22 Dekabr 2024, Bazar

İndi şəhərli-kəndli axşamları gündüzlərindən də gözəl olan Naxçıvanımızı seyr edərkən şirin-şəkər uşaqlığımızın nağıllı axşamları canlanır gözlər önündə. Yaylı-qışlı günlərimizin sonunu tamamlayan nağıllı axşamlar... Günün ən sevimli və səbirsizliklə gözlədiyimiz vaxtı idi həmin axşamlar. Çünki həyatımız məktəbdən evə, evdən həyətdə oynamağa, oradan dərs oxumağadək hər gün təkrar olunan günlərdən ibarət idi.

Oxşar günlərin yeganə fərqi axşamlar nənə-babalarımızdan maraqla dinlədiyimiz nağıllar idi. Bu nağıllar yayda həyətlərimizdəki tut ağaclarının altına açılan, sanki dağlarımızın, yaylaqlarımızın min bir rəngli gülündən-çiçəyindən çalar alan xalça, palaz, kilimlərin üstündə, qışda isə isti sobanın ətrafında söylənərdi. Həyatlarını da bu nağıllara qatıb bizə söyləyən nənələrimizin hələ, sən demə, özünəməxsus nağıllı axşamları var imiş bir zamanlar. Həm də bizim axşamlardan çox fərqli. Qazın, işığın olmadığı dövrlərdə axşamlar yaxın qonşuların, onların uşaqlarının da təndir üzərində qurulan kürsü ətrafında mehribancasına bir-birinə sıxılıb çıraq işığında böyüklərin dərd-sərlərini paylaşmaları, kiçiklərinsə nağıl dinləmələri olurmuş. Zamanından asılı olmayaraq, biri varmış, biri yoxmuşla başlanan həmin nağılların o vaxtlar mövzusu şahların-padşahların 40 otaqlı imarətlərinin gözəlliyi, uşaqlarının bu gözəlliklər içərisində yaşaması, hansısa bir qəhrəman, igid oğlanın əjdahanın qarşısını kəsdiyi suyu onu öldürməklə kəndə gətirib insanların ehtiyacını ödəməsi idisə, uşaqlıq çağları 1980-ci ilin ortaları, 1990-cı illərə təsadüf edənlərin dinlədikləri nağılların mövzusu bunlardan xeyli fərqlənirdi. O nağılların mövzusu real həyatdan götürülmüşdü. 1905-1907, 1918-1920, 1948-1953-cü illərin hadisələrinin davamı olan və 1988-ci ildən yenə də təkrar edilən ermənilərin torpaq iddiaları, tamahları, törətdikləri qanlı faciələr, işğal olunub dağıdılmış rayonlarımız, axıdılan qanlar, itirdiyimiz igid oğul və qızlarımızın həyatı idi söylənən nağılların mövzusu. Uşaqlarla yaşıd nağıllar…

İnsanları böyük çətinliklərlə üz-üzə qoyan digər bir real həyat hadisəsi – Naxçıvanın ermənilər tərəfindən blokadaya salınması, yaranan problemlər çox-çox əvvəlki illərin isti soba ətrafındakından fərqli bir nağıl dünyası yaratmışdı. O illərin nağılları da təbii qazın, elektrik enerjisinin kəsilməsi ucbatından soyuq və işıqsız axşamlarda danışılırdı. Eynilə İkinci Cahan müharibəsinin acılarını yaşayan nənə-babalarımızın nağıllı axşamlarında olduğu kimi. Şirin nağılları ta ki dinləyim, – deyən uşaqların yorğana bükülməsinə baxmayaraq, bir neçə dəqiqədən sonra evin soyuğuna tab gətirmədiyi axşamlarda söylənirdi bu nağıllar. Yuxarıda sadaladığım mövzularla yanaşı, işıqlı şəhər və kəndlər, isti evlər, gözəl küçələr, yaşıl bağ-bağatlar, çeşidli meyvələr, uşaqların sevimlisi noğul, konfet, şirniyyatlar və bir də onların bəxtəvərliyinin əsas amili – çörək də bu nağılların başlıca mövzusuna çevrilirdi. Həmin nağılları dinlədikcə öz dünyaları unudulur, bu dünya içərisində yeni bir dünya qurulurdu: İşıqlı, isti, bol çörəkli, rəngbərəng şirniyyatlı, attraksionlu, kino­teatrlı bir dünya. Uzaqlaşıb öz dünyamızdan işıqlı küçələrdə dolaşır, bayırda uşaqlarla doyunca qartopu oynayır, isti evlərimizə qayıdır, islanmış əlcəklərimizi, corablarımızı yenidən oynamağa getməyimiz üçün isti sobanın ətrafına qurumağa qoyur, bol çörəkli süfrə ətrafında əyləşib şirin-şirin yemək yeyir, valideynlərimizlə istirahət mərkəzlərinə gedir, dünyamızın ən sevimli “dostları” olan attrak­sionlarda əylənir, axşamsa evimizə əllərimiz şirniyyatlarla dolu qayıdırdıq. Lakin bu dünyada heç də ürəyimiz istəyən qədər qala bilmirdik. Soyuğun təsirindən silkələnib bu xəyal dünyasından ayrılır, real dünyamıza – soyuq, buz kimi otağımızda çıraq işığında bir-birimizin üzünü ancaq görə bildiyimiz aləmimizə qayıdırdıq. O illərin nağılları həm də heç vaxt sonadək dinlənilmirdi. Buna uşaq dünyasına hakim kəsilən işıqsız, soyuq evlərimiz, bir də tez yatıb, erkən qalxaraq çörək, neft növbələrində sıra tutmaq kimi qayğılarımız imkan vermirdi. Bu nağıllı axşamların sonunu hər bir uşağın yaşamaq istədiyi, arzuladığı gündüzlərdə görə bilmədikləri tamamlayırdı…
O illərin xəyal dünyasından ayrılaraq günümüzə qayıdıram. Budur, axşam olur… Ən ucqar kəndlərimizdən belə, ətrafa gur işıqlar yayılır, hər yer nura qərq olub. Evlərin bütün otaqlarını “doyurub” bayıra səpələnən işıqlar adamın qəlbini qürur hissi ilə doldurmaqla yanaşı, diyarımızın inkişafından, həm də blokada həyatını hələ də yaşaya-yaşaya inkişafından xəbər verir. Zaman ötüb, dəyişilən çox şey olub. Lakin dəyişməyən bir amil də var: naxçıvanlıların qonaqpərvərliyi, səmimiliyi. Bu evlərin hansının qapısını döyüb “Qonaq istəyirsinizmi?” – desəniz, sizi gülər üzlər, bol süfrələr qarşılayacaq. Qışda füsunkar mənzərəsi ilə, yayda sərin, elə bu sərinliyinə görə də qonaqlı-qaralı kəndlərimizin axşamları mənalı, şirin nağıllı, gündüzləri gəzməli­-görməli, abad yollu, quruculuq ərməğanlıdır. Abadlaşıb müasirliyə qovuşan və təbii mənzərələri ilə gündüzləri bir tamaşa, axşamları min tamaşa Naxçıvan kəndləri. Və bu kəndlərimizin bənzərsiz axşamları… Həyətlərdəki tut ağaclarının kölgəsində borusundan qıvrıla-qıvrıla tüstü qalxan samovarlar… Ərik, alça, yulğun odunları ilə qaynayan bu samovarların, sanki onların ətrini alan suyundan dəmlənən pürrəngi, bir də onlarla dərdlərin dərmanı olan baldırğan, yarpız, həmərsin, çobanyastığı, qızılgül, qantəpər çayları axşamlar bu insanların həmdəmidir. Həmin axşamların yaraşığı badamın, cəvizin şaqqa-şaqla sındırılıb deyə-gülə yeyilməsi, süfrələrə Günəşdən, təmiz şəfalı sulardan qidalanaraq ərsəyə gələn təbii meyvələrin düzülməsidir. Belə axşamların gözəlliyi yayda bu yerlərə üz tutan qohum-əqrəbanın şaqraq gülüşləridir. O insanlar ki hər il gəldiklərində kənd­lərimizin bu qədər abadlaşmasını heyranlıqla qarşılayırlar. Axşamüstü abad, işıqlı yollarla kəndlərimizin axşam mənzərələrini seyr etmək üçün gəzintiyə çıxırlar.
Xeyr, Naxçıvan axşamlarının əsrarəngizliyi tək kəndlərimizlə bitmir. Rayon və kəndlərimizə geniş ağuşundan şırımlar açaraq onları bir ana qayğısı ilə ətrafında sıralayan Naxçıvan şəhərinin axşamları bir başqadır. Ötən illərdə qaranlıq axşamlarda dinlədiyimiz nağıllarda xəyalını qurduqlarımız illərdir, reallıqlara çevrilib. İndi şəhərimizin axşamlarının işıqlı küçələri gündüzlərindən də gözəl bir görüntü yaradır. Geniş, güllü-çiçəkli park və xiyabanları, əyləncə, istirahət mərkəzləri axşamlar böyüklü-kiçikli hər kəsi ağuşuna alır. Onlara gözəl istirahət bəxş edir. İllərdir, şəhərli-kəndli əkilən saysız-hesabsız ağaclar təbiət gözəli Naxçıvanımıza yeni bir yaşıl dünya da bəxş edib. Bura gələn qonaqları da heyran edən bu sıx yaşıllıq Naxçıvan axşamlarının doyumsuz mənzərəsini və sərin aləmini yaradır. Bu yaşıllıqların fonunda üz tutduğumuz onlarla ünvan – Mədəniyyət və istirahət parkı, Əyləncə və istirahət mərkəzi, Bazar gölü, “Saat Meydanı” turistik istirahət mərkəzi, “Uzunoba” ailəvi istirahət mərkəzi, kinoteatrlar, kafe və restoranlar Naxçıvan axşamlarının xoş, unudulmaz təəssüratını yaradır. Kəndlərimiz şəhərləşib, şəhərimizin istirahət mərkəzlərinə isə kəndlərimizin samovarı, min bir adlı bitkiləri, ləziz yeməkləri, təndir lavaşı, təbii məhsulları gətirilib. Naxçıvan bütövlükdə – rayonlu, kənd­li, şəhərli istirahətin arzuolunan məkanına çevrilib.
Naxçıvan axşamları… Bu axşamlarda uşaqların dünyasını bəzəyən növbənöv attraksionlar, əyləncə qurğuları, teatr və kino, oyun zalları onlara şirin, maraqlı “nağıllar danışır”. Bu nağıllar necə də diqqətlə dinlənilir. Bu nağıllar yarıda kəsilmir. Çünki indi hər bir uşağın işıqlı, isti evi, bol çörəyi, bir də o dövrdən çox fərqli olaraq, sadəcə, öz kiçik dünyalarına aid uşaq qayğıları vardır. Bu qayğılar oxumaq, oynamaq, istirahət etməkdir… Bütün bunları seyr etdikcə o illərin uşaqlıq dövrü ilə bugünkü uşaqlıq arasındakı müqayisəolunmaz fərq yenə də gözlər önünə gəlir, insanı düşündürür və düşündükcə də qürur duyursan ki, biz hansı günlərdən bu günlərə gəlib çıxa bilmişik. 25 ilə yaxın bir dövrün yorulmaz zəhmətinin sayəsində bu gün nail olduqlarımızın sahibinə çevrilmişik.
Bu əsrarəngiz axşamlarda küçələrlə yürüyən hər yaşdan olan insanlarla, xarici qonaqlarla qarşılaşdıqca Ana yurdunun gündüzləri qədər axşamları ilə də fəxr edir insan. Ona görə fəxr edir ki, qonaqlarımızın qarşısına bu gözəlliklərlə çıxa bilirik. Ona görə fəxr edir ki, naxçıvanlılar olmazın çətinliklərinə sinə gərib, söz birliyi, güc birliyi ilə bax bu gün gündüzləri axşamlara, axşamları gündüzlərə sakit, firavan şəkildə “təhvil verə” bilirlər.
Bir nağıldır Naxçıvan axşamları…Hər kəsə uşaqlıqda axşamlar dinlədiyi nağılları xatırladan nağıldır. Lakin o nağıllarla bu nağılların fərqi reallığında, gözlə görülə bilinməsindədir. Bir də ondadır ki, indi nənə-baba olanlar öz nəvələrinə blokadalı illərdə, 25 il bundan əvvəlki dövrlə bu illərin müqayisəsinin nağılını danışır bu axşamlarda. Naxçıvanın nağıllı axşamları gələcəyimiz olan uşaqlara dünəni tanıdır, bu günü sevdirir, bununla da onlara xoşbəxt gələcək vəd edir…

Mətanət MƏMMƏDOVA

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR