğı ilə yanaşılır. Bu həssas münasibətdən isə zəhmət adamları qürur duyurlar.
İllərdir, muxtar respublikada əhalinin zəruri ərzaq məhsulları ilə təmin olunması məqsədilə bir çox dövlət proqramları qəbul edilərək uğurla icra olunur. Hazırda sosial-iqtisadi inkişafla, meyvəçilik, tərəvəzçilik və arıçılıqla bağlı icrası davam etdirilən dövlət proqramları muxtar respublikada aqrar sahənin, eləcə də ailə təsərrüfatlarının inkişafına öz töhfəsini verməkdədir, “Ailə təsərrüfatı məhsulları” festivalları ilə yanaşı, “Göycə”, “Kətə”, “Arıçılıq məhsulları – bal” festivallarının keçirilməsi, ailə təsərrüfatlarının istehsal etdikləri məhsulların brendləşdirilməsi, qablaşdırma və dizaynların tərtib olunması, “İstehsaldan marketə” prinsipinə əsaslanaraq ailə təsərrüfatlarının taralarla təchiz olunması istehsal olunmuş məhsulun həm bazara itkisiz çatdırılmasına, həm də böyük alıcı rəğbətinin qazanılmasına imkan verib. Artıq başa çatmaqda olan ilə nəzər saldıqda görürük ki, “Ailə təsərrüfatları ili”ndə görülən çoxşaxəli tədbirlər muxtar respublikada belə təsərrüfatların inkişafına böyük stimul olub, bölgələrdə yeni təsərrüfatların formalaşmasına geniş imkanlar açıb. Bu gün muxtar respublikamızda 4000-ə yaxın ailə təsərrüfatı vardır ki, onun da 1000-ə yaxını ən qabaqcıllarıdır.
Rəqabət: ailə təsərrüfatından sahibkarlığa...
Etiraf edək ki, hansı sahənin sahibi olmasından asılı olmayaraq, biz insanların diqqətə, qayğıya ehtiyacımız var. Ötən illər ərzində zəhmət adamlarına göstərilən qayğı, ən əsası isə kənd təsərrüfatı yönümlü bütün festivallarda Ali Məclis Sədrinin iştirakı, ailə təsərrüfatçıları ilə söhbətləri, istehsal etdikləri məhsullara verdiyi qiymət, onların yanında aid qurumlara verilən tapşırıqlar, festivallarda zəhmət adamlarının mükafatlandırılması, ailə təsərrüfatlarının kiçik sahibkarlıq subyektləri kimi formalaşması, istehsal olunan məhsulların xüsusi əmtəə nişanı ilə satışa çıxarılması, kiçik ərzaq mağazalarından tutmuş böyük marketlərədək ailə təsərrüfatları məhsulları üçün guşələrin ayrılması, bütün bunların sayəsində alıcı marağının yaranması bu insanların ürəklərini dağa döndərdi. Bu qayğı qarşıdakı festivala, məhsul yarmarkalarına, bazarlara daha yaxşı məhsullar çıxarmağa stimul oldu. Beləliklə, ailə təsərrüfatları arasında rəqabət formalaşdı. Bu isə inkişafın ən başlıca amili olduğundan ailə təsərrüfatlarından sahibkarlığa doğru cığırlar açıldı. Ali Məclis Sədrinin də söylədiyi kimi: “Sahibkarlığın inkişafının bir yolu da ailə təsərrüfatlarının fəaliyyətini dəstəkləməkdən keçir. Çünki ailə təsərrüfatları həm yerli istehsalın həcminin artmasına və özünüməşğulluğun təmin olunmasına, həm də kiçik və orta sahibkarlığın inkişafına böyük təkan verir”.
Budur, 2019-cu ilin bitməsinə sayılı günlər qalır. “Ailə təsərrüfatları ili” başa çatır. Lakin muxtar respublikamızda belə təsərrüfatlar ilə bağlı görülən işlər qarşıdakı neçə-neçə illəri də əhatə etməklə 2019-cu ili torpaq, zəhmət ili, kiçik sahibkarlıqdan böyük sahibkarlığa aparan yol kimi tarixin yaddaşında saxlayacaq. “Ailə təsərrüfatları ili”nin ümumi mənzərəsində bir də görünən odur ki, torpaq, hava, su hər biri təklikdə hansısa canlını yaşada, təbii aləmi mövcud edə bilmədiyi kimi, bizlər də “mən”ə, “sən”ə, “o”na ayrılanda bir ola, birlik ola bilmərik. Birlik olmayan yerdə isə dirilik yoxdur.
Mətanət MƏMMƏDOVA